Azərbaycan və Fransa arasında 7 sənəd imzalanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Fransa arasında 7 sənəd imzalanıb

Azərbaycan və Fransa arasında 7 sənəd imzalanıb

Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

Fransa ilə Azərbaycan arasında "Elmi əməkdaşlıq haqqında" Sazişi Fransa tərəfdən Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva Bürosunun direktoru Mişel Tararan, Azərbaycan tərəfdən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıblar.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında "Əməkdaşlıq haqqında" Sazişi Fransa tərəfdən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıblar.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Energetika Nazirliyi ilə Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu isə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın energetika naziri Natiq Əliyev imzalayıblar.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikası Qadın Hüquqları, Şəhər Gəncləri və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında inzibati anlaşmanı Fransanın qadın hüquqları, şəhər gəncləri və idman naziri Najat Valud Belkasem və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində niyyət məktubunu Fransa tərəfdən ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönevye Feraso, Azərbaycan tərəfdən isə təhsil naziri Mikayıl Cabbarov imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland prezidentlərin birgə bəyanatını imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm