“Sifariş verdiyimiz musiqini oynamağımıza mane oldu”
Bizi izləyin

Qırmızı.az

“Sifariş verdiyimiz musiqini oynamağımıza mane oldu”

“Sifariş verdiyimiz musiqini oynamağımıza mane oldu”

Toyda başlayan davada həmyerlisini bıçaqlayana cəza kəsildi

Lənkəran sakini, 1989-cu il təvəllüdlü Əliheydər Əliyev həmyerlisi Əli Tağıyevi bıçaqlayaraq öldürməyə cəhd edib. Publika.az-ın araşdırmasına görə, hadisə 11 aprel 2013-cü il tarixdə baş verib.

Əliheydər Əliyev hadisəni həmin gün saat 08.00-da Lənkəran rayonunun Balıqçılar qəsəbəsində törədib. O, Xəzər dənizinin kənarında yerləşən 17 saylı gəmilərin (balıqçı gəmilərinin) yanalma məntəqəsinə gedən yolda həmin qəsəbə sakini Əli Tağıyev ilə mübahisə edib. Mübahisə zamanı Əliheydər Əli Tağıyevi bıçaqlayıb. Əli Tağıyev vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən həbs edilib.

Əliheydər Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Əliheydər Əliyevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Uzaqdan baxanda dava düşdüyünü bilmişəm"

Əliheydər Əliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini Əli Tağıyevi tanıyır, aralarında həmişə yaxşı münasibətlər olub:

"Aprelin 10-da Balıqçılar qəsəbəsi sakini Pərvizin toy mərasimində iştirak etmişəm. Toy mərasimində tanışlarım Aqil, Salam, Rəsul və qardaşım Fəridlə bir stolda oturmuşam. Həmin vaxtı Əlini də orada görmüşəm. Saat 21.00-da toydan çıxdım və evimə getdim. Təxminən bir saatdan sonra yenidən toy mərasimi keçirilən yerə tərəf qayıtdım. Ora gələrkən qəsəbə qəbristanlığının yaxınlığında adamların toplaşdığını gördüm. Buna görə də həmin yerə yaxınlaşdım. Orada 50-60 nəfərin bir-biri ilə dalaşmalarını görsəm də, orada kimlərin olmasını bilməmişəm. Həmin vaxt hava qaranlıq olub. Uzaqdan baxanda dava düşdüyünü bilmişəm. Lakin dərinliyə getməmişəm. Əlinin orada olmasını və döyüldüyünü eşitməmişəm".

"Dava olub, gəlin bunu aydınlaşdıraq"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qəbristanlığının yaxınlığında olan davada iştirak etməyib. Onun dediyinə görə, sonradan toy mərasimində Salamla Əlinin mübahisəsi olmasını eşidib:

"Səhərisi günü saat 08.00-da balıq ovuna getmək üçün Aqillə onun motosikleti ilə dənizə gedərkən mağazanın qarşısında Ağalarla görüşdüm. Elə bu zaman Salam bizə yaxınlaşdı. Salam dedi ki, axşam Ramazan ona zəng edib. Həmin vaxt Ramazan "bəs dava olub, gəlin bunu aydınlaşdıraq", deyə bildirib. Həmin vaxt bilmişəm ki, Ramazan bizi davaya görə çağırıb".

"Üstümüzə hücum etdilər"

Əliheydər Əliyevin ifadəsinə görə, bundan sonra Salam da motosikletə oturub və birlikdə dənizə tərəf gediblər: "Biz dəniz kənarı ilə gedərkən Əligilin həyətində 5-6 nəfər adamın toplaşdığını gördüm. Həyətdən Əli, Elxan, Ramazan, Ruslan və Sədrəddinin qaçaraq yola çıxdılar. Onlar bizdən dayanmağı tələb etdilər. Əli, Elxan, Ramazan, Ruslan və Sədrəddin qaçaraq motosikletin qarşısını kəsdilər. Aqil, Salam və Ağalarla görüşmək üçün motoskletdən yerə düşdük. Sonra isə Əligil üstümüzə hücum etdilər. Bu zaman dedim ki, çəkilin kənara, ancaq onlar yenə də üstümüzə gəldilər. Elə həmin vaxt cib bıçağını çıxardım və Əlini vurmaq istədim. Məqsədim Əlini qorxutmaq olub. Sonra Əli nalayiq söyüş söydü. Mən də bıçaqla onu vurdum. Bıçaqla vurandan sonra Əli yerə yıxıldı. Mən isə dənizə getdim. Sonra vurduğum bıçaq zərbəsindən Əlinin xəsarət almasını və Ramazanın Əlini xəstəxanaya aparmasını bildim".

""Qeyrətsiz" deyərək, bizi təhqir etdi"

Zərərçəkmiş Əli Tağıyev deyib ki, aprelin 10-da dayısı nəvəsi Pərviz Babaşovun toy mərasimində iştirak edib. Onun sözlərinə görə, toy mərasimində Eldar Babaşov, Elxan Babaşov, Sədrəddin Süleymanov, Raqif Sadıxov və Raqib Ağayevlə bir stol arxasında oturub:

"Toy mərasimində Elxan oynamaq üçün musiqi sifariş verdi. Salam Xankişiyev sifariş verdiyimiz musiqini oynamağımıza mane oldu və "qeyrətsiz" deyərək, bizi təhqir etdi. Salam sonra üstümə hücum çəkdi. Həmin vaxt Salama cavab vermədik. Toy sahibi Bayram Babaşov Ağaları, Rəsulu, Salamı, Aqili və Əliheydəri toydan çıxardı. Gecə saat 22.00-da Ağaların oğlu Anar toy mərasimi keçirilən çadıra gəldi. O, Elxanı küçəyə çağırdı. Elxan da onunla birlikdə çölə çıxdı. Təxminən 3-4 dəqiqədən sonra Elxan qayıtmadığı üçün Raqif, Eldar və Pəhləvanla birlikdə küçəyə çıxdıq. Küçədə dayım oğlu Elxanın iki "011" markalı avtomaşının arasında yerə yıxılaraq qaldığını gördük.

"Hansı şərəfsizlər bunu bu hala qoyublar" dedim. Bu zaman Aqil, Anar, Ağalar və Əliheydər üstümə cumdular. Orada Ağaların oğlu Anar taxta parçası ilə burnunun üstünə vuraraq mənə xəsarət yetirdi. Yerə yıxılandan sonra Aqil, Salam və Rəsul təpiklə vuraraq məni döydülər. Əliheydər və Ağalar məni vurmayıb. Əliheydər sadəcə orada olub. Orada həmkəndlim Ramazan döyülməyimə mane olub. Həmin şəxslər Ramazanı da döydülər. Döyüldüyüm üçün huşumu itirmişəm. Məni döyüldüyüm yerdən evimə gətiriblər".

"Onların gülməyi mənə pis təsir etdi"

Əli Tağıyevin sözlərinə görə, aprelin 11-də saat 08.00-da atası Allahverdi onu həyətə çağırıb və ondan kimlərin döyüldüyünü soruşub:

"Atama Novruz Babaşovun evinin qarşısından keçən yolda Salam, Aqil, Rəsul, Zahidin oğlu Ağabala və Ağaların oğlu Anar tərəfindən döyüldüyünü bildirdim. Həm də atama həmin vaxt Elxanın və Ramazanın da həmin şəxslər tərəfindən döyüldüyünü söylədim. Bundan sonra atam Ramazanı, Elxanı və Sədrəddini telefonla yaşadığımız həyətə çağırdı. Həmin şəxslər də bir neçə dəqiqədən sonra bizə gəldilər. Atam baş vermiş hadisə ilə bağlı onlardan soruşdu. Onlar da həmin hadisə barəsində atama danışdılar. Sonra isə atam "Elxanın maşını ilə polis şöbəsinə gedib, şikayət edin" deyərək paltarlarını dəyişmək üçün evə girdi. Mən isə Ramazana "bir neçə dəqiqə gözləyək, Nail, Elməddin və İdrak dəniz kənarına getsinlər və biz onları dənizə yola salandan sonra polis şöbəsinə gedərik", deyə söylədim. Buna görə də həyətdən dəniz kənarına tərəf çıxdım. Ramazan, Elxan və Sədrəddin də arxamca gəldilər. Bu zaman Əliheydərin, Salamın və Ağaların, Aqilin motosikleti ilə bizə tərəf gəldiklərini və bizə güldüklərini gördük. Aqil motosikleti təxminən 10 metr aralıda, dəniz kənarına dönən yolda saxladı. Onların gülməyi mənə pis təsir etdi. Salama yaxınlaşaraq "siz nə üçün, dünən məni döyərək, bu vəziyyətə saldınız" dedim. Salam da məni nalayiq söyüşlərlə təhqir etdi. Əliheydər isə mənə yaxınlaşdı. O, bıçaqla məni vurdu. Əvvəlcə ağrı hiss etmədiyim üçün Əliheydərə yaxınlaşdım. Ondan nə üçün bıçaqla məni vurduğunu soruşdum. Bədənimdən qan axdığını gördüm. Həmin vaxt orada olan Ruslan və Ramazan məni Elxanın maşını ilə xəstəxanaya apardılar".

Məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan edib. Əliheydər Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ittiham sübuta yetirilməyib. Buna görə də həmin ittiham üzrə Əliheydər Əliyevə bəraət verilib. Əliheydər Əliyev 126.2.4-cü maddəsi ilə təqsirli bilinib və məhkəmənin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm