Allahşükür Paşazadə: "Təriqətlərarası ayrı-seçkilik salanlara qarşı mübarizə aparılacaq"
Bizi izləyin

Qırmızı.az

Allahşükür Paşazadə: "Təriqətlərarası ayrı-seçkilik salanlara qarşı mübarizə aparılacaq"

Allahşükür Paşazadə: İstər vəhhabi, nurçu, təkfirçi, sünni, istərsə də şiə olsun, təriqətlərarası ayrı-seçkilik salanlara qarşı mübarizə aparılacaq

"Kim təriqətlərarası ayrı-seçkilik salarsa, istər vəhhabi, istər nurçu, istər təkfirçi, istər sünni, istərsə də şiə olsun, biz onlara qarşı mübarizə aparacağıq. Əgər mənim başıma bir iş gəlsə, davamçıların bu işi davam etdirəcək". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, bu gün din xadimlərindən tələb edilən dindən xalqın rifahı üçün istifadə olunmasıdır: "Biz dövlətimizin inkişafına öz töhfəmizi verməli, düşmənlərimizə qarşı birlikdə mübarizə aparmalıyıq. Bizim Qarabağ boyda dərdimiz ola-ola, o qədər tarixi abidələrimiz məhv ola-ola biz onun qeyrətini çəkməkdənsə, bir şuşalının Suriyada vuruşması nə qədər məntiqə uyğun ola bilər? Onları öyrədərək ora göndərib sünni-şiə məzhəbləri arasında ayrı-seçkilik salmaq yolverilməzdir. Nə üçün biz sünni-şiəyə ayrılmalıyq? Nə üçün biz bununla düşmən üçün imkan yaratmalıyıq? Bizə dəfələrlə müraciət edirlər ki, Suriyaya gedən oğullarını qaytarmaq istəyirlər. Hətta oğullarının ölü qayıtmasına da razıdırlar. Allah, İslam, Quran bunu deyirmi?"

Onun sözlərinə görə, QMİ din xadimlərinin təkmilləşməsini, müasir dövrün tələblərinə cavab verməsini istəyir: "Biz dəyişmək istəyirik, biz müasir həyatla ayaqlaşmaq isəyirik. Bu kursu keçirməkdə məqsədimiz odur ki, din xadimləri də müasir həyatın tələbləri ilə uyğunlaşsınlar".

Qeyd edək ki, bu gündən etibarən QMİ din xadimləri üçün mütəmadi təkmilləşdirmə kurslarının təşkilinə başlayıb. Kurslarda respublikanın müxtəlif bölgələrindən gəlmiş 50 din xadimi iştirak edəcək. Hər kursun müddəti 1 ay olacaq. Kursun keçiriləcəyi müddət ərzində iştirakçıların qalmaq, yemək, yol xərcləri QMİ tərəfindən ödəniləcək. Kurslara din alimləri ilə yanaşı, Bakı Dövlət Universiteti və Bakı İslam Universitetinin professor və müəllim heyəti də cəlb ediləcək. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm