Müəllimlərin sınaq qiymətləndirilməsi olacaq
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin sınaq qiymətləndirilməsi olacaq

Müəllimlərin sınaq qiymətləndirilməsi olacaq

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən publika.az-a verilən xəbərə görə, prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.

Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə imzalanan əmrdə bu ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılması tapşırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, paytaxtın ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahılarının bir həftə müddətinə hazırlanmasını təmin etsin, mayın 25-dək hər bir ixtisas üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirləri görsün, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəzi, hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirsin.

Bundan əlavə, təhsil idarəsinə sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyətin məlumatlandırılmasını, sınaq qiymətləndirmədə bütün müəllimlərin iştirakını, sınaq qiymətləndirmə başa çatdıqdan sonra cavab kartlarının yoxlanılmasını təşkil etməsi və nəticələri rəhbərliyə təqdim etməsi qeyd olunub. Nazirliyin aidiyyəti şöbələri birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etməli və müəllimlər əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlamalıdır.

Nazirliyin Elm və ali təhsil şöbəsi, Məktəbəqədər və ümumi təhsil şöbəsi, İnsan resursları şöbəsi, Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Nazirliyində həyata keçirilən Layihələrin Əlaqələndirmə Qrupu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna tapşırılıb ki, sınaq qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurrikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər. Bakı şəhərində yerləşən dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, müəyyənləşdirilmiş vaxtda müəllimlərin sınaq qiymətləndirmədə iştirakını təmin etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm