• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Prezidentimiz mənə desə ki, gəl “oxrana” işlə, gələrəm” – MÜSAHİBƏ

“Prezidentimiz mənə desə ki, gəl “oxrana” işlə, gələrəm” – MÜSAHİBƏ

Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirovun Publika.az-a müsahibəsi:

Aydın müəllim, hazırda nə işlə məşğul olursunuz?

Heç, nəvələrimlə bir yerdə istirahət edirəm. Xaricdə idik, yeni gəlmişik. Elə ulu öndər Heydər Əliyevin ad günündə iştirak etmək üçün istirahətdən tez qayıtmışıq.

“Şükürlər olsun ki, tam sağlamam”

Səhhətiniz yaxşıdır?

Hə, səhhətim çox yaxşıdır. Nə olub mənə? Şükürlər olsun ki, tam sağlamam. Allah Prezidentimin canını sağ etsin. Səhhətimin yaxşı olmasına görə ona borcluyam.

“Mənimlə maraqlanmasaydılar, o zaman bu gün rahat gəzməzdim”

İndi sizinlə maraqlanan var?

Necə deyim. Əgər indi mənimlə maraqlanmasaydılar, o zaman bu gün rahat gəzməzdim.

“Bakıda göz muncuğu asmaq lazımdır”

Mayın 10-da Heydər Əliyevin ad günü idi. Ziyarət etdiniz məzarını?

Mən hər il gəlib ziyarət edirəm. Bu il ayın 8-də də ulu öndərin məzarını ziyarət etdim. Allah ulu öndərə dönə-dönə rəhmət etsin. O cür adam bir də Azərbaycanda olmayacaq. Mən özüm də ulu öndərin kadrı olmuşam və bununla fəxr edirəm. Mən onu Azərbaycana gəlməmişdən əvvəl tanımışam. Kaş ki, Allah ona möhlət verəydi, heç olmasa 6-7 il də ömür yaşayaydı. Heç olmasa xalqın içərisində gəzəydi. O, Azərbaycan xalqı üçün qürur, şərəf idi. O, çox gözəl insan idi. Mən onun barəsində danışanda çox kövrəlirəm. Onun kimi insan daha dünyaya gəlməz. Ulu öndər Azərbaycan üçün canını qurban verməyə hazır olub. Təkcə gəmiçilik sahəsində mən şahidi olmuşam ki, hələ SSRİ dövründə ulu öndər uzaqgörən siyasət yürüdərək Azərbaycan üçün necə böyük işlər görüb. Ulu öndərdən ikincisi dünyaya gəlməyəcək. Allah ona rəhmət etsin. O, öz xalqı üçün yanan adam olub. Vaxtilə ulu öndər məni “Şöhrət” ordeni ilə təltif etmişdi. Daha sonra isə Cənab Prezidentimiz İlham Əliyev məni ölümdən xilas etdi. Gecə ikən məni təyyarə ilə Almaniyaya müalicəyə göndərdi. Əgər o vaxtı mən səhərə qalsaydım, indi həyatda yox idim. Həyatımı xilas etdi, üstəlik də köməkçisi mütəmadi olaraq səhhətimlə maraqlanırdı. Bu qədər yaxşılıqları yaddan çıxartmaq olar? Bu gün mən Cənab Prezidentin sayəsində yaşayıram. Allah onun canını sağ etsin. Mən bunu hər zaman deyəcəm ki, Prezident İlham Əliyev məni həyata qaytardı. Mənim özümü çox xoşbəxt hesab edirəm. Çünki bizim bu cür Prezidentimiz var. Allah onun həm özünün, həm də balalarının canını sağ etsin. Prezidentimizin özü kimi, onun balası Heydər Əliyev də çox ağıllı və sadə insandır. O, başqalarına nümunə olacaq bir oğuldur.

Bu gün Azərbaycanımız, Bakımız inkişaf edir, gözəlləşir. Adam şəhərə baxanda qürur duyur. Mən hər zaman bunu deyirəm ki, Bakıda göz muncuğu asmaq lazımdır. Yoxsa göz dəyər. Bütün bu inkişafın kimin sayəsində mümkün olub? Yalnız və yalnız Cənab Prezidentimizin sayəsində.

Prezidentimiz ad gününü də qaçqınlarla bir yerdə qeyd edir. Allah hər zaman ona yardımçı olsun.

““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə aramız yaxşıdır”

Prezidentin Sərəncamı ilə yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətini izləyirsiniz?

QSC yaradılandan sonra mən onlarla tam qurtardım, hər şeyi də təhvil verdim. Təhvil-təslim zamanı da heç bir problem olmadı. Yeni kollektivə də uğurlar arzu etmişəm. Əminəm ki, Azərbaycanda gəmiçilik daha da inkişaf edəcək, mövcud olan problemlər də aradan qalxacaq və hər şey düzələcək. Allah hamsının canlarını sağ etsin. Arzu edirəm ki, hamısı işlərində möhkəm və sədaqətli olsunlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə aramız yaxşıdır. Mən onlara uğurlar arzu edirəm.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni yaradılan zaman təhvil-təslim prosesində nöqsanların olması ilə bağlı sizin də adınız hallanırdı. Yazılanlara münasibətiniz necədir?

Eybi yox, qoyun kim nə yazır yazsın. Bir söz var, it hürər, karvan keçər. Çox təəssüf ki, Azərbaycanda bəzi adamlar var ki, birinin üstünə beşini də qoyub bu cür ara sözlər yazırlar və sairə. Bir-birinə qarşı paxıllıq edirlər.

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs olunub, barəsində korrupsiya ittihamları var. Buna münasibətiniz necədir?

Mən bu barədə danışmayacam. Çünki mən onların işi ilə tanış deyiləm. Onlar başqa sahədə, biz başqa sahədə çalışmışıq. Ona görə də mən bu barədə bir söz deyə bilmərəm.

“Mübariz Mədətov mənim düşmənim deyil”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətov oğlu Xalid Mədətovun maşınla adam vurması hadisəsindən sonra tutduğu vəzifədən olunub. Bundan məlumatınız var da?

Vallah, heçnə bilmirəm. Allahın işidir, olub. Mən heç kimə pislik arzu etmirəm. Onu da qınamaq olmaz. Mübariz də vaxtilə mənim işçim olub. Ona vaxtilə kömək etmişəm. O, pis insan olmayıb. Nə etsin? Nə biləydi ki, övladı onu üzüqara edəcək? Allahın işidir, oldu. İnsanın başına hər şey gələ bilər. Mən bunu heç kəsə arzu etmirəm. Mübariz Mədətov mənim düşmənim deyil. Mənim bir düşmənim var, o da ermənidir. Arzu edirəm ki, tezliklə qələbə qazanaq və ermənilər torpaqlarımızdan çıxsınlar.

“İndi vəzifədə olan bir çox məmurlar məni hal-əhval edib soruşurlar”

Vəzifədən gedənsən sonra dostlarınızın sayı artıb, yoxsa azalıb?

Hələ ki, heç bir dəyişiklik yoxdur. Əksinə, indi vəzifədə olan bir çox məmurlar məni hal-əhval edib soruşurlar, xeyr-şər mərasimlərində də iştirak edirəm. İndi də istirahət edirəm. Sabah Cənab Prezident məni hər hansı yerdə işə çağırarsa, hər an gəlməyə canla-başla hazıram. Prezidentimiz mənə desə ki, gəl “oxrana” işlə, gələrəm. Qurana and olsun ki, bunu edərəm. Prezidentimiz nə desə, onu canla-başla yerinə yetirməyə hazıram. Çünki məni həyata o qaytarıb. Prezidentimizi çox istəyirəm. Nəvələrim də onu çox istəyir. Evdə prezidentimizin və Ulu Öndərin şəkilləri asılıb.Prezidentimizi nəinki mən, həm də bütün Azərbaycan xalqı çox sevir. Mənim vaxtımda prezidentimizə dənizçilər 99,9 faiz səs vermişdilər. İndi görün bütün Azərbaycanda nə qədər səs veriblər. Heç bir yerdə öz prezidentinə bu qədər sevgi yoxdur. Ancaq bizim prezidentimizi xalq çox sevir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR