Əli Həsənov: “Hazırda Rusiya-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir” – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: “Hazırda Rusiya-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir” – ÖZƏL

“Hazırda Rusiya-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir” – Əli Həsənovdan növbəti AÇIQLAMA

“Hazırda Rusiya-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Rusiyanın böyük vilayət və şəhərlərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun yubiley tədbirləri Azərbaycanda olduğu kimi, yüksək səviyyədə qeyd olunur.

Ə.Həsənov deyib: “Bu cür tədbirlərdən biri də Həştərxan şəhərində təşkil olunur. Bununla əlaqədar Həştərxanda qubernatorun sərəncamı ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, fondun 10 illiyinə həsr olunan bir neçə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu gün saat 18.00-da Həştərxan Dövlət Teatrında tədbir olacaq. Bu gün isə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir neçə tədbir keçirilib. Tədbirlər bu gün axşam yekunlaşacaq”.

***

Bu gün Həştərxanda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov arasında görüş keçirilib. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

A.Jilkin Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycanın nümayəndə heyətini salamlayıb.

O, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında bir çox, o cümlədən humanitar və mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və bu il Həştərxanda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyinə, gələn il isə Rusiya tərəfinin analoji tədbiri Bakıda keçirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Qubernator, həmçinin Həştərxan vilayəti ilə Azərbaycanın ali məktəbləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qeyd edib ki, Həştərxandakı universitetlərdən birinin tələbələri Azərbaycan dilini öyrənəcəklər. O, habelə Həştərxan vilayətinin və Azərbaycan televiziyalarının televiziya proqramlarının mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

İqtisadi məsələlərə toxunan A.Jilkin iqtisadi artımın olduğunu və Həştərxan ilə Azərbaycan arasında bərə xəttinin açılmasına sərmayə yatırmaq istəyini ifadə edib.

Öz növbəsində, Ə.Həsənov Həştərxan tərəfinə səmimi və mehriban qəbula görə təşəkkürünü bildirib.

O, qeyd edib ki, tərəflərin görüşü artıq ənənəvi xarakter alıb və son üç il ərzində Azərbaycan tərəfi Həştərxana altı dəfə səfər edib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan və Rusiya rəhbərləri arasında əldə olunan razılaşmalara görə, təkcə Azərbaycan-Rusiya münasibətləri deyil, həm də Azərbaycan ilə RF-nin müxtəlif regionları, eləcə də Həştərxan arasında birbaşa əməkdaşlıq inkişaf edir: "Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq Rusiyanın digər regionları üçün nümunə ola bilər".

PA rəsmisi Həştərxan vilayətinin qubernatoruna Heydər Əliyev Fondunun yubileyi ilə bağlı tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirib: "Bu tədbirlər ikitərəfli əlaqələrin möhkəmlənməsi işinə öz töhfəsini verəcək".

Azərbaycan nümayəndə heyəti qubernatorla görüşdən sonra Həştərxan vilayətinin rəhbərliyi ilə birlikdə Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub, Heydər Əliyev Fondu tərəfindən tikilən "Arzu" ("Meçta") uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə baş çəkib. Burada Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bundan başqa, mayın 12-də Həştərxanda bu hadisəyə həsr olunmuş konsert və atəşfəşanlıq olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm