Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?
Bizi izləyin

Qırmızı.az

Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Hər şey 1935-ci ilin qışında semestr imtahanları başlayan zamanda aşkara çıxır.

Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Cərrahiyyə fakültəsində təhsil alan tələbələrin ilk imtahan günü qarşıdurma və fakültə komsomol təşkilatının uzun-uzadı sürən iclası ilə başlayır...

Mircəfər Bağırovun qılıncının arxasının da, qabağının da kəsdiyi dövr, repressiya maşınının insan həyatını həzmi-rabedən keçirdiyi bu dövrdə bütün Azərbaycan SSRİ-də varlı təbəqəyə və onların törəmələrinə qarşı ciddi təqiblər davam edirdi.

Təqiblərə məruz qalaraq haradasa bütün nəsli məhv edilmiş Yaqublu ağalarının salamat qalan kimi vardısa, hamısı Sibir düzlərində sürgündə, ya da dağlarda döyüşlərdə, kiçikləri isə internatlarda məskən salır.

Hələ 1929-cu ilin payızında Gədəbəyin Yaqublu dərəsində antisovet hərəkatı başladan Məcid ağa ilə Sovet qoşunu arasında son, həlledici döyüş başlanır. Rus hərbi dəstələri Gədəbəy-Göyçə arasında qərar tutmuş yerli bəylərdən ibarət dəstəyə qarşı ağır silahlardan atəş açmağa başlayır.

Üzü qışa doğru, əməliyyatı həyata keçirən rus komandirinə Bakıdan şəxsən Mircəfər Bağırovdan daxil olan teleqram bolşevik dəstələrini geri çəkməyə vadar edir. Bağırov minlərlə əsgərə malik qoşunun bir dəstə “Xalq düşməninə” qalib gələ bilməməsini heç cür qəbul edə bilmir və o, buna görə də qoşunun dağlardan çəkilməsini əmr edir.

Burda isə başqa bir problem meydana çıxır:

Yaqublu ağalarının üstünə düşmən qüvvəsi gətirən yerli casuslar və partiyaçıların həyatı təhlükə altına düşür. Buna görə də Bağırova hətta, Moskvaya qədər anonim məktub yazıb, qoşunun geri qayıtmasına mane olurlar.

Əməliyyat uzandıqca Bakıda səbri tükənən Bağırov qərar tuta bilmir və birbaşa Novo-İvanovkay-rus ştabının qərərgahına gəlir.

Yerli döyüş şəraiti ilə tanış olan Bağırov, müqavimət dəstəsi, xüsusən də Məcid ağa haqqında müfəssəl məlumat əldə edir.

Elə oradaca ciddi şəkildə komandirə tapşırıq verir:

“Bütün dəstəni məhv edin, Məcid ağanı isə diri şəkildə, tükünə belə toxunmadan gətirin”.

Bu şəxsin Məcid ağaya olan simpatiyasına toxunmadan onu qeyd edim ki, ağanın müqaviməti 1930-cu ilin fevralının sonuna kimi davam edir.

Onun meyitini müdafiə olunduğu qayadan tapırlar, əlində də on atılan tüfəng. Bağırovu ən çox sarsıdan isə Məcid ağanın ona göndərilən tüfəngi olur.

Üstündə “Məcidi Məcid vurdu” yazıb son gülləsini özünə vuran ağanı o hələ uzun müddət unutmayacaqdı.

Beləcə, Məcid ağa qəhrəmanlığa ölümü ilə yekun vurur. Bağırov Məcid ağanın böyük oğlu Cəmşid ağanı Bayıl türməsində güllələnmə ilə məhv etdirir.

Ağanın kiçik oğlu-azyaşlı Ənvər isə internata verilir...

5 il sonra artıq ATİ-nin Cərrahiyyə fakültəsinin birinci kurs tələbəsi olan Ənvərin “KULAK” oğlu olmağı isə unudulmayıbmış.

Tələbələrin siyahısını tutan Komsomol təşkilatı arxivi araşdırarkən, qəribə faktlarla qarşılaşır:

“Şəkibəyov Ənvər Məcid oğlu, atası “Xalq düşməni”, sovet hakimiyyətinə qarşı mübarizə aparmış, keçmiş Çar naçalniki...”

Məlumatlar kifayət idi. Məsələ büroya çıxarılır.

Ənvər imtahana buraxılmır. Ona heç kim salam vermir, hər kəs xalq düşməninin oğlundan qaçmağa başlayır. Ən dözülməz hal isə, institutun qabağına əllərində plakat tutmuş bir qrup tələbənin onu qarşılaması olur:

“Bandit oğlu, rədd ol!”..

Dəhşət idi. Ənvəri İnstitutun qabağına belə, qoymurlar. Hər yerdən ümidi kəsilən Ənvər birbaşa Mərkəzi Komitənin yolunu tutur...

Bağırova deyəndə ki, cavan bir uşaq sizin qəbula düşmək istəyir, çox təəccüblənir.

Axı repressiyanın, qandal abu-havasının hökm sürdüyü bir zamanda hansısa bir gənc oğlanın onunla nə işi ola bilərdi?

Ənvəri Bağırovun qəbuluna gətirirlər. Mərkəzi Komitənin I katibi Ənvəri görən kimi eynəyini stola çırpır və ayağa qalxıb ona tərəf gedir.

Bağırovun müasirləri həmişə qeyd edir ki, o daha çox hirslənəndə eynəyini stola çırpar və otaqda olan əsəbləşdiyi adamın taleyi isə güllələnmə ilə bitərmiş. Bu dəfə isə hər şey fərqli cərəyan edir.

Bağırov Ənvərə “Sən, Məcidin oğlu deyilsənmi ?” deyir.

Ənvər həkim sonralar özü də deyirmiş ki, Bağırovun onu tanımasından çox təəccüblənsə də, sonralar başa düşdüm ki, Bağırov Məcid ağa öldükdən sonra da onun bütün nəslini nəzarət altında saxlayırmış. Buna görə də məni tanıması, əslində, çox da qeyri-adi məsələ deyildi.

Bağırova başına gələnləri söyləyən Ənvərin təhsili həmin gündən universitetdə bərpa edilir və 1939-cu ilin “Fin müharibəsi”nə qədər ATİ-də təhsil almağa davam edir.

(Ardı var)

Əziz Əlibəyli

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm