"AZAL" bu ay yeni reyslər açır
Bizi izləyin

Qırmızı.az

"AZAL" bu ay yeni reyslər açır

Mayın sonundan "Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev Beynəlxalq Hava Limanından altı yeni reys açmağı planlaşdırır. Publika.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərov "The Business Year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Nijni Novqorod, Minsk, Krasnoyarsk, Perm, Kazan və Rostov aviareysləri açılacaq.

C.Əsgərov deyib ki, həmin şəhərlərdə çoxsaylı etnik azərbaycanlılar yaşayır və regional diasporların liderləri dəfələrlə Azərbaycanın milli aviadaşıyıcısına həmin şəhərlərə müntəzəm reyslərin açılması xahişi ilə müraciət ediblər.

QSC rəhbəri qeyd edib ki, bundan başqa, Gəncə-Mineralnıye Vodı və Gəncə-Antalya reyslərinin açılması da planlaşdırılır.

Onun sözlərinə görə, Gəncədə dinamik inkişaf edən aeroport fəaliyyət göstərir və milli aviadaşıyıcı hava limanının sərnişin axınının artması üçün mümkün olan hər şeyi etmək niyyətindədir.

C.Əsgərov onu da bildirib ki, "Azərbaycan Hava Yolları"nın yeni - Qəbələ-Naxçıvan daxili aviareysini açmaqla bağlı planları da var: "Lakin ən əhəmiyyətlisi, şübhəsiz ki, Bakıdan Nyu-Yorka ilk qitələrarası aviareysin açılışı olacaq. Biz yay mövsümünün sonuna ABŞ-a müntəzəm aviareysin icrasına başlamağı planlaşdırırıq, artıq ABŞ Federal Mülki Aviasiya İdarəsinin icazəsi alınıb. İdarənin ekspertləri Azərbaycanın aviasiya uçuşlarının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun gəldiyini qeyd ediblər".

QSC sədrinin sözlərinə görə, bu, Cənubi Qafqaz regionundan Şimali Amerikaya ilk aviareys olacaq ki, bu da hava sərnişin nəqliyyatı sahəsində regional lider kimi "Azərbaycan Hava Yolları"nın statusunu möhkəmləndirəcək.

C.Əsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı barədə danışarkən qeyd edib ki, terminalın buraxılış qabiliyyəti ildə altı milyon sərnişinədək olacaq. Terminalın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Aeroportun yeni terminalı 30 eskalator və 20 sərnişin lifti ilə təchiz olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm