Meşə qəssabı həbs edildi
Bizi izləyin

Qırmızı.az

Meşə qəssabı həbs edildi

Meşəni qanunsuz zəbt edən, qiymətli ağacları kəsən şəxs ifşa olundu

Çoxsaylı şikayət məktubları ilə müəssisə rəhbərliyini şantaj etmək, səlahiyyətli işçilərə hədə-qorxu gələrək onları özündən asılı vəziyyətdə saxlamaq, bununla da pozucu və qanunsuz fəaliyyətini ört-basdır etmək istəyən meşə gözətçisinin əməlləri üzə çıxarılıb. Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi Şüvü meşəbəyliyinin 8 saylı dolayında meşə gözətçisi işləyən Fətulla Əliyevin ağac qırıntısı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş çoxsaylı şikayətləri əsasında sözügedən müəssisənin meşə dolaylarında təkcə 2013-cü ildə bir neçə dəfə yoxlama aparılıb. Hər dəfə onun tərəfindən göstərilən faktlar öz təsdiqini tapmayıb. Əksinə, aparılan yoxlamalar zamanı onun meşə gözətçisi işlədiyi dolayda pozuntu faktları aşkar edilib.

Bununla əlaqədar və yazdığı əsassız şikayət məktubları ilə bağlı meşə gözətçisi Fətulla Əliyevə bir neçə dəfə ETSN-nin Meşələrin İnkişafı Departamenti tərəfindən ciddi xəbərdarlıqlar edilib. Lakin o, məqsədli olaraq həyata keçirmək istədiyi şantaj xarakterli iddialarından əl çəkmək istəməyib və Astara MMBM-in ümumi iş ahəngini pozmağa yönələn faəliyyətini davam etdirib.

Belə ki, onun məqsədi yazdığı çoxsaylı şikayət məktubları ilə müəssisə rəhbərliyini şantaj etmək, müəssisənin müxtəlif səlahiyyətli işçilərinə hədə-qorxu gələrək onları özündən asılı vəziyyətdə saxlamaq olub, bununla da özünün pozucu və qanunsuz fəaliyyətinə göz yumulmasına şərait yaratmaq istəyib.

Qeyd edək ki, təkcə 2013-cü ildə onun tərəfindən ETSN-yə 10 şikayət ərizəsi daxil olub və bu ərizələr əsasında il ərzində onun iştirakı ilə Astara MMBM-də Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən 3, Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən isə 2 dəfə olmaqla ümumilikdə 5 kompleks yoxlama aparılıb.

Aparılan yoxlamalar zamanı Fətulla Əliyevin yazdığı faktlar təsdiqini tapmadıqda hər dəfə o məsuliyyətdən yaxa qurtarmaq üçün əsassız bəhanələr gətirərək tərtib olunmuş sənədləri imzalamamış, yaxud da yoxlamada iştirakdan imtina edib. O məqsədlə ki, yenidən əsassız şikayət məktublarının yazılması davam etsin, idarənin normal iş ahəngi pozulsun, onun dolayında törədilən qanunsuzluqlar ört-basdır olsun.

Bir sözlə, şantaj yolu ilə Fətulla Əliyev öz əməllərini gizlətməyə çalışsa da, araşdırmaların nəticəsi onun qanunsuz əməllərini üzə çıxarıb.

Aparılan araşdırmalar zamanı onun işlədiyi 8 saylı dolayda 9.92 hektar meşə fondu torpağının zəbt edildiyi, ərazidə meşə ağaclarından təmizlənərək sitrus və dekorativ bitkilərdən ibarət bağların salındığı, biçənək sahəsinin yaradıldığı və qanunsuz istifadə edildiyi məlum olub. Ərazidən qanunsuz istifadə edən vətəndaşlar bu torpaqların onlara F.Əliyev tərəfindən müəyyən pul vəsaiti müqabilində verildiyini bildirib.

Yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Departamentinin 14 yaznvar 2014-cü il tarixli əmri ilə Əliyev Fətulla Cəfər oğlunun işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədə saxlanılması qeyri mümkün hesab edilib və o işdən azad olunub.

Sonuncu yoxlamalardan sonra müəssisə daxilində tam olaraq ifşa edildiyini başa düşən Fətulla Əliyev yenidən şantaj vasitəsinə əl atmış və əsassız şikayətlə mətbuata müraciət edib. Bununla bağlı yanvarın 17-də Nazirlikdə KİV nümayəndələrinin də iştirakı ilə operativ yoxlama qrupu yaradılıb və Astara MMBM-də təkrar yoxlamalara başlanılıb.

Yoxlama zamanı şikayətçinin iştirakı ilə qırıntılara və qanunsuzluqlara yol verildiyi iddia olunan meşə sahələrinə baxış keçirilib. KİV nümayəndələrinin də iştirakı ilə aparılan araşdırmalarda bu dəfə də şikayət öz təsdiqini tapmayıb.

Yoxlama qrupu, həmçinin şikayətçi F.Əliyevin gözətçi olduğu dolaya da baxış keçirib və bu dəfə daha ciddi faktlar üzə çıxarıb. Gözlənildiyi kimi, bir daha ifşa olunduğunu başa düşən Fətulla Əliyev həmin sahədəki yoxlamada iştirakdan yenə də imtina edib.

Yoxlamanın gedişində onun gözətçisi olduğu dolayın 32 yerində 17,3 hektar meşə torpağı sahəsinin Fətulla Əliyev tərəfindən külli miqdarda pul vəsaiti müqabilində müxtəlif şəxslərin zəbt etməsinə şərait yaradıldığı, 107 ədəd (qızılağac və dəmirağac cinsindən olan) qiymətli ağacın qanunsuz olaraq kəsilməsi faktı müəyyən olunub.
KİV nümayəndələrinin də iştirak etdiyi yoxlama qrupunun araşdırmaları davam etdirilir.

Bu araşdırma tam yekunlaşmasa da, rəhbərlik etdiyi müəssisədə lazımi qayda-qanun yarada bilmədiyinə görə Astara MMBM-nin direktoruna da şiddətli töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılır. Yoxlamaların yekun nəticələrinə uyğun olaraq isə araşdırma materiallarının hüquq-mühafizə orqanlarına göndərilməsi istisna edilmir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm