“"Halal" kolbasaların tərkibində haram qidalar var” - İDDİA
Bizi izləyin

Qırmızı.az

“"Halal" kolbasaların tərkibində haram qidalar var” - İDDİA

“Halal kolbasaların tərkibində haram qidalar var” - İDDİA

Bu il aprelin 1-dən ölkədə AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan edilib. İndiyədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib. “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək.

Standarta əsasən, kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə "Bismillah, Allahu Əkbər!" deməklə başlamaq lazımdır.

Ekspert Fuad Ağayev publika.az-a açıqlamasında aprelin 1-dən ölkədə halal standartı ilə bağlı tətbiq edilən standartın tələblərə cavab vermədiyini deyir. O, bu qənaətə uzun illər qida standartları, islamda hala qida ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının qəbul qəbul etdiyi qaydalara əsasən gəldiyini deyib:

“Komitə tərəfindən hazırlanan standartlar İslam Əməkdaşlıq Təşkilatının tələblərinə uyğun deyil. Bu standart yalnız müəssisələr üçündür, sertifikasiya və akkreditasiyanı özündə əks etdirmir. Komitənin əsaslandığı İƏT halal standart, sertifikasiya və akkreditasiya standartı müəyyən edib. AzSert təşkilatının İƏT-in müəyyən etdiyi 3 standartın hansına əsasən sertifikat verdiyi bəlli deyil”.

Ekspertin sözlərinə görə, halal standartı verən qurumun tərkibində minimum üç şöbə-ilahiyyatçılardan ibarət şöbə, texniki audit şöbəsi və idarə heyəti olmalıdır. Bizdə isə bunların heç biri yoxdur. İƏT-ə üzv olan 57 ölkədə halal standart tətbiq edilərkən məhz bu üç standart əsas götürülür.

“Komitənin özünün təsdiq etdiyi halal standartı yoxdur. Bu sənəd hüquqi baxımdan tələblərə cavab vermir. Beynəlxalq konvensiyalara üzv olanda qaydaların hamısı qəbul edilir. Bizdə isə sertifikat oxşar məhsulların sertifikasiya qaydalarına uyğun seçilir. Məsələn, şampan şərabına verilən sertifikasiya kolbasalara tətbiq edilir. Bu tamamilə yolverilməz haldır. Üstəlik, yuxarıda qeyd etdiyib şöbələr yaranmamış sertifikat vermək düzgün deyil”.

F.Ağayev halal sertifikatı verilən kolbasaların tərkibində haram hesab edilən maddələrin olduğunu bildirib:

“Halal standartı verilən kolbasaların tərkibində karmin (E120) maddəsi var. Bu qida qatqısıdır, böcək və həşəratlardan hazırlanır. Islam dinində böcək, həşəratlardan alınmış qidaların qəbuluna yol verilmir. Onların tərkibində natrium nitrit (E250) maddəsi var. Bu maddə insan bədəni üçün çox zərərlidir, bədənə daxil olanda oksigeni blokadaya alır. Bu zaman metobolizm pozulur, xərçəng, polip tipli xəstəliklər yaranır. Belə olan halda, sertifikatın hansı əsasla verilməsi bəlli deyil.

Qəbul etdikləri standartda Geni Modifikasiya Olunmuş məhsullardan istifadə edilməsi müəyyən edilib. Qaydaya əsasən, məhsulun təkibində GMO olması barədə məlumatlar üzərində yazıldıqdan sonra, ondan istifadə mümkündür.

“Toxumçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlar, prezidentin 2012-ci il fərmanın ilə GMO-ların idxal edilməsi qadağan edilib. Mövcud standart həmin qanun və fərmana ziddir. Bu halda, qaydanı tətbiq etmək düzgün deyil”.

Ekspert bildirdi ki, halal məsələsi kəsim prosesində də pozulur:

“Standartlara əsasən, qəssablar şəriət üzrə sertifikat alan şəxslər olmalıdır. Amma komitə şəriət biliklərini yoxlaya bilməz. Bundan başqa, bizdəki standartda heyvanın həm əllə, həm də avtomat kəsiminə icazə verilir. Məhz avtomat kəsimə görə, islam ölkələrinin bir çoxunda bu standart qəbul edilməyib. Azərbaycanda kəsimin necə aparılmasına komitə qərar verə bilməz. Bunun üçün xüsusi fətva lazımdır.

Kolbasaların hazırlanmasında istifadə edilən yağ və piylərin tərkibi də yoxlanmalıdır. Komitədən deyilir ki, ət kəsiminə qarışmırlar, digər tərəfdən əməkdaşları Hindistanda ət kəsimini müşahidə edir. Həmin məhsulların tərkibində istifadə ediləcək qida qatqıları barədə də açıq məlumatlar verilmir.

Mindən artıq qida qatqısı var, onların yoxlanması üçün vahid siyahı olmalı idi. Bu siyahının təsdiq edilməsi üçün ilahiyyatçılar tərəfindən fətva verilməlidir. Halal sertifikatı verilən məhsulların tərkibindəki qatqıların izafi, yoxsa, mütləq zərərli olması barədə heç kim fətva verməyib. Dünya ölkələrində halal qida qatqıları barədə məlumatlar istehsalçıların saytlarında yerləşdirilir.

Dünyada jelatin ticarətinin 75% -i donuzdan və qeyri-islami yolla kəsilmiş heyvanlardan alınır. Amma bizdə məhsulların tərkibində bu maddədən də istifadə edilir. Qidaların tərkibindəki qlukomatlar (dadverici) islamda mübahisəli qidalar sırasına daxildir. Çünki dadvericilər beyinə impuls ötürür və asılılıq yaradır”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, Azərbaycanda halal qidalarla bağlı qəbul edilən standartlar İslam Əməkdaşlıq Təşkilatının tələblərinə tam uyğundur:

“Bu fikirləri irəli sürənlər, halal qida sertifikatı almaq üçün müraciət edib, müsbət cavab ala bilməyənlərdir. Bizim komitə təklif və müzakirələrə açıqdı. Hər hansı təşkilatın təklifləri varsa, müraciət etsin. Ola bilər ki, həqiqətən onların fikirləri əsaslı ola bilər. Biz standartı canlı orqanizm kimi qəbul edirik, ildən-ilə bunun təkmilləşdirilməsi, yenilənməsi mümkündür”.

Komitə rəsmisi qəbul olunmuş standartın İƏT-in normalarına uyğun olmaması ilə bağlı səsləndirlən fikirləri təkzib edib:

“Heç bir dövlət idarəsinin tərkibində ilahiyyat şöbəsi olmur. Sertifikatı komitənin akkreditasiya etdiyi sertifikatlaşdırma qurumu verir. Bu quruma da səlahiyyəti dövlət komitəsi verib. Onların tərkibində texnoloqlar yer alıb. Standartda yalnız heyvan kəsimində İslam dininin tələblərinə riayət edilməsinə nəzarət məsələsi boşluq qala bilər. Nəzərə almalıyıq ki, ət məhsulları istehsalında istifadə edilən xammal xaricdə kəsilərək gətirilir. Burada halallıq üçün ət kəsilən ölkədəki dini idarə tərəfindən verilən rəylər əsas götürülür. Bizim əməkdaşlar da həmin ölkələrdə olub, prosesi müşahidə ediblər. Azərbaycanda ət kəsimi reallaşsa, həmin idarəni Qafqaz Müsəlmanları İdarəsindən rəy almağa yönləndirəcəyik”.

Böcəkdən hazlırlanmış maddənin olmasına gəlincə, F.Talıblı bunun cəfəngiyyat olduğunu deyib:

“Bu çörəyin tərkibinə ölü dərmanının vurulması ilə oxşar fikirlərdir. Azərbaycanda insan orqanizmi üçün təhlükəsiz hesab edilən qida əlavələrinin siyahısı dərc edilib. Bu siyahıdan əlavə heç bir qida əlavəsi istifadə edilə bilməz. Hər sözə ciddi yanaşsaq, insanları çaşdırmış olarıq. Bu fikirləri səsləndirənlərin başqa maraqları ola bilər.

Azərbaycanda ət məhsulları istehsalı ən inkişaf etmiş sahələrdəndir. Bunu gözlə görmək üçün həmin müəssisələrə getmək lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm