DGK sədri Toqo Respublikasına səfər etdi
Bizi izləyin

Qırmızı.az

DGK sədri Toqo Respublikasına səfər etdi

Mayın 8-9 tarixlərində Azərbaycan Respublikası və Toqo Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, səfərin ilk günü, mayın 8-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Toqo Respublikası Gömrük və Vasitəli Vergilər Komissarlığının baş komissarı Kodjo Adedze arasında görüş keçirilib.

Yarandığı tarixdən bəri əldə edilən nailiyyətlərlə yanaşı, ölkəsinin gömrük xidməti olaraq dövrün tələbatlarına çətinliklə cavab verə bildiklərini nəzərə çatdıran baş komissar Kodjo Adedze bu sahədə Azərbaycan gömrük xidmətinin dəstəyinə ehticay duyduqlarını vurğulayıb və bu səbəbdən edilən səfərə görə öz dərin təşəkkürünü bildirib.

Öz növbəsində, DGK sədri Aydın Əliyev hazırkı səfərin də ölkələrimizin gömrük xidmətləri arasında beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirilməsinə və prespektiv məsələlərin öz müsbət həllinin tapmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Gömrük Xidməti nümayəndə heyətinin Toqoya səfərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdıran Komitə sədri onu da vurğulayıb ki, ulu öndər hər zaman gömrük xidmətinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xüsusi önəm verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildikdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” hər iki ölkənin nümayəndə heyətləri tərəfindən paraflanıb.

Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından bu ölkənin gömrük xidmətinə noutbuklar və planşetlər hədiyyə edilib. Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından hədiyyə edilən iki kinoloji xidmət itinin narkotik vasitələrin axtarışı üzrə təqdimatı keçirilmiş, axtarış itləri bu ölkənin gömrük xidmətinə təhvil verilib.

Mərasimdən sonra hər iki ölkənin gömrük xidmətləri rəhbərləri kütləvi informasiya vasitələri qarşısında bəyanatlarla çıxış ediblər.

Toqo Respublikası Gömrük və Vasitəli Vergilər Komissarlığının baş komissarı Kodjo Adedze Azərbaycan Gömrük Xidməti tərəfindən ölkəsinin analoji qurumuna edilən davamlı yardımlara, xüsusilə narkotik vasitələrin axtarışı üzrə təlim keçmiş kinoloji xidmət itlərin təhvil verilməsinə görə öz dərin təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev öz növbəsində iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın tarixinə toxunaraq xatırladıb ki, Ümumdünya Gömrük Təşkilatının sessiyası çərçivəsində toqolu həmkarları Azərbaycan tərəfinə gömrük sferasında əməkdaşlıq, eyni zamanda narkotik vasitələrin aşkarlanması sahəsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsindən yararlanmağı təklif edib və bu təklif müsbət qarşılanıb. A.Əliyev bundan sonra da hər zaman toqolu həmkarlarına yardım etməyə hazır olduqlarını bildirib.

Sonra jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Səfərin ikinci günü, mayın 9-da Azərbaycan nümayəndə heyəti Toqo Gəlirlər İdarəsinin baş komissarı Henri Qater ilə görüşüb. Görüşdə ölkələrimiz arasında gömrük sferasında əməkdaşlıq və bu əməkdaşlığın gələcək prespektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Toqo Respublikası İqtisadiyyat və Maliyyə naziri Adji Ote Ayasor ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Adji Ote Ayasor Azərbaycan Respublikası ilə hökumət səviyyəsində ilk əlaqələrin məhz gömrük xidmətləri arasında baş tutmasını məmnunluqla xatırladıb və ümidvar olduğunu bildirib ki, gələcəkdə bu əlaqələr daha geniş trayektoriyanı əhatə edəcək. Eyni zamanda, Azərbaycan Gömrük Xidməti tərəfindən toqolu həmkarlarına göstərilən yardımlara görə də təşəkkürünü bildirən nazir qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davamlı iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycan Respublikasının bütün dünya dövlətləri, o cümlədən, Toqo Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu diqqətə çatdırmış, eləcə də iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunmuş, bu gün imzalanacaq sazişin ölkələrimizin uyğun qurumları arasında əlaqələrin inkişafına stimul verəcəyinə və beləliklə, tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əminliyini ifadə edib.

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Toqo Respublikası İqtisadiyyat və Maliyyə naziri Adji Ote Ayasor imzalayıblar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Toqo Respublikasına səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm