“Fövqəladə hallarda özünü necə aparmalı?” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Fövqəladə hallarda özünü necə aparmalı?” - FOTOLAR

FHN “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda tədbir keçirdi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Qaradağ rayonundakı 233 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının əməkdaşları iştirak ediblər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar ediblər.

Çıxışlar zamanı tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və sairlə bağlı ətraflı məlumat verilib.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı zəhərlənmələri ilə mübarizə barədə videoçarxlar nümayiş olunub.

Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam edib. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilib. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb.

Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanıb.

Praktik hissə zamanı məktəbin həyətində Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, xüsusi kinologiya avtomobili, Tibb Xidmətinin və Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub.

Bundan əlavə, qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm