Şuşa - strateji şəhər
Bizi izləyin

Qırmızı.az

Şuşa - strateji şəhər

Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin yazdığına görə, 1750-ci ildə Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənahəli xan Şuşanı özünə paytaxt edib möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənahəli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.

Azərbaycanın görkəmli maarifçiləri A.A.Bakıxanov və F.B.Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.

İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş məruzələrinin 7-ci sayında, Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.

Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı.

İstehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Pənahəli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əsgəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu, XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu manufakturanın və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir.

Məşhur rəssam V.Vereşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: ipək parça istehsal edən 42 müəssisə; pambıq parça toxuyan 28 karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı. Şəhərdə 17 məhəllə, onların hər birinin məscidi, bulağı və hamamı vardı.

Şuşada Bazarbaşı deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi Rastabazar adlandırılırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin Meydan deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.

Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olması ilə fərqlənməsini də bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. XIX əsrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir yazır: “Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir”.

1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.

“Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. O illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabında yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.

Elçin Əhmədov - Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

Mediaforum.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm