• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü -FOTOLAR

Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü  -FOTOLAR

“Könlüm keçir”də zəngilanlı balası Elnur Əşrəfoğlu ilə dərdləşirik. Tanınmış idman jurnalisti Elnur üçün Zəngilansız Zəngilandan danışmaq o qədər də asan olmadı. Təmkinli görünməyə çalışsa da, həmsöhbətimin arabir qəhərlənməyi də gözümdən yayınmadı.

“Anlamaq insanın ürəyini parçalayır”

“Bu gün əlimizdə olmayan Zəngilan barədə danışmaq mənə hədsiz dərəcədə ağır və həm də çətindir. Zəngilan İranla sərhəd bölgəsində yerləşirdi və arada da Ermənistanı keçib Naxçıvana gedirdik. O yerləri tez-tez xatırlayıram. Mənim bütün uşaqlığım Zəngilanda keçib. İndi də bioqrafiyamı yazanda ki, 1974-cü ildə Zəngilanda anadan olmuşam, çox kədərlənirəm. Doğulduğum və uşaqlığımı keçirdiyim doğma torpağımın işğal altında olduğunu anlamaq insanın ürəyini parçalayır”.

Vənətlidə keçən günlər...

“Atam Zəngilanın Vənətli kəndindən idi. O uzun müddət rayonda müxtəlif vəzifələrdə çalışıb. Atam uzun müddət kommunist partiyasının üzvü və ona sadiq insanlardan olub. Komsomolun katibindən tutmuş partya komitə sədrinə qədər vəzifələrdə çalışıb. “Raypo” deyirdilər, onun rəisi və icraiyyə komitəsinin sədr müavini, bu yaxınlara qədər də Zəngilan rayon şəhər nümayəndəsi kimi fəaliyyət göstərib. İndiki kimi yadımdadır, bir saylı orta məktəbdə təhsil alırdım. Orta məktəb illəri ilə bağlı o qədər xatirələrim var ki, bu saat çözələsən hamısını bir-bir danışaram. Baxmayaraq ki, bugün virtual bir aləmdə yaşayırıq, internet dövrüdür, mobil həyat xatirələrimizi də bir küncə sıxışdırıb. Səmimi olacağam, hətta bayaq sən deyəndə ki, Zəngilanda keçirdiyin uşaqlıq illəri barədə danışacağınq, mən buna çaşıb qaldım. Hətta düşündüm ki, mən görəsən nə danışacağam, yadıma sala biləcəyəmmi o xatirələri. Çünki yaşadığımız bu qaçhaqaç, mobil həyat tərzi yenə də deyirəm, bizi hər şeydən təcrid edib. Bəzən sinif yoldaşımla qarşılaşıram, əl verib görüşürük, amma xatırlaya bilmirəm ki, qarşımdakı kimdir. Amma indi səninlə oturub danışırıq, yaşadıqlarım bir-bir kino lenti kimi gözümün qarşısından gəlib keçir”.

“Bu dəhşətləri özüm gözümlə görmüşəm”

“Zəngilandan camaat çıxanda mən Bakıdaydım, onda Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakultəsində oxuyurdum. İkinci kurs tələbəsiydim. Son çıxışım isə camaatın Zəngilanı tərk etməsindən 40 gün əvvələ təsadüf edirdi. Rayonda demək olar ki, həmin ərəfədə həyat yox idi. Bilirsiniz ki, Zəngilan işğaldan əvvəl uzun müddət mühasirədə qaldı. Horadiz tərəfdən yollar bağlandı, paytaxtla əlaqə tamamən kəsildi. Digər tərəfdən ermənilər və İran sərhəddi. Rəhbərlikdə olan insanlar da həmin vaxt öz vəzifələrinə soyuqqanlı yanaşırdılar. Mən Zəngilanda olanda orda həyat dayanmışdı, hər dəqiqə, hər saat başımızın üstündən mərmilər yağış kimi yağırdı. Bir onda eşidirdik ki, filankəsin ayağını qrad aparıb, ya üç nəfər filan yerdə parça-parça olub. Bu dəhşətləri özüm gözümlə görmüşəm. Çox oğullar canını tapşırdı orda, igidlərimiz şəhid oldular”.

“Mənə xəbər gəldi ki, camaat Araz çayını keçib Zəngilanı tərk edir”

“Atam, anam və qardaşım ən son məqamda Zəngilanı tərk edənlərdən olub. Onlar da Araz çayı vasitəsi ilə İrana-Parsabada daxil olublar və ordan da Azərbaycana gəlib çıxıblar. Mən Bakıda olanda çox şeydən xəbərsiz idik, çoxlu şayiələr danışırdılar. Yalandan danışırdılar ki, camaat Zəngilanı qoyub qaçır və s. Əsil həqiqəti isə Zəngilanda olanlar bilirdi. Topsuz-silahsız insanın üzərinə mərmi yağdırılırsa, tanklar hücum çəkirsə, göydən başlarına atəş yağdırılırsa, onlar neyləməliydi? Bu baxımdan çox çətin idi. Həmin vaxt mənə xəbər gəldi ki, camaat Araz çayını keçib Zəngilanı tərk edir. Mən tez Bakıdan İran sərhəddinə gedib atamgilin qabağına çıxdım. Mən onda dəhşətlərin şahidi oldum. Anaların göz yaşı, ah-naləsi, ayaqyalın uşaqların iniltisi-bunları xatırlamaq dəhşətdir. Doğma torpağını, evini-eşiyini qoyub gələn insanın halı necə olar, onlar da o gündəydi”.

Araza tökülən Zəngilan camaatı...

“Arazı çayını keçəndə Zəngilan camaatının başına çox işlər gəldi. Mal-qarasıyla keçənlər vardı, hansı ki, çoxunu su apardı, insanlar suda boğuldu. Özü də Arazın elə bir gür axan yeriydi ki, ordan keçmək böyük bir təhlükə demək idi. Həmin ərəfədə hələ suyun qarşısını kəsmişdilər ki, camaat suda boğulmasın. Amma Arazın qabağını tam kəsmək mümkün deyildi”.

Vənətlidəki Şüsən meçəsi...

“Bu saat səninlə danışıram, xəyalım büsbütün Zəngilanı gəzib dolaşır. Vənətlidəki Şüsən meşəsi vardı-burnumun ucu göynəyir o yerlərdən ötrü. Rayonda istirahət ocaqları çox idi, qotur su, isti su deyilən təbii sular vardı ki, camaat oraları çox sevərdi, hər bölgədən gəlib orda dincələrdilər”.

“Zəngilanda qoyub gəldiyim foto-albom”

“Mənim Zəngilandakı evimizdən götürmək istədiyim amma götürə bilmədiyim çox şeylər var. Bir foto-albomum vardı, mənim üçün çox qiymətli idi. Ali məktəbdə oxuyanda bəzi şəkillərimi gətirib gəlmişdim, amma o foto-albomu özümlə götürə bilmədiyimə görə təssüflənirəm”.

“Yuxumda görürəm ki, dədəm məni çağırır”

“Evimizdə Zəngilandan danışanda keçmiş zaman şəkilçisində danışmırlar. Evini, torpağını qoyub gəlmiş insanların içindəki o ümid yaşayır. Ailəmiz o yerlər barədə həmişə ümidlə danışır. Bir də görürsən atam səhər tezdəndən sevincək gəlir ki, bugecə yuxumda kəndimizi görmüşəm, görürəm ki, dədəm məni çağırır. Bağlı-ğaxçalı həyət evimiz vardı. Köhnə Pitçivan deyilən ərazidə yerləşirdi evimiz. Orda elə gözəl ağaclarımız vardı ki… İndinin özündə də həyətimizdən danışanda o ağaclara kimi xatırlayırıq. Gilas, gilanar, tut ağacından danışırıq, deyirik ki, yəqin həmin ağaclar durur. Hətta fikirləşirsən ki, o ev, o həyət indi də keçmiş sahiblərini gözləyir. Atamgil indi də o abi-havayla yaşayır ki, o yerlərə dönəcəyik. İnsan yaşlaşdıqca keçmişə-doğulduğu torpağa qayıtmaq istəyir. Romanın inperatoru olub e, səhv eləmrəmsə Avqusto, imperatorluğu verib, öz kəndinə qayıdıb. Vəziyyət kəskinləşən kimi onu yenidən imperatorluğa dəvət ediblər. O isə belə cavab verib: “Siz bilsəniz ki, mənim əkdiyim kələmlər necə qəşəng bar veriblər burda, heç məni ora dəvət etməzdiniz”. Yəni insan yaşlaşdıqca öz eli-obası, kəndi-kəsəyi ilə nəfəs alır”.

Zəngilanın məşhur çinar qoruğu

“Zəngilanda Bəsitçay qoruğu vardı, o qoruq dünyada öz ərazisinə görə ikinci yeri tuturdu. Həmin Çinar qoruğunun səsi-sədası bütün dünyaya yayılmışdı. Dünyada ikinci, Avropada isə birinci idi həmin qoruq. İndi danışırıq Zəngilanın bütün gözəllikləri gözüm önünə gəlir və həmin yerləri necə qoyub gəlmişiksə eləcə də durduğunu dəqiq bilirəm. Ola bilər e, hansısa kəndi-kəsəyi ot, ya qamış basar, amma dəyişə bilməz”.

“O əks-səda indi də qulağıma gəlir”

“Yuxularıma tez-tez girir Zəngilan. Xüsusən də orta məktəb illərində başıma gələnlər, yenidən yuxuma girir. Uşaqlarla demək olar ki, hər gün beş-altı saat futbol oynayardıq. Bizi futbol meydançasından yığışdırmaq mümkün deyildi. Biz bina evində qalırdıq, anam həmişə məni evimizdən səsləyirdi. O səs əks-səda verirdi. Bax indi danışıram, o əks-səda qulağıma gəlir”.

“Tətil olan kimi biz Vənətliyə yığışıb gedərdik”

“Biz dədə deyirdik, Həzi babamla bağlı çoxlu xatirələrim var. Tətil olan kimi biz Vənətliyə yığışıb gedərdik. Dədəm Həzi kimi rayonda tanınmış bir kişi idi. O insanın arzusuydu ki, nəvələri təhsil alsınlar, oxumuş adam olsunlar. Yayın cırhacırında bizə kitab oxutdurardı. Kəndin havası elə idi ki, gecə saat neçədə yatmağından asılı olmayaraq səhər tezəndən səni oyadırdı”.

Uşaqlıqdan qalan çapıq izi...

“Zəngilanda keçən uşaqlığımdan danışıb, davalarımı xatırlamasam, xatirələrim məndən inciyər. Çox olub davalarım. Uşaq vaxtı dəcəl idim. Təsəvvür edin, bu dəcəlliyimin üstündə iki ayağımı, qollarımı sındırmışdım, başıma baxın, alnımdakı bu çapıq izi uşaqlıqdan mənə yadigar qalıb. Çarpayıda yellənərkən yıxılıb başımı dəmirə vurmuşam və bu çapıq əmələ gəlib.

“Amma orta məktəbdə oxuduğum illərdə bir qədər diplomatik uşaq olmuşam, davalardan yayınmışam. Nadir hallarda davaya düşmüşəm, onda da döyən vaxtlarım da olub, döyülən də. Bir xasiyyətim vardı, döyülsəm də axıra qədər mübarizəmi aparırdım. Baxmayaraq ki məni döyən yaşca üç-dörd yaş böyük olub. Elə siz deyən kimi, qız üstə də davalarımız olub”.

“Qafanda döydüyümüz ermənilər”

“O vaxtlar Azərbaycanda 28 aprel sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd olunurdu. Aprelin 26-ı isə ermənilər onlarda sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd edirdi. Qafanla biz qonşu rayon idik. Sovet hökuməti vaxtı idi, biz Qafana hansısa bayramı qeyd etməyə gedirdik, onlar da bizə gəlirdilər. Təsəvvür edin, bu mədəniyyət günləri deyil, dava günləri idi. 10-12 yaşlı uşaqlar ermənilərlə dava edirdik. Birdəfə möhkəm kütləvi dava düşdü, konsertdən sonra onları döyüb yola saldıq”.

“Sinif yoldaşım orda vuruşub şəhid oldu”

“Mənim yeniyetməlik vaxtlarım çox pis dönəmlərə təsadüf etdi. Biz o dönəmlərdə xoş xatirələri yaddaşımıza yazmalı olduğumuz halda acı xatirələrlə yükləndik. Sinif yoldaşım Emin vardı, döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhidlər xiyabanında dəfn olunub. Onun ağır xəbəri gələndə mən Bakıdaydım. Çox sarsıldım bu xəbərdən. Hətta mən xəcalət çəkdim ki, burda Bakıda sağ-salamatam, sinif yoldaşım orda vuruşub şəhid olub. Yaxın qohumlarımdan, qonşularımdan şəhid olanlar oldu”.

Zəngilanlı balasının arzuları...

“Dədəm Zəngilanın ətrini almaq üçün balaca həyətində kənddəki ağaclardan əkib. Hətta o ağacları o qədər yaxın əkib ki, külək vurub onları məhv etməsin. Mən atamın ilk dəfə göz yaşını Zəngilandan ayrılanda görmüşəm. İndi hər kəs başını aşağı salıb öz həyatını yaşayır. Amma biz Zəngilanda olanda çox yaxın, çox doğma idik. Zəngilan bugün alınsa, mən Bakıda işimi-gücümü, nüfuzumu-hər şeyi atıb ora qaçaram. Gedib orda bir Zəngilan radiosu yaradaram, ya qəzet açaram, axır ki, doğma torpağımın havasını udub, suyunu içərəm. Çox darıxmışam o yerlər üçün, çox…”

Cəvahir Səlimqızı

Foto: Xəyal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR