• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir həftədə 10 kiloqram arıqlamaq istəyənlər üçün - MÜTLƏQ OXUYUN

Bir həftədə 10 kiloqram arıqlamaq istəyənlər üçün - MÜTLƏQ OXUYUN

“Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər eşitdiyimiz pəhrizi tətbiq etmək nə qədər doğrudur?

Yayda istədiyimiz geyimi geyinmək üçün artıq çəkidən səhhətimizə zərər vurmadan necə xilas ola biləcəyimizi Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

İngiltərə alimlərinin hesablamalarına görə, 1980-ci ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4 dəfə artaraq təxminən 1 milyarda çatıb. Bədən çəki indeksi 25-dən çox olan insanların sayı 1980-dən 2008-ci ilədək 23-dən 34-ə yüksəlib. 1980-ci ildə 250 milyon adam piylənmədən əziyyət çəkirdisə, 2008-ci ildə bu rəqəm 904 milyona çatıb.

15 yaşdan yuxarı əhali arasında artıq çəkidən əziyyət çəkənlərin 33.8%-i Amerikanın payına düşür. Qadınların 35.5%-i, kişilərin isə 32.2%-i piylənmədən əziyyət çəkir. ABŞ-dan sonrakı yerləri Meksika (30%), Yeni Zellandiya (26.5%), Çili (25.1%) tutur. Kanadada bu rəqəm 24.2%, İngiltərədə və İrlandiyada 23%, Lüksemburqda 22.5%, Estoniyada 20.2%-dir. Piylənmənin ən az olduğu ölkələr Koreya(3.8%) və Yaponiyadır (3.9%).

2011-ci ildə aparılmış araşdırmaya əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.

Piylənməyə məruz qalan və artıq çəkili insanlar dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.

Piylənmə və onun gətirdiyi xəstəliklər bu qədər aktual olarkən, insanların artıq çəkidən xilas olmaq üçün yollar axtarması da normaldır. Amma çox vaxt yol düzgün seçilmir. Tanışların tətbiq etdiyi, mətbuatda yazılmış pəhrizləri tətbiq edirlər. Yalnız şorba içərək, yaxud qarpız yeyərək qısa müddətdə çəki atırlar, lakin bu uzunmüddətli olmur. Bir qisim insan isə nə qədər zəif olsa da, özünü kök hesab edir və hər eşitdiyi pəhrizi tətbiq edərək arıqlamağa çalışır. Bəzən bu üsullar səhhətimizdə daha ciddi problemlər yaradır, nə yeyiriksə kökəlməyə başlayırıq. Itirilmiş çəki qısa zamanda yenidən bərpa edilir. Səbəbi isə bəlli olmur.

Bəs düzgün arıqlamaq üsulu necədir? Pəhriz zamanı nəyı diqqət etməliyik?

Pəhrizdə edilən səhvlər

Dietoloq Leyla Zülfüqarova son vaxtlar qısa zamanda arıqlamaq üçün müraciət edənlərin sayının artdığını deyib. Onlar da əsasən, qısa müddətdə, çimərlik müddətinə qədər arıqlamağı istəyirlər. Dietoloq təəssüflə qeyd edib ki, insanlar ilboyu orqanizmin qayğısına qalmır, yalnız yayda istədiyi paltarı geyinəndə kompleks yaşamamaq üçün müraciət edirlər. İnsanlar bilməlidirlər ki, ömürboyu sağlam yaşamağa çalışmaq lazımdır. Bir-iki ay pəhriz saxlamamalı, hər zaman normal qidalanmağa çalışmaq lazımdır. Ayda neçə kiloqram çəki itirmək hər bir insan orqanizminə görə dəyişir. O, pəhriz zamanı edilən səhvlərdən də danışıb:

“Müraciət edənlər əsasən, mono dieta səhvi edənlərdir. Bu, çox böyük səhvdir. Bu üsulla qısa zamanda çox çəki atmaq olar. Lakin bədən uzun müddət ancaq bir qidanı qəbul edəndə orqanizm ondan doyur. Həmin qida bədənə düşən kimi çıxır, sorulma prosesi getmir. Eyni tərkibli qidalarda orqanizm qida qəbul etmədiyinə görə çəki itirir, lakin bu zaman maye balansı, ən təbii resurs-əzələ hüceyrələri itirilir. Yağ bədəndə qaldığına görə, çəki azalmır. Insanların ən böyük səhvi eşitdikləri pəhrizi tətbiq etmələridir. Pəhriz fərdi məsələdir, hər bir orqanizmə uyğun qida norması var. Pəhriz müddəti bitsə belə, hər kəs yayda qidalanmaya xüsusi fikir verməlidir. Qara çay, qazlı içkilərdən istifadə azalmalı, adi su qəbul edilməlidir. Meyvə və tərəvəz salatları daha çox yeyilməlidir”.

“Bu, artıq psixoloji problemdir”

Pəhrizlə istədiyi çəkiyə nail ola bilməməkdən şikayət edənlərin də sayı çoxalıb. Psixoloqların fikrincə, bu zaman problem artıq psixolojidir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, dietoloqa müraciət edən hər kəs həm də psixoloqa istiqamətləndirilməlidir:

“Yayın gəlməsi ilə əlaqədar yeməyə təlabat azalsa da, bundan başqa istədiyi geyimi geyinə bilmək istəyi də pəhrizə başlamağın əsas səbəblərindəndir. Bir qisim insanlar isə bunu ciddi problemə çevirirlər, pəhrizə yönəlirlər. Pəhriz saxlayarkən mütəxəssislə məsləhətləşməmək zərərli olmaqla yanaşı, onları əsas məqsədə çatdıra bilmir. Bu, sonradan başqa problemlər yarada bilir. Kilo almaqdan qorxan insanlar anareksiya adlanan psixoloji problemdən əziyyət çəkir. Bu insanlar üçün pəhrizdən əvvəl psixiatr müayinəsi və psixoloji dəstək lazımdır. Yediyi hər qidanın kalorisini hesablamaq kliniki problem kimi dəyərləndirilir. Bu insanlar zamanında müayinə olunmalıdır, çünki onların özlərini görmək şəkilləri fərqlidir. Müalicə olunmazsa, həm fizioloji, həm də psixoloji problemləri dərinləşə bilər. Bizə anareksiya problemləri ilə bağlı müraciət edənlərin sayı artıb, xüsusən qadınlarda və yeniyetmələrdə daha çox müşahidə edilir”.

Psixoloqun fikrincə, anareksiya problemi daha çox yeniyetməlik dövründə yaranır və uzun müddət davam edir. Dietoloq da ilk növbədə bu insanlarla işləyərkən psixoloqla məsləhətləşməli, onunla paralel işləməlidir. Çünki yeməyi azaltmaqla, problemi aradan qaldırmaq olmur. Bu insanlar nə qədər arıqlasa da, özünü kök hesab edir.

Hansı orqanların fəaliyyəti pozulur?

Problem yalnız psixoloji deyil. Artıq çəki qədər, pəhrizlər də sağlamlığımızda itkilər yarada bilər. Xüsusən də, xüsusi məsləhət olmadan, kor-koranə tətbiq edilən və mono dietalar. Bunun nəticəsi isə zamanla özünü göstərir. Bəs, yanlış qida hansı orqanların fəaliyyətini poza bilər?

Dietoloq-endokrinoloq Səlim Əhədovun sözlərinə görə, pəhriz zamanı bəzi qidaların alınmaması bədəndə zülal, mikroelementler və s. maddələrin azalmasına, bəzən yox olmasına səbəb olur. Bədənin əzələ kütləsinin saxlanılması üçün normal zülal qəbul edilməlidir. Çünki əzələ parçalanması gücün itirilməsinə səbəb olur. Pəhriz saxlayanlar gün ərzində 2-3 litr təmiz su qəbul etməlidir.

S.Əhədov mono dietanın daxili orqanlara vurduğu zərərlərdən də danışıb. Onun sözlərinə görə, bu cür qidalanma beyindən, ürək-damar, böyrək, qaraciyər, mədə-bağırsaq problemlərinə səbəb olur:

“Bir qidanı qəbul etmək onun həzmində ən çox iştirak edən orqanın həddən artıq yüklənməsinə səbəb olur. Bu cür pəhriz saxlayanlar 2-3 aydan bir qanda hemoqlobinin və s. maddələrin miqdarını müəyyən edən analizlər verməli, böyrəyin fəaliyyəti müayinə etdirməlidir. Uzunmüddətli ac qalaraq arıqlamaq təzyiqin düşməsi, özündəngetmə, ürək döyüntülərinin artıb-azalmasına səbəb ola bilər. Məsələn, sirkə qəbul edərək arıqlamağa çalışanlarda qastrit, mədə xorası, turşuluq artması kimi problemlərdən başqa, onikibarmaq bağırsağın funksiyasının pozulması müşahidə edilir, qida borusunda da iltihab baş verə bilər”.

Həkim bildirib ki, uzun müddət ac qalmaq heç zaman məsləhət görülmür, gün ərzində minimum 2 dəfə qidalanmaq lazımdır, normal pəhrizdə isə gündə 3-5 dəfə yemək yeyilməlidir. Uzun müddət ac qalmaq isə daxili orqanlarda sadalanan problemlər daha kəskin formada özünü biruzə verməsinə səbəb olur:

“Bu zaman, insanlar asanlıqla özündən gedir. Beyinə gedən qlükozanın miqdarının azalması düşüncə, təfəkkür, yaddaş zəifləmələrinə səbəb olur. Zehni əmək keyfiyyəti də aşağı düşür. Bu insanlar qidanı görəndə mədə şirə ifraz edir, bu da mədənin qatlarına mənfi təsir edir. Əzələ üçün lazım olan maddələr qəbul edilməzsə, qüvvə aşağı düşür. Xüsusən zulalsiz, kalorisiz qidalar, müəyyən çayların qəbul edilməsi əzələlərin parçalanmasına səbəb olur”.

S.Əhədov bildirib ki, istənilən pəhrizdə ilk növbədə meyvə və tərəvəz qəbulu vacibdir.

“Süd məhsulları-qatıq , kəsmik, süd, tərkibində zülal olan qidalar-ət, yumurta, paxlalı bitkilər- lobya, göy noxud, soya yeyilməlidir. Əlbəttə, hamısı yox, zövqə görə bunlar arasında seçim edilməlidir, hər növdən biri və ya bir neçəsi yeyilməlidir”.

Həkim pəhrizin müddətinin orqanizmin bədən çəki indeksi, xəstəlikləri əsasında müəyyənləşməli olduğunu deyib:

“Bəzən bu, ömürlük ola bilər. Hədəf müəyyən edilir, ona çatdıqdan sonra, bəzi "olmaz" dediyimiz qida sayını azaltmaq olar. Qısamüddətli arıqlamaq mümkün olsa da, bu zərərlidir. Tibb elmində ən optimal arıqlama ayda 1-2 kiloqram hesab edilir. Daha artıq arıqlamaq isə ilk növbədə dəridə boşalmalar, qırışlar, həmçinin daxili orqanlarda sadaladığımız problemlərə səbəb olur”.

Göründüyü kimi, piylənmə, artıq çəki nə qədər bizi cəmiyyətdən, sağlam həyatdan uzaqlaşdırsa da, yanlış pəhrizlər də ən azı onlar qədər zərərlidir. Yayda istədiyimiz geyimi geyinmək qədər, həmin geyimlərdə sağlam gəzə bilmək də önəmlidir. Bunu nəzərə alaraq, pəhrizə başlamazdan əvvəl psixoloq və dietoloqla məsləhətləşmək ən doğru seçimdir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR