Şərif Əsədullayev DİN-ə çağrıldı
Bizi izləyin

Qırmızı.az

Şərif Əsədullayev DİN-ə çağrıldı

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin (İAMİ) rəisi polkovnik Şərif Əsədullayev Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə Teleqraf.com-a İAMİ-dən məlumat verilib. Qeyd olunur ki, Ş.Əsədullayevlə yanaşı müavinləri də Nazirliyə çağırılıb.

Axar.az saytının yazdığına görə, Ş.Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb Tamerlan Əsədullayevin həm polis işçilərini, həm də kimsəsiz bir qızı küçədə ağır söyüşlərlə təhqir edərək döyməsi olub. Sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan T.Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb.

Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib.

Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: “Mənim oğlum hacıdır, içki nədir?”

Əsədullayev bölmədə xidmət aparan taqım komandirindən ərazinin dislokasiyasını istəyib. Taqım komandiri dislokasiyanın Baş idarədə olduğunu deyib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən faktı təsdiqləyərək bildiriblər ki, baş verən bu insidentlə bağlı təhqiqatı İdarədə təhqiqat şöbəsinin rəisi Xıdır Mustafayev aparıb: “Amma heç bir həbs və ya saxlanılma olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm