• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sevil Əliyeva: “Heydər Əliyevin adını hallandırmayın...”

Sevil Əliyeva: “Heydər Əliyevin adını hallandırmayın...”

“Mən belə adamam. Belə doğulmuşam. Bunun xarakterimin bir hissəsi olduğunu deməyə çətinlik çəkirəm. Mən belə də doğulmuşam. Mən doğrudan da daxilən azad adamam. Ümumiyyətlə, qeyri-azad olmağımı heç təsəvvür də edə bilmirəm.


Deyə bilmərəm ki, bu, nə ilə bağlıdır. Ola bilsin ki, daxilən özümə inamlı olmağımla bağlıdır. Çünki mən özümə kifayət qədər inamı olan insanam. Lakin bu, çox yaxşı keyfiyyətdir. Çünki özünəinam hissi abırsızlıq və həyasızlığa zidd keyfiyyətdir. Özünəinam hissinə malik insanın nəyisə sübut etməyə ehtiyacı olmur.

Allaha şükür ki, mən belə bir ailədə doğulduğum, elə valideynlərim olduğu üçün çox xoşbəxtəm. Bilirsinizmi, Heydər Əliyev və Zərifə Əziz qızı kimi insanların övladlarından ötrü ən böyük xoşbəxtlik belə adamların övladı olmaqdır. Görünür, mənim həm də xarakterim belədir deyə bu, avtomatik baş verir: “Mən azad insanam, vəssalam!” Məndə heç bir məhdudiyyət yoxdur. Mən “limit” sözünü sevmirəm. Mən çərçivələri sevmirəm”.

Bu sözləri “Space” telekanalına müsahibəsində mərhum prezident Heydər Əliyevin qızı, indiki dövlət başçısı İlham Əliyevin bacısı, tanınmış bəstəkar və ictimai xadim Sevil Əliyeva deyib.

Publika.az virtualaz.org-a istinadla hazırda Londonda yaşayan Sevil Əliyevanın telekanalın prezidenti Vaqif Mustafayevə verdiyi müsahibənin tərcüməsini təqdim edir.

-Sevil xanım, vətən sevgisi çox vacib keyfiyyətdir. Digər mühüm keyfiyyət səmimiyyətdir. Pafosu əsl vətən sevgisindən məhz səmimiyyət ayırır. Mən “səmimiyyətlə: sizin...” ifadəsini uşaqlıqda başa düşmürdüm. Vətən sizin üçün nədir, nə deməkdir?

-Bildiyiniz kimi, dediyiniz bu iki keyfiyyətin ikisi də çox vacibdir. Çünki doğrudan da səmimi olan insan öz vətənini sevməyə bilməz. “Vətən” anlayışı “ailə” anlayışı kimidir. Mənim Vətənim, xalqım, Azərbaycan məndən ötrü mənim bir parçamdır. Onlar mənim ürəyimin bir hissəsidir. Mən bu xalqa mənsubam. Mən bu ölkəni dirçəldən, öz həyatını bütünlüklə öz ölkəsinə və xalqına həsr edən, öz xalqına xidmət edən bir insanın qızıyam. Məndən ötrü mənim ölkəm, mənim Vətənim elə mən özüməm. Vətən mənə elə canım qədər qiymətli və əzizdir. Mən özümü vətənimdən heç vaxt ayrı təsəvvür edə bilmirəm, ayırmıram. Mən vətənimin bir parçasıyam, vətən də mənim. Mən öz xalqımı və öz Azərbaycanımı dəlicəsinə sevirəm. Və çox darıxıram...

-Düha və yüksək insani keyfiyyətlər Heydər Əliyevin şəxsində çox unikal şəkildə çulğaşmışdı ki, bu da tarixdə çox nadirən görünən haldır. Yüksək insani keyfiyyətləri olmayan dahiləri, yaxud dahilik səviyyəsinə qalxa bilməyən gözəl xarakterli insanları çox görmüşük. Heydər Əliyevdə bu iki keyfiyyətin ikisi də vardı və onlar bir-birini tamamlayırdı...

-Bəli, Heydər Əliyev unikal şəxsiyyət idi. Onun dühası, onun ağlı, onun hamıya məlum olan bütün keyfiyyətləri doğrudan da Allah vergisi idi. Lakin bir çox insanlar onun necə böyük qəlbə malik insan, necə bir ata, necə bir baba, necə bir ailə başçısı, ər, anamın dostu olduğunu ola bilsin ki, bilmirlər. Mən atam kimi güclü insani keyfiyyətlərə malik olan ikinci belə qayğıkeş, diqqətcil, xeyirxah insanı təsəvvür edə bilmirəm. Anamı itirməyim mənim üçün böyük faciəyə çevrildi. Çünki mən anama çox sıx bağlı idim. Bu, məndən ötrü yeri heç cür doldurula bilməyən bir itki idi. Bilirsinizmi, bax onda atam məndən ötrü həm də anamı əvəz eləməyə başladı. Atam öz ailəsinə daim böyük diqqət və qayğı göstərirdi. Onunla istənilən an danışmaq, istənilən vaxt zəng vurmaq mümkün idi.

Yadımdadır, biz Moskvada yaşayanda qızım Kreml telefonu ilə atama tez-tez zəng vururdu. Atam işçilərinə deyirmiş ki, əgər zəng vuran adam nəvəm balaca Zərifədirsə, birləşdirin danışım. Atam çox həssas, səmimi insan idi. Qızım Zərifə həmişə istəyirdi ki, gedib babasının iş yeri ilə tanış olsun, onun harada işlədiyini görsün. Bir dəfə atam onu özünün Kremldəki kabinetində çay içməyə dəvət elədi. Qızım onda balaca idi deyə mən də onunla getdim. Lakin bu, qızımın istəyi və təşəbbüsü idi, o, mənsiz də gedə bilərdi. Atam nəvəsinin bu arzusunu yerinə yetirdi. Atam öz işçilərinə göstəriş verdi, xidmətçilər də çay süfrəsi açdılar. Biz Kremlə daxil olub atamın kabinetinə getdik (dediyim kimi, əsas qonaq qızım idi, mən onu sadəcə müşayiət edirdim). Bu isə atamın Kremldəki işçiləri üçün nəsə təzə hadisə idi. Onlar belə şeyi heç ağıllarına da gətirmirdilər. Bunu yalnız atam kimi insanlar - övladlarını və nəvələrini sevən əsl ata, əsl səmimi baba edə bilərdi.

Öz nəvəsini Kremlə dəvət edib onu qonaqlarını qarşılayırmış kimi qarşılamaq və onunla çay içmək... Qızımın arzusunu yerinə yetirmək atamdan ötrü çox vacib idi. Ümumiyyətlə, Zərifə bizim ailəmizdə həmişə ən əsas adam olub. Hər halda anamızdan ötrü də belə idi. Lakin təəssüf ki, anam nəvəsini çox az gördü. Anam vəfat edəndən sonra atam Zərifə Əziz qızının davamını, nəfəsini mənim qızım balaca Zərifədə görürdü.

Ya da götürək elə atamın oğlanlarımla ünsiyyətini. Biz Moskvada həmişə atamın mənzilində yaşamışıq. Yumşaq desək, bizi hökumət bağ evindən çıxarandan sonra atamla bir yerdə yaşadıq. Sonra atam Bakıya gəldi. Atamın Bakıdakı iqamətgahında mənim oğlanlarımla elə açıq söhbətləri, elə zarafatları olurdu, uşaqlar babaları ilə elə ağıllı və ciddi söhbətlər edirdilər ki, hətta Bəylər Əyyubov da gülməkdən özünü saxlaya bilmirdi.

Atam oğlanlarımla yoldaş kimi söhbət edirdi. Sanki eyni yaşıd idilər. Onlar istənilən mövzularda söhbət edirdilər. Atam uşaqların psixologiyasını bilir və onlarla elə dildə danışırdı ki, nəvələri özlərini həmyaşıd kimi hiss eləsinlər.

Biz Londonda yaşamağa başlayandan sonra isə atam hər gün London vaxtı ilə saat düz 6-da (onda Bakıda gecə yarı olurdu) mənə zəng vururdu. Mənimlə danışandan sonra uşaqların da hər biri ilə ayrı-ayrılıqda söhbət edirdi. Nəsə bir şey mənim xoşuma gəlməyəndə atam oğlumla danışanda söhbəti mənim xoşuma gəlməyən həmin məsələnin üzərinə gətirib bunu onunla müzakirə edirdi. Atam bunu özü edirdi.

Dəstəyi qızım Zərifə qaldıranda isə atam bir başqa cür sevinirdi. Atam həmişə deyirdi ki, Zərifə çox yapışıqlı danışır. Onlar həmişə zarafatlaşıb bərkdən gülürdülər. Telefonun dəstəyini mənə verəndə isə atam deyirdi ki, Süsya (biz qızımı evdə belə çağırırdıq) ilə artıq hər şey barədə danışıblar. Atam deyirdi ki, dəstəyi qızımın qaldırmağına çox şad olub, çünki atamın fikrincə, mən bir az “quru” danışıram...

Atamla hər gün zəngləşirdik. Əgər saatın əqrəbləri 08:10-08:15-i göstərirdisə və atam hələ zəng etmirdisə, onda mən özüm evə zəng vurub hay-küy salırdım ki, bəs atam hanı, o, necədir və s. Bu haqda atama məlumat verəndə o, təkrarən mənə zəng vurub niyə panikaya düşdüyümü, hay-küy qaldırdığımı soruşurdu. Onda mənə belə deyirdi: “Özün də bilirsən ki, atan sənə zəng edəcək. Atan sənə hər gün zəng edəcək. Amma indi məşğul idim, telefonla danışırdım. Amma özün də bilirsən ki, mən sənə zəng edəcəyəm”.

Mən isə atama ondan ötrü narahat olduğumu deyirdim.

Bütövlükdə götürəndə atamla mənim aramızda elə oxşarlıq, hansısa xüsusi bağlar var idi. Biz bir-birimizə hətta bircə kəlmə söz demədən də bir-birimizi başa düşür və duyurduq. Biz həmişə eyni xətt üzrə, eyni cür düşünmüşük. Bu da birinin bir şey haqda düşünməyə başlaması, digərinin isə həmin fikirləri davam etdirməsi kimi bir şeydir.

-Sevil xanım, “xronika” anlayışı məndən ötrü nəsə quru və formal bir şeydir. Amma Heydər Əliyev elə unikal şəxsiyyət idi ki, öz inanılmaz xarizması ilə bu xronika anlayışının özünə də bədiilik elementi gətirmişdi. Yadımdadır, necə oldusa, iş yerində nəvələrini qarşılamağının xronikasına baxdı. Onda onun nəvələrinə, doğmalarına münasibətinin hərarət və ilıqlığı mənim içimi titrətmişdi...

-Hə, bilirsiniz ki, belə xronikalar azdır. Yəqin ona görə ki, mən fotoşəkil çəkdirməyi, kamera ilə çəkilməyi sevmirəm. Prinsipcə deyə bilərəm ki, mən pablisitidən qaçan adamam. Çoxu bunun həvəskarıdır. Mən isə bu baxımdan tamam fərqli insanam.

Allaha şükür ki, özümü göstərməyimə, özümü təsdiq və ya sübut etməyimə ehtiyacım olmayıb. Mənim cəmi 14 yaşım olanda atam birinci katib seçildi. Sevil Əliyevanın kim olduğunu onda artıq hamı bilirdi. Mən belə şeylərə öyrəşmişəm, mən bununla böyümüşəm. Bu xasiyyətim mənə ola bilər ki, anamdan keçib, çünki anam da kadrlarda olmağı, obyektivlər qarşısında olmağı qətiyyən sevmirdi. Yadımdadır, hətta sovet vaxtı indi atamın adını daşıyan Lenin sarayındakı tədbirlərə gedəndə də biz həmişə hamıdan əvvəl gəlib boş zala daxil olardıq. Anam heç kimin onun zala daxil olmağını görməsini istəmirdi. Anam birinci katibin həyat yoldaşı idi. Anamın özü də çox böyük şəxsiyyət idi. Anam böyük bir adamın qızı idi və özü də çox böyük insan idi. Anamın böyüklüyü, əzəməti onun sadəliyində idi. Bilirsinizmi, böyük insanlar həmişə sadə olurlar. Anam uşaqları ilə zala daxil olanda mühafizəçilərə xəbərdarlıq edirdi ki, televiziya işçiləri onu çəkməsinlər. İndi bu gün kadrlar lazımdır, amma onları tapmaq çox çətindir.

Bu, yəqin ki, genetikadır. Amma mən də anam kimiyəm. Siz deyirsiniz ki, həmin xronikalara minnətdarsınız, amma onlar azdır. Ümumən sizə deyim ki, mənim anlamımda atamın ən dəyərli keyfiyyəti onun sevmək bacarığı və istedadı idi. Bu, çox nadir keyfiyyətdir və o, adətən seçilmiş adamlara bəxş olunur. Hər adam buna qadir deyil. Sevmək istedadı atama ilahidən verilmiş vergi idi. O, öz həyat yoldaşını, öz ailəsini, uşaqlarını, nəvələrini dəlicəsinə sevirdi.

Yadımdadır, biz harasa uçanda mən ona həm uçuşdan əvvəl, həm də təyyarə yerə enən kimi zəng vurub hər şeyin qaydasında olduğunu deməli idim. Təyyarəmiz yerə enən kimi mən o dəqiqə qəbul otağına - Tariyelə (Heydər Əliyevin köməkçisinə-red.) zəng vurub deyirdim ki, mənzilbaşına çatdığımızı atama desin. O da harasa uçanda belə edirdi. Mən Tariyelə zəng vururdum, o da dəstəyi atama verirdi. O zaman atam rəsmi şəxslər tərəfindən qarşılanmasına baxmayaraq dəstəyi alıb mənə deyirdi ki, “Sevuş, hər şey qaydasındadır, çatdım, sonra özüm sənə zəng edərəm”. O, bax, belə insan, belə ata idi.

-Sevil xanım, böyük Heydər Əliyevin oğlu və qızı var. Həyat göstərdi ki, böyük Heydər Əliyevin böyük qızı və böyük oğlu var. Siz həm xarici görkəmcə, zahirən, həm də daxilən atanıza çox oxşayırsınız. Zəhmət olmasa deyin, Heydər Əliyevin əsasən hansı cizgiləri sizdə davam edir?

-Bilirsiniz, mənə elə gəlir ki, mən hər şeydə öz atama oxşamışam. Qızım məni “atamla əkiz qız” adlandırır. Heydər Əliyev müstəqil Azərbaycanı qurub, saxlayıb, müdafiə edib, gücləndirib və insanlara verib. Bu gün əsas sərvətimiz budur. Ancaq Heydər Əliyevin bizə miras qoyduğu bu maddi dünyadan istifadə edərkən liderin bizə vəsiyyət etdiyi mənəvi prinsipləri də yaddan çıxarmamalıyıq.

Maddiyyatla mənəviyyatı müqayisə etmək prinsipcə düzgün deyil. Bunlar tamamilə fərqli iki anlayışdır. İnsanın maddi və əxlaqi tərəfi artıq onun xarakteridir, onun təbiətidir. Təəssüf ki, bu keyfiyyətlər heçə gedir. İnsanlarda ancaq maddi tərəf önə çıxır. Bu, olduqca kədərlidir, çünki insanın mənəvi-əxlaqi tərəfi əsasdır. Əgər insanın əxlaqı və mənəviyyatı yoxdursa, onda o, heç adam deyil, sadəcə olaraq varlıqdır. Mənim üçün bu cür adamlarla danışmaq ayrı-ayrı dillərdə danışmaq kimidir. Bu, mənim dünyam deyil, mənim üçün başadüşülməzdir. Maddi rifahın olması yaxşıdır, aydındır ki, hər adam yaxşı yaşamaq istəyir. Bunlar tamamilə fərqli şeylərdir. Lakin bütün bunların əsası tərbiyədir, ənənədir, mədəniyyət, əxlaq və mənəviyyatdır. Ona görə də əxlaqsız və mənəviyyatsız adam heç adam deyil.

Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi, vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar... Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil.

-Sevil Heydərovna, biz nəsə qeyri-normal adamlar haqda danışmağa başladıq, gəlin...

-Qeyri-normal adamlar haqda əslində siz danışmağa başladınız və düzünü desəm, bu, mənim xoşuma gəlmir. Ancaq təəssüf ki, belə adamlar var.

-Mənə elə gəlir ki, hər şey səmimi münasibətlərdən asılıdır. Bu dünyada yaşayan istənilən adam Heydər Əliyev kimi səmimi yaşamalıdır. Və Allah sizə can sağlığı versin, Sevil Heydərovna. Siz xoşbəxt adamsınız, çünki siz Heydər Əliyevin qızısınız. Siz xoşbəxt anasınız, sizin gözəl övladlarınız var. Bunlar ən böyük xoşbəxtlikdir...

-Bəli, bu, ən böyük xoşbəxtlikdir və ona görə də mən özümü xoşbəxt hesab edirəm. Çünki belə valideynlərin övladı olmaq böyük xoşbəxtlikdir, bu, nadir xoşbəxtlikdir və mənə qismət olub. Və mən bunu çox dəyərləndirirəm və fəxr edirəm.

-Mən əvvəldə dedim ki, uşaqlıqda “səmimi qəlbdən: sizin...” frazasını başa düşmürdüm. Bilirsiniz, məktubun sonunda belə yazırdılar. “Səmimiyyətlə: sizin...” necə olmaq olar? Siz necə hesab edirsiniz?

-Yox, mən belə ifadədən istifadə etmirəm, çünki hansısa formal ifadələri xoşlamıram. Ola bilsin özüm haqda belə danışmağım yaxşı deyil, ancaq mən səmimiyəm və sözü birbaşa deyirəm. Nə fikirləşirəmsə, onu deyirəm. Mən təmiz və ədalətliyəm və öz keyfiyyətlərimlə fəxr edirəm. Və mənim çox güclü xarakterim var. Ola bilsin bu, kimin üçünsə nöqsandır, ancaq mənim üçün ləyaqətdir. Mən təbiətin mənə bəxş etdiyi hər şeylə fəxr edirəm. Özümə çox inanıram.

-Sevil xanım, gözəl və səmimi söhbətə görə çox sağ olun. Söhbəti hansı sözlərlə bitirmək istərdiniz?

-Təbii ki, mənim özümün müəyyən formam var, mən belə deyirəm: “Sizin Sevil Əliyeva. Sizin. Həmişə sizin. Sizin hamınızı - bütün yaxşı adamları bağrıma basıram”.







Xəbər lenti

DAHA ÇOX XƏBƏR