“Jurnalistlə kəllə-kəlləyə gəlmək olmaz” – Hacı İbrahim məmur övladlarını tənqid etdi - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Jurnalistlə kəllə-kəlləyə gəlmək olmaz” – Hacı İbrahim məmur övladlarını tənqid etdi - MÜSAHİBƏ

“Jurnalistlə kəllə-kəlləyə gəlmək olmaz” – hacı İbrahim məmur övladlarını tənqid etdi - MÜSAHİBƏ

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) Publika.az-a müsahibəsi:

Məmur övladlarının və qohumlarının bahalı avtomobillərlə paytaxt küçələrində “avtoşluq” etməsinə necə baxırsınız?

Mənə elə gəlir ki, bu məsələni çox şişirdirlər. Kimsə özünə maşın alırsa, bunu sürmək üçün alır. Cavan uşaqlardır da. Mən buna cavanlıq kimi baxıram. Ancaq belə hərəkətlərə son qoyulması məsləhətdir.

Cənab Prezident də deyir ki, ölkədə stabillik və sabitlik qorunmalıdır. Hər hansı məmur və ya onun övladı bahalı avtomobil alıb onu yüksək sürətlə idarə edirsə, o zaman ilk növbədə insanları və özünü düşünməlidir. Çünki, bununla o, özünə və başqasına xəsarət yetirə bilər. Avtoşluğa mən də yaxşı baxmıram. Bu məsələ heç zaman iftixaredici hərəkət olmayıb. Bu, insana baş ucalığı gətirən hərəkət deyil.

İmkanlı şəxslərin törətdiyi hadisə daha çox və tez gündəmə gətirilir. Ancaq sadə bir adamın törətdiyi hadisə qabardılmır. Məmur övladları üzdə olan insanlardır.

Ancaq burada qınanılası cəhət var. Həmin uşaqlara demək lazımdır ki, onlar mətbuatla kəllə-kəlləyə gəlməsin. Əsas problem də burada yaranır. Jurnalistlə kəllə-kəlləyə gəlmək olmaz. Jurnalist gördüyünü yazırsa, ona qarşı getməməlisən. Əksinə, deməlisən ki, çox sağ ol və gedib dərhal səhvini düzəltməlisən. Jurnalistə hücum çəkmək olmaz. Əgər kimsə jurnalistə qarşı çıxırsa, o adam gec-tez uduzacaq. Mənim əsas fikrim odur ki, Azərbaycanda jurnalistə hörmət etmək, düzgün dialoqa girmək lazımdır. Çünki journalist gördüyünü yazmırsa, o jurnalist deyil. Əgər journalist gördüyünü yazırsa, ona hörmətlə yanaşmaq lazımdır. Çünki jurnalistlər bu cəmiyyətin aynasıdır, bizim görmədiyimiz səhvləri onlar bizə deyirlər. Mən hər zaman demişəm ki, bu ölkədə jurnalistlərə hörmətlə yanaşılmalıdır. Jurnalist hər hansı məmurdan yazırsa, o jurnalistə deyilməməlidir ki, niyə məndən yazmısan? Əskinə, gedib səhvini düzəltməlisən. Əgər jurnalist deyirsə ki, sənin oğlun “avtoşluq” edir. O zaman sən də gedib oğluna de ki, ay bala daha “avtoşluq” etmə, cəmiyyətin gözünə bu cür hərəkətlərlə girmə və sairə. Şəxsən, mən jurnalistə güzgü kimi baxıram. Jurnalistlərə daha çox imkan yaradılmalıdır. Mən hər zaman razı olmuşam ki, jurnalist məndən yazsın. Hətta, mən vaxtilə qardaşım oğlu ilə bağlı məsələdə də jurnalisti müdafiə etdim. Düz də etdim. Bu gün də jurnalisti müdafiə edirəm. İndi Azərbaycan cəmiyyətində jurnalistə az hörmət olunur. Bundan da artıq hörmət olunmalıdır. Jurnalistlər “dördüncü hakimiyyət”dir. Jurnalistlər ölkənin güzgüsüdür. Jurnalist məndən yazanda sevinirəm. deyirəm ki, nə səhvim var, gedib düzəldirəm onu. Bəlkə də jurnalistlər yazma, mən daha böyük səhvlər edərdim.

“Avtoşluq” məsələsində də jurnalistlə münaqişəyə girilməsəydi, bəlkə də bu məsələ bu qədər böyüməzdi.

“Avtoşluq”dan söz düşmüşkən, martın 15-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" markalı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin olduğu və oğlunun idarə etdiyi maşını vurub, 2 nəfərin ölümünə səbəb olub. Bu hadisəni siz necə qarşıladınız?

Bu hadisəni cəmiyyəti də yaxşı qarşılamadı. Ancaq bu hadisə olub artıq. İnanmıram ki, o bunu qəsdən edib. Hadisə olub da. Heç kim bilmir ki, indi getdiyin yolda başına hər hansı hadisə gəlməyəcək. Mənə el gəlir ki, bu hadisəni bir qədər də şişirdirlər. Bu hadisə zamanı xəsarət alan adam xalq artisti deyil, bir başqası olsaydı, məsələ heç bu qədər də böyüməzdi. Bu məsələni də elə təqdim edirlər ki, guya bu hadisə qəsdən törədilib. Əslində isə elə olmayıb. Bu cür hadisələrə bir qədər sakit tərzdə düzgün qiymət vermək lazımdır. Düzgün qiyməti də artıq qanun verib. Mübarizin oğlu artıq cəzasını çəkir.

Tez-tez olur ki, sizin də dəbdəbəli həyat tərzi kerçirdiyiniz barədə məlumatlar yayılır. Yazılan bu məlumatlara münasibətiniz necədir?

Mən də hamı kimi sadə həyat tərzi keçirirəm. xaricə gedib-gələndə hamı kimi məndə gedib biletimi alıb təyyarədə camaatla bir yerdə otururam. Mən heç kimdən də artıq deyiləm. Mən şəxsi təyyarəyə də minmirəm. Camaat necədirsə, mən də eləyəm. Mənə Allah o imanı versin ki, mən “Xəzər adaları” şəhərini tikib başa çatdırım. Bu şəhər Azərbaycan xalqının bir sərvətinə çevriləndən sonra mən özümü dünyanın ən xoşbəxt sakini hesab edəcəm. Mən çox şadam ki, bütüm pulumu öz Vətənimə, Azərbaycan dövlətinə yatırmışam. Mən bununla qürur duyuram, yaşayıram.

İnşallah yaxın aylarda isə “Xəzər adaları” şəhərinə daxil olan restoranın açılış mərasimi planlaşdırılır. Açılışda tanınmış şəxslərin də iştirakı gözlənilir.

Qardaşınız Tağı İbrahimov uzun müddətdir ki, Azərbaycanda görünmür. O, hazırda nə işlə məşğul olur?

Artıq Tağı müəllim Türkiyədə özü biznesini qurub və işləyir. Onun burada da yaxşı biznesi var. Yaxın vaxtlarda isə yəqin ki, 1-2 yeni layihəsi də həyata keçiriləcək. Tağı ağıllı və işini sakitcə görən adamdır. O, Türkiyədə restoran tikdirib, o bizneslə məşğul olur.

Tağı televiziyadan çoxdan ayrılıb. Bir müddət çətin olsa da, ancaq insan hər şeyə alışır. Tağı və mən siyasi məsələlərdən uzağıq, bizim ambisiyalarımız yoxdur. Biz ancaq dövlətimizin yürütdüyü düzgün və uğurlu siyasəti dəstəkləyirik və Cənab Prezidentin arxasınca gedirik. Bu gün Cənab Prezident o qədər düzgün və uğurlu siyasət aparır ki, bütün dünya baxıb şoka düşür. Biz də bununa qürur duyuruq. Tam əminəm ki, qarşıdan gələn 10 il ərzində cənab Prezident Azərbaycanı daha da inkişaf etdirəcək. Biz bu yolda Cənab Prezidentə uğurlar arzu edirik.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm