Qənirə Paşayeva Bolu bələdiyyə başqanı ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Bolu bələdiyyə başqanı ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Bolu bələdiyyə başqanından Qarabağ adını daşıyan park, meydan və abidənin olmasını xahiş edib.

Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyib. Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib.

Millət vəkili Bolu bələdiyyə başqanı Alaaddin Yılmaza Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi və bələdiyyə başqanı başda olmaqla bütün Bolu bələdiyyəsinə ona Bolunun Fəxri Vətəndaşlığı verdikləri üçün təşəkkür edərək bu etimadı hər zaman doğrultmağa çalışacağını bildirdi. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması da söhbət zamanı əsas müzakirə mövzusu olub.

Azərbaycanı çox sevdiyini deyən Bolu Bələdiyyə başqanı Alaaddin Yılmaz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söylədi və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır deyən Bolu bələdiyyə başqanı Azərbaycanın torpaq bütünlüyünün təmin olunması Türkiyənin də əsas məsələlərindən biridir və biz bu məsələnin qısa zamanda həll olunmasını istəyirik və hər zaman Azərbaycanın yanındayıq deyib. Millət vəkilinin Bolunun park, meydan və ya mərkəzi küçələrindən birinə Azərbaycanın, Qarabağın adının verilməsini müsbət bir addım olacağı fikrinə bələdiyyə başqanı Alaadin Yılmaz çox müsbət yanaşıb. O, Bolunun mərkəzində ucaldılacaq Koroğlu Kompleksində də Azərbaycana xüsusi yer və diqqət ayrılacağını deyib və növbəti Beynəlxaql Koroğlu festival və simpoziumlarında da Azərbaycandan geniş nümayəndə heyəti dəvət ediləcəyini və bütün Türk dünyasının birlik və bərabərlik içində bu tədbirlərdə iştirak edəcəyini deyib.

İndiyə qədər bu tədbirlərdə iştirak və çıxış etməkdən məmnunluğunu ifadə edən millət vəkili yaxın günlərdə işıq üzü görəcək "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" seriyasından 2-ci kitabda Bolu ilə bağlı geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Bolu ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Qənirə Paşayevaya Bolu haqqında yazdığı məqalə və yazılara, Bolunun təbliğində dəstəyə və Boluda Azərbaycanla, Azərbaycan-Türkiyə münasibətləri və Qarabağ problemi ilə bağlı konfranslar verərək özəlliklə gənc nəsillərə Azərbaycanı daha yaxından tanıtdığı üçün təşəkkür edən bələdiyyə başqanı rəhbərlik etdiyi bölgə ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi üçün çalışmaları sürətləndirəcəklərini deyib.

Millət vəkili Bolu bələdiyyə başqanı Alaaddin Yılmazı Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Bolu bələdiyyə başqanı Alaaddin Yılmaz yaxın zamanlarda ölkəmizə səfər edəcəyini və bu səfərin Bolu bələdiyyəsi ilə Azərbaycanın bölgələri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu Bələdiyyə başqanı Alaaddin Yılmaza Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib. Bələdiyyə başqanı da millət vəkilinə Bolu ilə bağlı materiallar hədiyyə edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm