• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hacı Şahin: “Həzrəti Əlidən pəhləvan obrazı yaradıblar”

Hacı Şahin: “Həzrəti Əlidən pəhləvan obrazı yaradıblar”

Dinlə sənətin münasibətləri həmişə ziddiyyətli olub. Tarix sənət adamlarını təqib edən kilsələr, məscidlər, cərəyanlarla “zəngindir”.

Son dövrlər dini kəsimin böyük hörmətini qazanan, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahinlə sənətlə dinin münasibətləri barədə söhbətləşdik.

- Bizim üçün maraqlıdır, Hacı Şahin dini ədəbiyyatdan başqa hansı sahələrə aid kitablar oxuyur?

- Fəlsəfə ilə maraqlanıram. Xüsusən də, Qərb fəlsəfəsi ilə. Ən çox Nitsşeni, Freydi oxuyuram.

- Bəs bədii ədəbiyyat?

- Klassik Azərbaycan ədəbiyyatına üz tutduğum olur. Qəzəl oxuyuram. Klassiklərdən Füzulini, Nizamini, müasir şairlərimizdən isə Ramiz Rövşəni çox sevirəm.

- Ramiz Rövşənin “İlahi, səndən də sındı ürəyim, Məni küsdürənin yekəsi sənsən” tipli misralarına görə dindar kəsim onu qınayır, hətta ateist adlandırıb deyirlər ki, o, Allaha üsyan edir.

- Ramiz Rövşəni ateist kimi təqdim etmək yanlış düşüncədir. Şeirin öz dili var, bu mənada şair məcazi anlamlara müraciət etməlidir. Şeir konkretliyi sevmir, onda təxəyyül olmalıdır. Ona görə də Ramiz Rövşənin şeirlərindəki bu kimi fikirləri məcazi anlamda qəbul etməliyik. Şərq poeziyasında buna daha çox diqqət yetirilir. “Mey”, “meyxana” deyəndə daha çox ilahi eşq yada düşür. Bəzi insanlar isə bunu şərab kimi anlayır. Bu yanaşmaları küfr kimi qəbul etmək gülüncdür.

- Ümumiyyətlə, dini ədəbiyyatda şairlərə qarşı iki cür yanaşma var. Onlar həm peyğəmbərlərdən sonra ikinci şəxs kimi qəbul edilir, həm də yalançı, azğın kimi.

- Şairə qiymət verməyin tərəfdarıyam. Dinimiz də bunu buyurur, biz də bu fikirdəyik. Ancaq şairlərə qarşı yanaşma birmənalı deyil. Hədislərdə bəzən şairlik yüksək titul, dəyər kimi təqdim edilir, bəzənsə, tənqid edilir. Bu onların yazdıqları ilə bağlıdır. Onlar öz əsərlərində dəyərləri tərənnüm edirlərsə, yüksək də tutulurlar. Şeir və şairliyin tam olaraq inkar edilməsi məntiqsizdir. Şeiriyyat həqiqəti gözəl şəkildə insanlara çatdırmaq üçündür.

- Bəs həqiqətənmi onlar peyğəmbərlərdən sonra ikinci şəxs sayıla bilərlər?

- Hədislərdə alimlərin peyğəmbərlərdən sonra yüksək dərəcəyə malik olduqları yazılır. Deyilir ki, alimlər peyğəmbərlərin varisidir. Əgər şeir yazan insan alimdirsə, yüksək ideyaları, mənəvi dəyərləri tərənnüm edirsə, yaradıcılığında ədəbiyyatla elmin vəhdəti yer tutursa, onlar da peyğəmbərlərin varisi hesab oluna bilər.

- İslam şəriətində rəssamlıq və heykəltəraşlıq haram buyurulur. Burada haram olan nədir?

- İslam şəriətində rəssamlıq və heykəltəraşlıqla bağlı fikir birmənalı deyil. Bir sıra şəriət alimləri əsərdə bədənin bütün üzvlərinin tam şəkildə əks etdirilməsinin qadağan olduğunu deyir. Din bədənin tam təcəssümünü səhv hesab edir. Ancaq din büstlərin qoyulmasına, bədəni tam əks etməyən rəsm əsərinə icazə verir. İslamın yayıldığı ölkələrdə, əsasən, xəttatlıq və nəqqaşlıq inkişaf edib.

- Toxunduğumuz mövzulara dində birmənalı yanaşma olmadığını deyirsiniz. Bəs elə bir səhih dini ədəbiyyat yoxdurmu ki, ona əsasən nəyin doğru, nəyin yanlış, nəyin halal, nəyin haram olduğunu bilək?

- İstənilən elmdə ixtilaflar, fikir ayrılıqları var. O cümlədən, ilahiyyatda. Bu, insanlara Allah tərəfindən verilmiş hüquqdur. Onların məsələyə fərqli yanaşması təbiidir. Bəzən həqiqət elə fərqli yanaşmalarda üzə çıxır. “Qurani-Kərim” ümumi qaydaları bizim üçün bəyan edib, amma bütün hökmləri “Quran”da tapmaq olmur, eləcə də hədislərdə. Ümumiyyətlə, Allah bir çox şeyləri insanların öz ağlının ixtiyarına buraxıb. Din alimləri də müəyyən məntiqi dəlillər əsasında şəriət hökmləri çıxarırlar. Konkret bir göstərişin olmaması, əslində, insana sayğının əlamətidir. Allah insana hörmət etdiyindən ona hər şeyi bildirmir. Şəxsiyyətin təsdiqi üçün halal və haramın ümumi prinsiplərini bəyan ediblər.

- Teatrla, filmlə aranız necədir?

- Teatra gedirəm. İslam mənəvi ovqatın incəsənət vasitəsilə insanlara aşılanmasının tərəfdarıdır. “Quran”ın özü bədii üslubda yazılıb. O təkcə Tanrı sözünü bizə çatdıran kitab deyil, həm də gözəl şəkildə çatdıran bir kitabdır. Dinimiz Allahı tanımaq üçün incəsənətdən istifadəni bəyənir.

Ümumiyyətlə, qədim dövrlərdə Azərbaycanda meydan tamaşaları olub. İslamdan öncə qədim türklər yuğ mərasimləri keçiriblər. İslam yayıldıqdan sonra artıq Kərbəla vaqeəsi ilə bağlı təziyyə mərasimləri təşkil olunub, daha sonralar bu hadisə şəbeh janrında səhnələşdirməyə başlanıb. Dini tamaşa dedikdə, meydan oyunları nəzərdə tutulur. Şərq teatrının Avropa teatrından əsas fərqlərindən biri budur ki, tamaşa meydanda qurulur və aktyorlarla tamaşaçılar arasında baryer olmur, tamaşaçı da tamaşanın iştirakçısına çevrilir.

- Bax tutaq ki, mən sizdən İslam dini ilə tanış olmaq üçün film siyahısı istəyirəm. Mənə hansı filmlərə baxmağı məsləhət görərdiniz?

- Təəssüflə deyim ki, bu gün dinimizi yüksək şəkildə çatdıra bilən filmlərin sayı çox azdır. Türkiyə və İran kinematoqrafiyasında belə bir ənənə formalaşıb. Düzdür, bu filmlərin özündə də primitiv cəhətlər var. Əslində, film və teatr birbaşa dini təbliğ etməsə də, mənəviyyatı çatdırmalıdır. Din yalnız ibadətlə məhdudlaşmır, istənilən dəyər ilahidir.

Müəyyən texniki imkanlar hesabına xarici ölkələrdə istehsal edilən filmlərin keyfiyyəti yüksək olur. Ancaq təbii ki, bəzən filmlərdə təhriflər də olur. Dini dolğun şəkildə çatdırmaqdan söhbət gedə bilməz. Müsəlman ölkələrində dini dəyərləri təbliğ edən əsərlər elə də çox deyil. Dini teatr, dini film ənənəsi yoxdur. Əslində, incəsənətin, elmin sərhədi olmamalıdır. Ancaq bəzən kütləvi mədəniyyət əxlaqsızlığın xidmətində olur.

- Bəs filmlərdə Məhəmməd Peyğəmbərin üzünün göstərilməməsi hansı əsasa söykənir? Əksi dinimizin təbliği üçün daha faydalı olmazdımı?

- Bu, yenə də şəriət mövzusudur. Bir çox din alimləri bunun yolverilməz olduğunu deyirlər. Bu, peyğəmbərin şənini aşağılamaq hesab olunur. Düzdür, peyğəmbər də insan olub, ancaq adi insan olmayıb axı. Hər hansı bir şəxs onun rolunu ifa edirsə, onu bütün gözəlliyi ilə çatdıra bilməz.

- Peyğəmbərin karikaturasının çəkilməsi dünyanı silkələmişdi. Necə düşünürsünüz, din sənətə nə dərəcədə müdaxilə edə, qadağa qoya bilər? Sənətin mövzusu dindirsə, “stop” deyiləcək məqamlar olmalıdırmı?

- Məncə, toxunulmaz olan dəyərlər var. O dəyərləri təhqir etmək heç nə ilə izah oluna bilməz. Müqəddəs dəyərlərin məsxərəyə qoyulması onların aşınmasına səbəb ola bilər. İstənilən dini məsələ tənqid oluna bilər, biz dinə toxunulmazlıq statusu verə bilmərik. Amma sənətin sərhədlərinin genişliyi təhqir həddinə çatmamalıdır. Peyğəmbər məsxərə obyektinə çevrilə bilməz. Bunun bəraəti yoxdur.

- Tamaşa və filmlərimizdə açıq-saçıqlığı sənət kimi qəbul edə bilirsiniz?

- Müəyyən normaların qorunması məqsədəuyğundur. Çünki onlar insanların fikir və əxlaqını formalaşdırır. Bu işlə məşğul olanlar anlamalıdır ki, necə müqəddəs bir işə xidmət edirlər. Açıq-saçıqlıq və bayağılığı təbliğ etməklə yeni nəslin zövqünü korlayırıq və sonra da onlardan şikayətlənirik. Din heç də keçmişin keşiyində dayanmır, sadəcə, yenilik ağıl və mənəviyyat süzgəcindən keçməlidir.

Açıq-saçıqlıq olan filmlər dövlət sifarişi ilə çəkilmir. Ancaq müəyyən bir tənzimləyici normanın olması vacibdir.

- Bir neçə dəfə şahidi olmuşam, hansısa tamaşada açıq-saçıq səhnələrə görə hicablı qadınlar aqressiv şəkildə teatr zalını tərk ediblər. İbadət əhlinin belə tamaşaya baxması qadağandır? Şəxsən siz belə bir şeyə görə zalı tərk edərdiniz?

- Məncə, insan əvvəlcədən hara getdiyini, nəyə tamaşa edəcəyini bilməlidir. Bunu müəyyən etmirsə, burada o, özünü qınasın. Dinimiz incəsənət üçün müəyyən çərçivə müəyyən edib. Əxlaq və mənəviyyatdan kənara çıxmaq olmaz. Kimsə dözümlülük göstərirsə, kimsə də aqressiv yanaşa bilər. Bu barədə fikir yürütmək çəindir.

- Məncə, burda incə bir məqam da var, bir var açıq-saçıqlıqla əxlaqsızlıq təbliğ edilir, bir də var, həmin səhnə insan faciəsini göstərir. Belə olanda bu tamaşada rol alan aktyorlar və ya onu izləyən bizlər günaha batırıqmı?

- Dini baxımdan bu məsələyə yanaşanda həmin məqamlar gözlənilməlidir. Dinin müəyyən etdiyi çərçivə məhdudlaşdırmır, sadəcə, insan meyillərinə, hisslərinə tərəf yox, onun əksinə getdikdə azad sayılır.

İnanc sağa-sola sapmanın qarşısının alır. O, tormozlayıcı faktor deyil, ancaq hər hansı əxlaqsızlığı müasirlik, elmin inkişafı adıyla təqdim edə bilmərik. Əxlaq elmin önündə getməlidir.

- Müqəddəs şəxslərin ədəbiyyat və tarixdə fərqli obrazları ilə qarşılaşırıq. Məsələn, sufilər Həzrəti Əlinin həyatındakı dramatizmdən bəhrələnib, onu bir obraz kimi götürür, öz ideyalarını yayırlar. Ancaq tarixi mənbələrdə Xəlifə Əlinin yetərincə ortodoksal, şəriətçi bir obrazı var. Bu mənada tarix və ədəbiyyatın təqdim etdiyi Əli arasında hansı fərqlər var?

- Ümumiyyətlə, dini şəxsiyyətlər bizim beynimizdə təhrif edilmiş şəklə düşüblər. Biz onların çoxu haqqında yanlış düşüncəyə malikik. Bunu Həzrəti Əli, İmam Hüseyn, Kərbəla hadisələri haqqında da demək olar. Bizdə xurafatla qarışmış bir təsəvvür yaranıb. Məsələn, bəzi hallarda Həzrəti Əlidən yalnız döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən bir pəhləvan obrazı yaradıblar. Düzdür, o döyüşlərdə şücaət göstərib, ancaq o, ilk növbədə ilahi bir övliyadır, elm xadimidir, kamil insandır. Onların hansısa xüsusiyyətini qabardıb, digərlərini unutmamalıyıq. Bu mənada müəyyən yanlışlıqlar var.

Ədəbiyyatın məcaziliyini, təxəyyül elementlərini qəbul etməliyik, ancaq bu təxəyyül şəxsiyyətləri gözdən salacaq dərəcədə olmamalıdır. Müqəddəs şəxsiyyətlər haqda düzgün təsəvvürə malik olmaq üçün tarixə müraciət etməliyik. Şairlərin sözü sənəd kimi qəbul edilmir.

- Axır vaxtlar meyxanaçılar haqq yoluna gəldiklərini deyib sənətdən ayrılır, Həccə gedirlər. Ancaq sonra onları yenidən deyişmələrdə görürük. Nə məsələdir?

- Meyxananın özü bir ədəbi janrdır, folklor nümunəsidir. Meyxana demək haram deyil. Bu, yenə də deyilən sözün məzmunu ilə bağlı olan bir şeydir. Dini dəyərləri meyxana vasitəsilə çatdırmaq vacib hesab olunmur.

Meyxanayla insanlar bir-birini təhqir etmirsə, əyləncə, xoş ovqat yaradılırsa, din buna qadağa qoymur.

- Elə müğənnilər var ki, sanki insanlarda, xüsusilə, dini kəsimdə rəğbət yaratmaq üçün dini mövzulara müraciət edirlər. Ancaq musiqinin səviyyəsi insanları qane etmir. Bayağı mahnılarda Allahın, müqəddəs şəxslərin adlarının çəkilməsi nə dərəcədə doğrudur?

- Dini, ilahi musiqi adlandırılan janrın səviyyəsindən narazıyam. Azərbaycanda bu məsələ çox bayağılaşıb. Bəzən səlahiyyəti olmayanlar belə şeir, mahnı yazır və çox bayağı alınır. Bu mahnılar tərif etdikləri şəxslərin məqamından çox aşağı səviyyədə təqdim edilir. Çox vaxt çıxışlarımda buna etirazımı bildirmişəm. Bu, insanların hissləri ilə oynamaqdır. Dini şəxsiyyətlər haqqında cızma-qaralar qəbuledilməzdir. Hər yoldan keçənin işi deyil bu.

- Dindar toyları dini mahnıların sədaları altında keçir. Bu tərəfdən də təsdiqini tapmayan bir fikir yaranıb ki, dinimiz toylarda çalıb-oynamağı haram buyurur. Məsələnin əsli necədir?

- Din baxımından, toylarda heç də yalnız ilahi musiqilər oxumaq vacib deyil. Yəni toylar üçün də haram sayılan çərçivə müəyyənləşdirilib. Haram olmayan musiqi halal sayılır. Haram olan musiqi məzmun etibarilə insanları əxlaqsızlığa, fəsada sürükləyir. Şəriət alimləri bütövlükdə musiqini haram hesab edir. Ancaq bir çox din alimləri istənilən ali dəyəri, vətəni, ananı tərənnüm edən musiqini qəbul edir.

- Toyda ancaq anaya, vətənə həsr olunan mahnılar oxuna bilməz axı. Məsələn, elə götürək sevgi, sırf toy-büsat mahnılarını...

- Sevgi mahnıları da əxlaqsızlığı yaymırsa, özü ülvi bir hissdir.

- Bəs rəqs etmək necə?

- Rəqs haqqında fikir də birmənalı deyil. Ona icazə verməyən şəriət hökmləri var. Şəriət rəqsi insanın şəninə uyğun gəlməməsi səbəbilə haram buyurur. Bəziləri isə qadınların ancaq öz məclislərində rəqs etməsinə icazə verir. Bu barədə fikir söyləməyə çətinlik çəkirəm. Çox ehtiyatla danışıram, çünki fikirlərim sonra yanlış anlaşılır.

- Siz toylarda da oynamazsınız.

- Bəli, mən toylarda oynamıram. Ümumiyyətlə, rəqs etməyi sevmirəm.

- Dini buyruqlara görə?

- Təbiətən rəqs etməyə həvəsli deyiləm. Bəlkə də, bu, inanclı insan olmağımdan irəli gəlmir.

- Dini ədəbiyyatımızdan razısınız? Sizcə, Azərbaycan dilində yazılan dini kitabların və tərcümələrin dili yumşaldılmalı deyilmi? Zorakı, məcburi şəkildə İslamı kimə sevdirmək olar ki?

- Təbliğat aqressiv şəkildə aparıla bilməz. Bu, peyğəmbərlərin üslubu deyil. “Quran”da deyilir ki, insanları hikmət və gözəl nəsihət yolu ilə Rəbbinə doğru çağır. Dinin dili dəyişməlidir. Dəyərlərdən xalqın anlayacağı, zövq oxşayan dildə yazmaq lazımdır. Azərbaycanda hələ dini ədəbiyyat, dini musiqi peşəkar səviyyədə formalaşmayıb.

- Bu yaxınlarda qadağan olunmuş dini ədəbiyyatın siyahısı açıqlandı. Ancaq belə bir fikir söylənildi ki, bu siyahı da çox qısadır, yüzdən çox qadağan olunmalı kitab var. Hətta 9 yaşlı qızın ərə verilməsini təbliğ edən kitablar nəşr edilir və oxunur.

- Orada ziddiyyətlər var və qeyri-dəqiqdir. Dini komitədən dedilər ki, dəqiq hazırlanmayıb hələ. Konkret mənbə də yoxdur. Məncə, dəqiq siyahı hələ dərc olunmayıb.

- Hicablı qadınların xanəndəlik, müğənnilik etməsinə necə baxırsınız? Alim Qasımovun qızı Fərqanə Qasımovanı qınayırlar ki, hicab nədir, mahnı oxumaq nə?

- Müəyyən çərçivədə, qeyd elədiyim şərtlərdə buna icazə verən məhdud sayda alim var. Burada da fikir birmənalı deyil.

- Bəzi musiqiçilər özlərini namaz əhli sayıb içki içmirlər, ancaq öz dilləri ilə desək, təbə gəlmək üçün uyuşdurucu maddələrdən istifadə edirlər. Din buna icazə verir?

- İnsanı təbii haldan çıxaran, beyni dumanlandıran istənilən vasitə – içki, narkotik maddə haram və qadağandır. Müsəlman olan şəxsə bunlardan uzaq durmaq buyurulur.

- Şahin bəy, Rafiq Tağının ölümünə heyfislənirsiniz?

- Rafiq Tağının bir çox fikirləri ilə razı deyiləm. Peyğəmbərimizi təhqir etməsini çox yanlış hesab edirəm. Onun yazılarında hədd aşılırdı. Ancaq insanlarla zorakılıq dili ilə danışmaq düzgün deyil. Din müzakirələrə açıq olmalıdır. Bəzən möminləri aqressivlikdə ittiham edirlər. Ancaq özünə ateist deyən insanlarda da aqressivlik müşahidə etmək olur. Ümumiyyətlə, dindar-ateist bölgüsünün tərəfdarı deyiləm.

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR