• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlham Əliyev: "Bu doğrudan da saraydır"

İlham Əliyev: "Bu doğrudan da saraydır"

“Bu gün Şamaxı rayonunda çox əlamətdar bir gündür. Şamaxıda belə gözəl, möhtəşəm otel açılır, “Şamaxı Palace” oteli. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da “Palace” oteldir, yəni saraydır, saraya oxşayır. Həm xarici görünüşü, daxili dizaynı, rahatlığı, əlbəttə ki, ən yüksək səviyyədədir”.

ANS PRESS-in məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışında deyib. İ. Əliyev bildirib ki, otel üçün ən yüksək standartlar tətbiq edilib, otaqlar genişdir, rahatdır, istirahət üçün gözəl imkan var: “Bu, Azərbaycanda artıq üçüncü oteldir ki, “Rixos” şirkəti onu idarə edir. Bundan əvvəl Qubada gözəl otelin açılışında iştirak etmişəm, Naftalan şəhərində “Rixos” fəaliyyət göstərir və indi Şamaxıda. Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir. Azərbaycan inkişaf edir. Hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni otellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Çünki bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli – həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik.

Bildiyiniz kimi, Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni, dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni, biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik. Yenə də otellər tikilir. Hazırda Bakıda “İnturist” oteli tikilir. Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli “İnturist” idi. Sonra “Yeni İnturist” tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilmişdir. Ancaq bakılıların xatirəsində həmişə “İnturist” oteli yaşayır.

Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. “İnturist” oteli tikilir. Adı da “İnturist” olacaqdır. Təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir.

Turistlərin sayı, qonaqların sayı artır və hər qonaq, hər halda mənimlə görüşən xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirdədirlər. Azərbaycanın inkişafı, Bakının gözəlliyi onları heyran edir. Keçən ay Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən gözəl aerovağzal komplekslərindən biridir. Həm xarici görünüşü, dizayn, interyer, həm də zövq baxımından ən yüksək səviyyədədir. Ona görə hazırda bax bu turizm və nəqliyyat infrastrukturu bizə imkan verir ki, bu sektoru sürətlə inkişaf etdirək.

Məni daha çox sevindirən odur ki, hazırda bölgələrdə ən müasir səviyyədə otellər tikilir. Şimal-qərb zonasında, bax, Şamaxıda artıq ikinci oteldir. Biri də tikilir. Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilmişdir. Beynəlxalq Aeroport və dörd, ya da ki, beş beşulduzlu otel artıq fəaliyyət göstərir. Şəki bizim qədim şəhərimizdir. Orada da otellər tikilib. Şimal istiqamətində “Rixos” artıq Qubada fəaliyyət göstərir. Böyük qolf meydançası da vardır, burada dünya çempionatları keçirmək mümkündür. “Şahdağ” qış-yay turizm mərkəzi. Orada artıq üç otel açılıbdır - “Şahdağ”, “Pik Palas”, “Zirvə”, dördüncüsü də tikilir. Qusar və Qəbələ rayonlarında dağ xizəyi kompleksləri açılmışdır. Bu, Azərbaycanda heç vaxt olmamışdır. Yəni, turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir.

Ölkəmiz çox gözəldir, zəngindir. Təbiətimiz, havamız, iqlimimiz böyük sərvətimizdir. Eyni zamanda, Azərbaycanda tarixən müalicə üçün də yerlər olmuşdur. Onların içində mən Naftalanı qeyd etmək istəyirəm. Orada da “Rixos” fəaliyyət göstərir və biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Sovet vaxtında hər il 50-60 min insan Naftalana müalicə üçün gəlirdi.

Müstəqilliyin ilk illərində Azərbaycan erməni işğalına məruz qalmışdır. Məcburi köçkün soydaşlarımız o otellərdə, sanatoriyalarda məskunlaşmışdı. Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr yaratdıq. Onlar çox gözəl yerlərə köçürüldü. İndi Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir. “Çinar”, “Rixos” otelləri və tikilməkdə olan “Qarabağ” oteli də artıq Naftalanı bir turizm, istirahət, müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir.

Yəni, ərazisi o qədər də böyük olmayan ölkədə görün, artıq nə qədər turizm mərkəzləri vardır. Bakı dəniz sahilində istirahət üçün imkanlar yaradır. Qusar, Qəbələ dağ xizəyi, Şamaxı, Naftalan. Biz Qalaaltını da buraya əlavə etməliyik. Çünki sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir. İndi Qalaaltıda çox gözəl, yeni otel tikilir.

Əlbəttə ki, bu, uzunmüddətli strategiyamıza uyğundur. Çünki bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Əgər investorların inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar. Həm yerli, həm xarici investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır.

Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki Azərbaycanı daha çox neftə, qaza görə tanıyırdılar. Amma mən istəyirəm ki, Azərbaycanı gözəlliyə, rahatlığa görə tanısınlar, turizm mərkəzi kimi tanısınlar. Bütün imkanlar vardır - belə təbiət, gözəl hava, istedadlı insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bakı da ən təhlükəsiz şəhərdir. Əlbəttə ki, nə qədər çox inkişaf getsə, insanlar nə qədər çox zənginləşsələr, varlı olsalar, ölkəmiz də bir o qədər çox inkişaf edəcək və Azərbaycan daim inkişaf yolu ilə gedəcəkdir. Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir.

Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Belə gözəl, möhtəşəm otelin Şamaxıda yaradılması əlbəttə ki, çox əlamətdar hadisədir. Şamaxı inkişaf edir. Mən keçən il Şamaxıda olmuşam. Keçən il tariximiz, milli dəyərlərimizin qorunması üçün çox əlamətdar hadisə baş vermişdir. 743-cü ildə tikilmiş, Azərbaycanda və müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi əsaslı bərpadan sonra açılmışdır. Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə verdiyimiz töhfədir, mənəvi borcumuzdur.

Ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir. Bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR