Bu gündən kolleclərə ərizə qəbulu başlayır
Bizi izləyin

Qırmızı.az

Bu gündən kolleclərə ərizə qəbulu başlayır

Bu gündən kolleclərə ərizə qəbulu başlayır

Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən publika.az-a verilən məlumatına əsasən, ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaq.

Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi orta təhsil müəssisələrində 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən özləri təsdiqləyə bilərlər. Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız riyaziyyat fənni üzrə verən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dilində olan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun ana dili fənnindən imtahan verirlər.

Qəbul imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlər ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 19-dan 29-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməlidirlər.

Qeydiyyat komissiyaları hər gün saat 9-dan 17-dək fəaliyyət göstərəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə turda iştirak edir. Seçmə turlar TQDK tərəfindən təşkil edilən Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm