Laçının işğalından 20 gün sonra döyüşən Azərbaycan əsgərləri kim olub?
Bizi izləyin

Qırmızı.az

Laçının işğalından 20 gün sonra döyüşən Azərbaycan əsgərləri kim olub?

Laçının işğalından 20 gün sonra döyüşən Azərbaycan əsgərləri kim olub?

Şümşad Nadirov: “Laçında hamının “bəy” kimi tanıdığı Kamran bəy, ümumiyyətlə, rayondan çıxmayıb, yalnız qışda ermənilər yerini öyrənəndən sonra mağaraya top ataraq, onu öldürüblər”

Qarabağ müharibəsi veteranı, Laçın polisinin keçmiş əməkdaşı Şümşad Nadirov Qarabağ müharibəsindən və kəşfiyyatçı kimi gördükləri işlərdən danışdı.

- Şümşad bəy, istərdim ki, bir qədər döyüş yolunuz haqqında məlumat verəsiniz.

- Hələ milli ordumuzun olmadığı vaxtda düşmən hücumlarından müdafiə üçün sərhəd rayonlarında polis orqanlarına vətənpərvər və fiziki-mənəvi cəhətdən güclü gənclər götürülürdü. Məhz həmin vaxt mən də Laçın polisinə yazılıb, dağlıq ərazilərdə, xüsusilə Ermənistanla sərhəddə düşmənlə mübarizə aparırdıq. Şuşanın işğalından sonra Laçına ən böyük təhlükə Ermənistanla sərhəd zonasından - Gorusdan idi, hər an düşmənin hücumu gözlənilirdi. Buna görə də Laçın polisi bu ərazini qoruyurdur. 1992-ci il mayın 16-da düşmənin həm Şuşadan, həm də Ermənistanda başlanan artilleriya atəşləri sahəsində rayon əhalisi ərazini tərk etməyə məcbur oldu. Mən cəbhə yoldaşlarımla birgə düşmənlə sərhəddə vuruşurduq. Bütün müqavimətə baxmayaraq, Laçın işğal olundu. Amma mən Laçını tərk etmədim. Doğulduğum Mişni kəndinə getdim. Qərara gəlmişdim ki, burda mövqe qurub ermənilərin gəlməsini gözləyim. Kəndə çatanda 40-a yaxın mülki vətəndaşımızın orada olduğunu gördüm. Onların içərisində bir nəfər qadın vardı. Xeyli müzakirədən sonra bu insanların çıxarılması qərara alındı.

- O zamanla bağlı çəkilən kadlarda belə təsəvvür yaranır ki, orada qalan olmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, ölkə televiziyalarında Laçının işğalı zamanı yalnız Laçının Qubadlı tərəfinə çıxış olan hissədə çəkilmiş kadrlar gedir. Hamıda elə təsəvvür yaranır ki, Laçında qalan yoxdur. Ancaq həqiqət elə deyil. Biz Laçını mayın 22-də tərk etdik. Kəlbəcər istiqamətində bir faktı qeyd deyim ki, Laçında hamının “bəy” kimi tanıdığı Kamran bəy, ümumiyyətlə, Laçından çıxmayıb. O, partizan müharibəsi aparıb. Yalnız qış vaxtı ermənilər yerini öyrənəndən sonra mağaraya top ataraq, onu öldürüblər.

- Maraqlı faktdır, bunu sizə kim deyib?

- Bunu əsir düşmüş Gorus batalyonunun komandirinin sürücüsü deyib. Mülki əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik ki, Laçın ərazisində kəşfiyyat apararaq məlumat toplayaq. Bu barədə Laçın polisinin komandiri Akif Səlimova danışdıqdan sonra 10 günlük kəşfiyyat dövrü bütün lazım olan məlumatları topladıq. 11-ci gün, 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən xeyli insanı Qaraçənli kəndi tərəfdə gördük. Bu dəstə Həkəri çayını keçib, Mişni kəndinə tərəf gəlirdilər. Mən dedim ki, gələn ermənilərdir. Çünki ərazini tanımırdırlar. Asan yolu qoyub, çətini seçiblər. Bu da ərazini tanımamaqlarından irəli gəlirdi.

- Siz nə etdiniz?

- Biz onlara gizli yaxınlaşdıq və silahlarının nədən ibarət olduğunu öyrəndik. Biz kəşfiyyar dövrü gecə daim Mişni kəndində qalırdıq, ona görə də kəndin 4 tərəfində patron, qumbara gizlətmişdik ki, birdən bizə hücum olarsa, hansı tərəfdə olsaq ondan istifadə edək. Ermənilər çox idilər və bütün gizlətdiyimiz patronları bir yerə yığdıq. Artıq axşam üstü, saat 4 idi. Elə yer seçdik ki, tam aydın görünsünlər. Qəfildən hücuma keçdik. Döyüşdə ermənilərin xeylisini məhv etdik. Digərləri qaçıb kəndin içindəki evlərə girdilər. Bir müddən sonra bir erməni çıxıb “hayes” deyə qışqırdı. Fikrətə dedim ki, sən də bərkdən iki dəfə “hayes” deyə çağır. Fikrət elə də etdi. Onlar bizim erməni olduğumuzu zənn edib, çölə çıxdılar. Əlimizlə işarə etdik ki, gəlin qabağa. Bunu görən ermənilər tam əmin oldular ki, biz erməniyik. Biz tez yerimizi dəyişdik və ikinci hücuma başladıq. Xoşbəxtlikdən bizə atılan güllələr yan keçdi. Qalan erməniləri məhv elədik. Bir çoxu isə təslim oldu. Artıq 3-4 saat idi ki, döyüş gedirdi. Hava qaralırdı. 53 erməni əsgəri öldürüldü. Əsir düşmüş 17 ermənini götürüb meşəyə tərəf getdik. Yüngül qaçışla gedirdik. Tələsməyimizə səbəb isə erməni ordusunun maşınlarının Hoçaz kəndi tərəfdən köməyə gəlməsi idi. Bir də 4 nəfərdə qalan patronların ümumi sayı 20 idi. Əgər əsirlər bilsəydilər ki, bizdə patronlar qurtamaq üzrədir, bəlkə qaçmağa cəhd göstərərdilər. Ona görə də bütün gücümüzlə dayanmadan meşənin dərinliklərinə getdik. Gecə saat 4-də bir balaca yorğunluğumuzu çıxartmaq üçün yarım saat istirahət etdik. Ermənilərdən bizim dili bilənlər deyirdilər ağlımıza gətirməzdik ki, burada azərbaycanlılar olar. Sonra çayı keçib, yola düşdük. İki günə Qorçudakı qərargaha çatanda artıq taqətimiz qalmamışdı. Yol boyu ərzağımız olmadığından yemlik ot, ya da gicitkan ovub yeyirdik. Qərargaha çatanda bizi və əsirləri görən komandirimiz Akif Səlimov bircə kəlmə dedi: - Siz əsl igidsiniz. Üç gün dincəldik. Ancaq bu üç gün ərzində bir gün yatdıq. Sonra məlumat vardı ki, ermənilər Alxaslı və Minkənd kəndlərində mövqe qurublar. Ona görə də komandir biz 4 nəfəri çağırdı. Dedi ki, sizə güvənim çoxdu və bilirəm ki, yorğunsuz, amma bu vacib əməliyyata siz getməlisiniz. Komandirin əmrini məmnuniyyətlə qəbul etdik. Ancaq məlumatın hardan gəldiyini soruşduq. Komandir demədi. Gecə yola çıxdıq. Hava işıqlananda dincəldik. İkinci günü gecə deyilən ərazidə kəşfiyyat apardıq. Bütün ərazinin boş və evlərdə heç kimin qalmadığını, yəni verilən məlumatın yalan olduğu üzə çıxdı. Ərazi tamam boş idi. Bir gün cəbhədən xəbər verdilər ki, Alxaslı kəndindən tüstü qalxır. Dərhal həyəcan əmri ilə hazır olduq. Biz hadisə yerinə getdik. İki “Ural” və “Qaz-66” maşını ilə kənddə qalan əşyaları qarət edən erməni hərbçilər evlərə od vururdular. Bu zaman döyüş başladı. Laçın tərəfdən ermənilərə kömək gəldi və vəziyyət daha da gərginləşdi. Bu zaman kəndin arxa tərəfinə keçdik. Çaş-baş qalan ermənilər qaçmağa başladılar. Bir “Uaz” və “Qaz-66” maşınını qoyub qaçdılar. Maşınları Pircandakı mövqelərimizə gətirdik... Laçından başqa, Füzuli, Horadiz döyüşlərində də iştirak etmişəm.

-Bildiyimiz qədər babanız 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə iştirak edib. Atalarımız düz deyib ki, ot öz kökü üstə bitər...

- Babam Məhəmməd Nadir oğlu 1918-ci il və ondan əvvəl ermənilərə qarşı qəhrəmancasına vuruşub. Bu qəhrəmanlıqlarına görə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov tərəfindən mükafatlandırlıb. Xalq qəhrəmanı Sultan bəy babama at, bir dəfə də beşatılan silan bağışlayıb...

Sonda onu qeyd edim ki, bu gün də vətən üçün əsgərəm və müharibə başlayarsa, ən ön sırada mən olacam. Ona görə də bu mənfur düşmənlə qısas günündə görüşmək üçün hər gün fiziki sağlamlığımı, döyüşcüyə lazım olan gücü saxlamaq üçün idman edirəm. Necə ki, türkün şanlı bayrağı türkün bütün torpaqlarında dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm