Baş psixiatr xəstələrin sayının artmasından danışdı
Bizi izləyin

Qırmızı.az

Baş psixiatr xəstələrin sayının artmasından danışdı

Qeydiyyatdan çıxarılmış psixi xəstələrin sayını dəqiqləşdirmək mümkün olacaq - baş psixiatr

Son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il ərzində 4 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulub.

2004-cü ildə ölkəmizdəki müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 112169 nəfər olubsa, 2013-cü ildə bu rəqəm 124134 nəfərə qədər artıb. 9 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 11 965 nəfərdir.

Statistikaya görə, Azərbaycanda ötən il psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012 –ci illə müqayisədə cəmi 44 nəfər azalıb. 2012-ci ildə 4948 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulubsa, ötən il bu rəqəm 44 nəfər azalaraq 4904 nəfərə çatıb.

Bu artımı təhlükəli hesab etmək olarmı? Xəstəliklər ən çox hansı bölgələrdə aktualdır?

Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli isə açıqlanan rəqəmin çox da təəccübləndirici olmadığını deyib. Onun sözlərinə görə, əvvəlki illərdə qeydiyyata götürülən xəstələrin sayı artırdı, lakin məlumatlar bu qədər açıq olmadığına görə indi təəccüb yaradır.

.

“Açıqlanan rəqəmlər yeni psixi xəstələrin qeydiyyatı ilə bağlıdır ki, bunu normal hesab edilə bilərik. Digər xəstəliklərdə olduğu kimi, psixi xəstələrin də qeydiyyatının artması normaldır. Bu rəqəmlər dispanserlər, rayon, sahə psixiatrlarının psixi problemi olan xəstələri qeydiyyata götürməsini göstərir. Bundan daha çox fakt aşkarlansa, daha çox sevinərdim. Çünki, bir çox insanlar psixi problem yaşayır, lakin aşkarlanmır”.

Baş psixiatrın sözlərinə görə, xəstələrin qeydiyyata alınması qədər onların müalicəsi barədə informasiyaların olması önəmlidir. Bu proses olmadığına görə, qeydiyyatdan çıxarılan xəstələrlə bağlı rəqəmləri açıqlaya bilmirik. Bunun üçün də yeni sənədlər hazırlanır.

“Bu yaxınlarda “Dinamik Dispenser Müşahidəsi” haqqında sənədlər hazırlanıb. Bu təsdiq olunandan sonra sağalmış xəstələrin qeydiyyatdan çıxarılma qaydalarını işə salacaq. Nəticədə, yaxın gələcəkdə, qeydiyyatdan çıxarılmış xəstələrin sayını aydınlaşdırmaq mümkün olacaq”.

G.Gəraybəylinin sözlərinə görə, bəzi psixi problemlərin yaranma səbəbi məlum olsa da, bir qisim hələ də araşdırılır:

“Psixi xəstəliklərin növləri müxtəlif olduğuna görə, onların yaranma səbəbləri də fərqlidir. Xroniki psixi xəstəliklər-şizofreniya çox azdır, artmır. Stresslə bağlı pozuntular, depressiyalar artır. Səbəblər sırasında genetik, irsi, sosial faktorlar var, şizofreniya kimi xəstəliklərin isə səbəbi bilinmir”.

Baş psixiatr psixi xəstəliklərin qadın və kişilər üzrə bölgüsünü aparmaq çətin olduğunu deyib. Amma depressiv pozuntular qadınlarda, nevroloji problemlər isə kişilərdə daha çox rast gəlinir. Əlbəttə, bu məlumat nisbidir.

O, problemli insanların müalicəyə meylli olmasından da danışdı. G.Gəraybəylinin fikrincə, psixi problemlərə münasibət dəyişir:

“Psixatriya artıq insanları qorxutmur, bunun səbəbləri müxtəlifdir. Psixi xəstəxanaları abadlaşır, müalicə üsulları müasirləşir. Bu da psixiatriya xəstəxanalarına qarşı insanlardakı vahiməni azaldır. Psixi sağlamlıq mərkəzləri artır, sahə xəstəxanalarında psixiatrlar fəaliyyət göstərir. Bu da psixi problemi olanların adından qorxduğu xəstəxanaya yox, adi rayon xəstəxanasında kömək almasına imkan yaradır. Ona görə də hər il müraciət edən insanların sayı artır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm