• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astarada qəbristanlıqda mübahisə edən gəncin dəhşətli qətli

Astarada qəbristanlıqda mübahisə edən gəncin dəhşətli qətli

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rabil Musayev qəsdən adam öldürməkdə, Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəmil Zamanov qəsdən adam öldürməyə cəhddə ittiham olunub. Publika.Az-ın araşdırmasına görə, Rabil Musayev və Cəmil Zamanov Astara rayonunun Rüdəkənar kəndinin qəbristanlığında qanlı cinayət törədiblər. Hadisə 19 iyul 2012-ci il tarixdə, saat 00.00-da baş verib.

Həmin gün Rabil Musayev ünvanına nalayiq söyüşlər söyən Şahmar Vəliyev , Cəmil Zamanov və Amil Quliyevlə məsələni aydınlaşdırmaq üçün Astara rayonu, Rüdəkənar kəndində yerləşən qəbiristanlığın yaxınlığında görüşüb. Həmin vaxt Rabil Musayev Şahmar Vəliyevdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, özündə olan bıçaqla Şahmar Vəliyevə iki dəfə vurub. Şahmar Vəliyev Astara rayon mərkəzi xəstəxanasına çatdırılmasına baxmayaraq orada ölüb.

İki cinayət, bir ittiham

Həmin vaxt Cəmil Zamanov Rabil Musayevin dostu Şahmar Vəliyevi bıçaqla vurmasını görüb. O, özündə olan bıçaqla Rabil Musayevə çoxsaylı zərbələr vurub. Rabil Musayevə xəstəxanada göstərilən tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

Rabil Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), Cəmil Zamanov isə Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. Cinayət işinə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Kiminsə "yıxıldı, bıçaq batdı qarnına" deməsini eşitdim"

Məhkəmədə ifadə verən Rabil Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şahmar Vəliyevi Zirvə İdman Klubunda məşq etdikləri vaxtlardan tanıyıb:

"Şahmar Vəliyevlə münasibətlərim yaxşı olub. Şahmardan bir həftəyə qaytarmaq şərti ilə 300 manat borc pul almışam. Lakin borcumu vaxtında qaytara bilməmişəm. Bir müddətdən sonra Şahmar mənə zəng vurdu. O, pulunu istədi. Mən də pulu ayın sonunadək qaytaracağıma söz verdim. Bir neçə gündən sonra Şahmar yenidən zəng vurdu. O, mənimlə görüşmək istədiyini bildirdi. O, görüşə tək gəlməyimi dedi. Həmin vaxt Astara rayonunda yaşayan bibim gildə idim. Şahmarın görüşə tək gəlməyim barədə təklifindən şübhələndim. Buna görə də meyvə yediyim bıçağı hər ehtimala qarşı özüm ilə götürdüm. Gecə saat 24:00-da Şahmar Vəliyev "06" markalı maşınla üç nəfər tanımadığım şəxslərlə gəldi. Həmin vaxt hava qaranlıq olduğundan Şahmar Vəliyevlə gələn şəxsləri tanımamışam. Tanımadığım şəxslərdən biri qəflətən bıçaqla mənə zərbə vurdu. Özüm ilə götürdüyüm meyvə bıçağı ilə özümü müdafiə etməyə çalışdım. Bu zaman bıçaq Şahmar Vəliyevin ayağına batdı. Həmin vaxt tək olduğumdan qaçmağa başladım. Şahmar Vəliyevlə gələn tanımadığım üç nəfər şəxs də arxamca qaçdı. Birdən arxadan kiminsə "yıxıldı, bıçaq batdı onun qarnına" deməsini eşitdim. Şahmar Vəliyevi bıçaqlamamışam. Onu öldurmək məqsədim olmayıb. Yalnız özümü müdafiə etdiyim zaman əlimdə olan meyvə bıçağı Şahmar Vəliyevin ayağına batıb. Özüm hadisə vaxtı çoxlu sayda bıçaq xəsarətləri almışam".

"İdman zalında tanış olmuşduq"

Rabil Musayev ibtidai istintaqa verdiyi ifadəsində fərqli danışıb. Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq edib. O, istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. Rabil Musayevin ifadəsinə görə, hadisə vaxtı vəfat edən Şahmar Vəliyevi 2-3 ildir Lənkaran şəhər sakini kimi tanıyıb:

"Şahmar Vəliyev Lənkaran şəhər bazarında paltar satmaqla pul qazanmışdı. İdmanla məşğul olduğumdan Şahmarı Lənkaran şəhərində məşq etdiyi zalda görmüşdüm. Şahmar da həmin zala məşq etmək üçün gəlmişdu. Bu səbəbdən tanışlıq münasibətlərimiz yaranmışdı".

"İzah etdim ki, qəbristanlığın yanında gözləyəcəm"

Təqsirləndirlən şəxsin sözlərinə görə, 2012-ci ilin iyul ayının ortalarında Şahmardan 300 manat borc pul alıb:

"Həmin pulu bir həftədən sonra qaytaracağıma dair söz vermişdim. Pul hərbi xidmətə çağrılmağım ilə əlaqədar xərclik üçün lazım olmuşdu. İyulun 19-da əmim uşaqları ilə görüşmək üçün Astara rayonunun Rüdəkanar kəndinə gəlmişdim. Gecə saat 23.00-da Şahmar zəng edərək bir həftənin bitməsini xatırlatdı. O, verdiyi borcu tələb etdi. Şahmara bildirdim ki, indi pulum olmasa da, hərbi xidmətə getməmişdən öncə borcunu qaytaracam. Daha sonra harada olduğumu soruşdu. Mənimlə görüşmək istədiyini bildirdi. Şahmara olduğum yeri bildirdim. Gecə saat 24.00-da Şahmar zəng edərək Rüdəkanar kəndində olduğunu bildirdi. Şahmara telefonda izah etdim ki, kəndarası asfalt yolla gəldikdə yolun kənarında olan qəbirstanlığın yanında gözləyəcəm. Həmin yerə əmim oğlu Elmirlə birlikdə gəldim. Ehtiyat üçün evdən bıçaq da götürmüşdüm. Şahmar telefonda tək görüşə çağırmışdı. Onun bu sözlərindən ehtiyat etmişdim".

"Əsgərliyə getməmişdən əvvəl pulu qaytaracağıma söz verdim"

Rabil Musayev deyib ki, Şahmar oraya VAZ-2106 markalı avtomobillə gəlib. Onun sözlərinə görə, qaranlıq olduğundan maşının rəngi və nömrəsini aydın görə bilməyib:

"İlk olaraq Şahmar avtomobildən düşərək mənə yaxınlaşdı. Şahmarla birlikdə 3-4 metr kənara çəkildik. Bu vaxt avtomobildən tanımadığım daha iki şəxsin düşdüyünü gördüm. Şahmarla ayrıca 3-4 dəqiqə söhbət etdim. Şahmar məndən borcu tələb etdi. Ona bir həftədə pulu qaytaracağımı xatırlatdım. Şahmara hazırda pulumun olmadığını, lakin hərbi xidmətə getməmişdən öncə iyul ayının axırınadək pulu verəcəyimi dedim. Şahmarla birlikdə gələn hər iki şəxs bizə tərəf yaxınlaşdılar. Onlardan biri söhbət zamanı ani olaraq qarın nahiyəmə bıçaqla zərbə endirdi. Həmin şəxsin olduğu istiqamətə baxmaq istəyərkən Şahmar əlində olan bıçaqla daha bir zərbə vurdu. Vəziyyətin belə olduğunu gördükdə ev istiqamətində qaçmağa başladım. Arxaya baxdıqda Şahmarın və onunla birlikdə gələn şəxsin arxamca qaçdıqlarını gördüm. Şahmarla gələn üçüncü şəxs isə kənarda dayanmışdı. Qaçarkən ayağım burxulduğundan yerə yıxıldım. Özüm ilə gətirdiyim bıcağı özümü müdafiə etmək, Şahmar və digər şəxsi qorxutmaq üçün cibimdən çıxardım".

"Şahmar həmin xəsarəti yerə yıxılarkən öz bıçağının özünə dəyməsi nəticəsində alıb"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şahmar onun əlində olan bıcağı yerə salmaq üçün təpiklə zərbələr endirməyə başlayıb:

"Bu zaman bıcağın tiyəsi Şahmarın ayağının alt nahiyyəsinə keçərək qırıldı. Bıcağın dəstəyi isə əlimdə qaldı. Yerdə olarkən Şahmarla birlikdə gələn və tanımadığım şəxs əlində olan bıçaqla mənə zərbələr endirdi. Bir neçə zərbə vurduqdan sonra yenidən ayağa qalxaraq qaçmağa başladım. Arxaya baxdıqda Şahmar və sonuncu ilə gələn şəxsin onun dalınca qaçdığını gördüm. Yenidən yerə yıxıldım. Şahmar da yanıma yıxıldı. Digər şəxs yerə yıxılmağımdan istifadə edərək yenidən bıçaqla zərbələr vurdu. Şahmar yerə yıxılarkən qışqıraraq "özümə dəydi, dedi. Buna əsasən deyə bilər ki, Şahmar həmin xəsarəti yerə yıxılarkən öz bıçağının özünə dəyməsi nəticəsində alıb. Mən yenidən qalxaraq qaçmağa başladım. Qaçarkən qışqıraraq kömək istədim. Bir neçə metr qaçdıqdan sonra taqətdən düşdüyümdən yerə yıxıldım. Şahmar və həmin şəxs mənə çataraq bıçaq zərbələrini vurmağa davam ediblər. Şahmarın bıcaq zərbələrindən biri üzümü cızdığından sifətimi yerə çöndərərək üzü üstə uzanmış vəziyyətdə hər iki əlim ilə üzümü sıxmışam. Şahmar əlimi açmaq üçün əllərimdən və qollarımdan zərbələr endirib. Şahmar və onunla birlikdə gələlər qaçaraq oradan uzaqlaşdılar. Onlar qaçdıqdan sonra hadisəni kənardan izləyən əmim oğlu Elmir mənə yaxınlaşaraq əlimdən tutdu və kömək edərək məni ayağa qaldırdı. Həmin vaxt yavaş-yavaş ətrafa kənd sakinləri çıxmışdılar, kəndarası yolda olan tanımadığım biri "VAZ-21015" markalı avtomobili ilə məni Astara rayon mərkəzi xəstəxanasına gətirdi".

"Bıçaqda barmaq izim olmayıb"

Digər təqsirləndirilən Cəmil Zamanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə ifadə verməkdən imtina edib. Lakin verilmiş suallara cavab olaraq deyib ki, Şahmar

Vəliyevlə hadisədən iki il əvvəl tanış olub:

"Şahmarla münasibətlərim həmişə yaxşı olub. Hadisə günü Şahmar Vəliyevlə birlikdə olmuşam. Axşamüstü sağollaşıb evə getmək istədikdə Şahmarın istifadəsində olan mobil telefona zəng gəldi. Şahmar telefonda əsəbi halda danışdı. Şahmardan nə baş verdiyini soruşdum. O, heç bir açıqlama vermədi və daha sonra "bir yer var gedək, dəyək, gələk" dedi. Mən də etiraz etmədim. Birlikdə Astara rayonuna getdik. Orada Şahmar Rabillə görüşdü. Mən isə bir qədər kənarda durmuşdum. Aralarında olan söhbət zamanı Şahmarla Rabil mübahisə etdi. Şahmar bıçaqla Rabilə zərbə vurdu. Sonra Rabil qaçmağa başladı. Lakin Şahmarla Rabilin arasında olan söhbəti eşitməmişəm. Şahmara yaxınlaşdım. Onun yaralı olduğunu gördüm. Dərhal onu xəstəxanaya apardım. Maşından götürülmüş bıçaqda barmaq izim olmayıb".

"Şahmardan Rabillə nə problemi olduğunu soruşmadım"

Cəmil Zamanov ibtidai istintaq zamanı fərqli ifadə verib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, Şahmar Vəliyevlə bazarda şalvar alarkən tanış olub və dostlaşıblar:

"Təxminən iki il olar ki, boş vaxtlarımı əksər vaxtlarda bir yerdə keçirmişik. Şahmarın şalvar satışından əlavə başqa bir işlə məşğul olmasını görməmişəm. Amili isə məhəllə uşağı kimi tanıyıram. Bundan əlavə Amillə başqa bir münasibətim yoxdur. Rabili isə Amilə iki dəfə telefon satandan sonra tanımışam. Bundan əlavə Rabillə hər hansı bir əlaqəm olmayıb. İyulun 18-də saat 16.00-da Şahmarla görüşdük. Onunla Lənkəran şəhər mərkəzində gəzməyə başladıq. Şahmarın maşını xarab olduğundan piyada idik. Axşam saat 22.00-da evə gedərkən Şahmarın bir neçə dəfə telefonda Rabil adlı şəxslə mübahisə etdiyinin və söyüşdüyünün şahidi oldum. Şahmarın Rabilə və ya Rabilin Şahmara zəng etdiyini və ya "razborkaya" çağırdığını dəqiq deyə bilməsəm də, onların ciddi problemlərinin olduğunu hiss etdim. Şahmar aralarında yaranan narazılığı həll etmək üçün Astaraya getməli olduğunu dedi. Mən də dost olduğumuzdan Şahmarla birgə getmək qərarına gəldim. Əvvəlcə maşın tapmaq istəsəm də, alınmadı. Şahmar yolun kənarında dayanmış "VAZ-2106" markalı avtomaşını gördü. O, maşının yiyəsini tanıdığını və ondan maşını götürəcəyini dedi. Şahmar maşının sahibi ilə telefonla danışdı. Bir qədər sonra maşının sahibi açarları gətirdi. Biz Astara yolunda olarkən avtomaşının sürücüsünün Şahmara zəng etdiyini hiss etdim. Şahmar da həmin şəxsə Astarada işi çıxdığını, oraya dəyib qayıdacağını bildirdi. Şahmar Astaraya Rüdəkənar kəndinə gedib, orada Rabillə söhbət edəcəyini dedi.

Şahmardan Rabillə nə problemi olduğunu soruşmadım. Astara rayon mərkəzinə çatdıqda Rüdəkənar yolunu soruşduq. Bir yerli sakin bizə yolu göstərdi. Həmin kəndin qəbiristanlığının yanına çatdıq. Maşında ancaq mən və Şahmar idik. Hər hansı digər bir şəxs bizimlə Astaraya gəlməyib. Qəbiristanlığın yanında avtomaşını saxladıq. Rabilin orada bizi gözlədiyinin şahidi oldum. Şahmar aşağı düşəndə mənə maşında qalmağımı tapşırsa da, mən aşağıya düşdüm. Rabilə əvvəlcə Şahmar yaxınlaşdı və onlar söhbət etməyə başladılar".

"Şahmarın həmişə üzərində bıçaq gəzdirdiyindən xəbəri olub"

Təqsirləndirilən şəxs qeyd edib ki, Rabilin yanında başqa bir nəfərin olduğunu görüb. Onun sözlərinə görə, Şahmar Rabilə maşınla başqa yerə getməyi təklif edib: "Amma Rabil bununla razılaşmayıb. Beləcə mübahisə davam edib. Ancaq konkret heç bir mövzuya keçilməyib. Qəflətən qarışıqlıq düşdüyünü və Rabilin qaçmağa başladığını, Şahmarın da onun arxasınca qaçdığını gördüm. Bu vaxt artıq Şahmarın əlində bıçaq olduğunun şahidi oldum. Şahmarın həmişə üzərində bıçaq gəzdirdiyindən xəbəri olub. Şahmar Rabilə çatdıqdan sonra onlar hər ikisi yerə yıxıldı. Onlara çatdıqda Şahmar mənə Rabildə bıçaq olduğunu dedi. Diqqətlə fikir verdikdə Rabilin sağ əlinin Şahmarın altında qaldığını, sol əlində isə bıçaq olduğunu gördüm. Həmin vaxt Şahmar da Rabilə bir neçə zərbə vurub. Rabilin əlində bıçaq olduğunu gördükdən sonra onu yumruq və təpiklə vurmağa başladım. Hadisə vaxtı ümumiyyətlə, bıçaqdan istifadə etməmişəm. Bu vaxt Rabil "ay öldüm" deyə qışqırmağa başladı. Bundan sonra Şahmarı ondan araladım. Şahmar ayağa duranda Rabilin onu vurduğunu dedi. Bu vaxt Şahmara köməklik göstərərək maşına əyləşdirdim. Avtomaşını idarə etməyi bacarmadığımdan çox çətinliklə kəndin çıxacağına kimi sürə bildim. Hətta daş hasarla toqquşmaqdan özümü zorla saxladım. Bundan sonra idarə etdiyim maşını saxladım. Şahmarı xəstəxanaya aparmaq üçün başqa maşın axtarmağa başladım. Yoldan keçən taksilərdən birini saxlatdım. Həmin taksidə sürücüdən əlavə üç nəfər olduğundan arxada oturmuş iki nəfər maşından düşdü. Şahmarı həmin maşına qoyaraq xəstəxanaya apardıq. Şahmarı xərəyə uzatmağa həkimlərə kömək etdikdən sonra oradan uzaqlaşdım".

Cəmil Zamanovun sözlərinə görə, xəstəxananın darvazasından bayırda tanımadığı bir taksiyə oturaraq onu Lənkərana aparmasını xahiş edib: "Lənkərana çatdıqdan sonra isə telefonumun Astaraya getdiyim maşında qaldığını bildim. Lənkəranda son beş günü müxtəlif ünvanlarda olmuşam. Sadəcə Şahmarın ölümünü və baş verənlərin sonunu fikirləşmişəm. Əynimdə olan paltarları məlum hadisə vaxtı ölüm olduğundan Lənkərana getdikdən sonra yandırmışam. Avtomaşından aşkar edilən cib bıçağının üzərindən götürülmüş izlərin mənim əl-barmaq izləri ilə eynilik təşkil etməsi barədə isə deyə bilərəm ki, hadisə vaxtı Şahmarda qatlanma və dəstəyində qırmızı rəngli naxışları olan bıçaq görmüşəm. Ola bilsin ki, Şahmarı yaralı vəziyyətdə avtomaşına otuzdurarkən özümdən asılı olmayaraq həmin bıçağa əl vurmuşam. Bu vaxt əl-barmaq izləri bıçağa düşüb".

Hakimlər şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Rabil Musayev 9 il 6 ay, Cəmil Zamanov 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR