“Məni xoşum gələn qızın məhəlləsində döydülər”
Bizi izləyin

Qırmızı.az

“Məni xoşum gələn qızın məhəlləsində döydülər”

Yardımlı rayon sakini, 1989-cu il təvəllüdlü Azəddin Ağayev Sumqayıt şəhər sakini Yaqub Cavadovu öldürməyə cəhd edib. Publika.az-ın araşdırmasına görə, hadisə 2012-ci il, noyabrın 22-də Sumqayıt şəhərində baş verib.

Azəddin Ağayev həmin gün saat 21.00-da yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 23/31 nömrəli binanın qarşısında Cavid Yaqubov ilə mübahisə edib. Mübahisə zamanı Azəddin Cavid Yaqubovu bıçaqlayıb. Cavid bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Cavidin həyatı xilas edilib. Azəddin isə həbs edilib.

Azəddin Ağayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Məhəllədə oğurluq olduğunu dedim"

Azəddin Ağayev Cavid Yaqubova ağır bədən xəsarəti yetirməkdə özünü təqsirli bilib. O, deyib ki, əvvəllər Cavidi tanımayıb: "Cavidi ilk dəfə noyabrın 22-də görmüşəm. Əvvəllər aramızda heç bir münasibət olmayıb. Özüm Sumqayıt şəhərində, İnşaatçılar qəsəbəsində, 23/31 saylı binada yaşayıram. Noyabrın 22-də, saat 20.00-da eyvanın qarşısında dayanmışdım. Həyətə baxarkən, Cavanşirin tez-tez yerdəyişmələr edərək, yaşadığım evin eyvana baxdığını gördüm. Ona yaxınlaşaraq kim olduğunu və kimi axtardığnı soruşdum. Ona məhəllədə oğurluq olduğunu dedim. Cavanşir "get işinlə məşğul ol" deyə mənə sərt cavab verdi. Ondan niyə belə cavab verdiyini, mənimlə dalaşmaq istəməsini soruşdum. Cavanşir mənimlə dalaşmaq istədiyini dedi".

"Cavanşir "hara baxıram, özüm bilərəm" dedi"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib: "Cavanşir eyvanıma baxmamasını dedim. Cavanşir də ucadan "sənə nə var, özüm bilərəm, get işinlə məşğul ol", deyə bildirdi. Cavanşirin niyə belə hərəkət etməsinin səbəbini aydınlaşdırmaq istədim. Lakin Cavanşir ucadan danışdığından kənar şəxslərin də ora toplaşa bilməsindən ehtiyatlanaraq onu yaşadığım binanın yaxınlığında yerləşən qarajın yanına apardım. Orada Cavanşir uca səslə nalayiq sözlər işlətdi. Bundan sonra Cavanşiri bir-iki dəfə sillə ilə vurdum. Sillənin təsirindən Cavanşir yerə yıxldı.

"Onların mənimlə dalaşmağa gəldiyini başa düşdüm"

Azəddin Ağayevin sözlərinə görə, həmin mübahisə təxminən bir-iki dəqiqə davam edib. O, deyib ki, hadisə vaxtı onların yanında heç kim olmayıb, kənar şəxs görməyib və müdaxilə etməyib: "Cavanşirlə mübahisə etməyimə səbəb ondan nəyə görə bizim eyvanına baxdığını soruşduqda, mənə kobud cavab verməsi və "yaxşı edirəm, baxıram" deməsi olub. Cavanşirlə dalaşandan sonra evə getdim. Təxminən bir saat sonra anam ilə qonşumuz Tamamın evinə getdik. Orada toy video kasetinə baxarkən qohumum Rəşad gəldi və mənə əsgər yoldaşımın həyətdə gözlədiyini dedi. Mən də çölə çıxanda tanımadığım təxminən səkkiz-on nəfər cavan oğlanın yaşadığım binanın eyvanının qarşısında olduğunu və onların arasında mənimlə dalaşan Cavanşirin olduğunu gördüm. Onların mənimlə dalaşmağa gəldiyini başa düşdüm".

"Oğru olmadığımı dedim"

Azəddin Ağayev daha sonra qeyd edib ki, həmin şəxslərin arasından biri ona yaxınlaşıb. Həmin şəxsin istintaq dövründə Cavid Yaqubov olduğunu deyən Azəddin Ağayev Cavanşirin Cavidlə dost olduğunu bilib: "Cavid mənə yaxınlaşaraq "dostumuzu döymüsən, telefonlarını da götürmüsən, get telefonları gətir" dedi. Əvvəlcə heç nə anlamadım. Buna görə də nə demək istədiyini soruşdum. Cavid "bir saat əvvəl Cavanşiri döyüb, onun telefonlarını götürmüsən" dedi. Ona heç bir telefon götürmədiyimi və ümumiyyətlə, telefon görmədiyimi, oğru olmadığımı dedim. Onlara sakit tərzdə Cavanşiri nə səbəbə döyməyimi izah etdim. Bu zaman qəflətən Cavid arxadan əli ilə məni itələdi. Arxaya çevriləndə Cavid məni boynumdan tutmuşdu. Buna görə də onunla əlbəyaxa olmuşdum. Cavid gilin çox olduğunu gördüm. Cavidin məni döyməsinin qarşısını almaq məqsədi ilə üstümdə gəzdirdiyim cib bıçağı ilə onu qorxutmaq istədim. Lakin bıçaq Cavidə dəydi. Cavid də oradan qaçdı".

"Müstəntiq məni düzgün başa düşməyib"

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinin bir hissəsini təkzib edib:

"İstintaq zamanı ifadələrimdə göstərilib ki, guya Cavidi bir neçə dəfə bıçaqla vurduğumu demişəm. Mən isə istintaqa qədər Cavidə bir dəfə bıçaq dəydiyini bilmədiyimi demişəm. Buna görə də Cavidə bir neçə dəfə bıçaq vurmağımı bilməmişəm. Buna görə də ifadəmin həmin hissəsi doğru deyil. Yəqin, müstəntiq məni düzgün başa düşməyib. Biz dalaşan zaman tam qaranlıq idi. Hadisədən sonra anam məni çağıra-çağıra ora gəldi və məni evə apardı. Anama dalaşdığımı dedim. Atam Quba rayonunda idi. Evdə 5-10 dəqiqə olandan sonra atamın qorxusundan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan dayım Şəminin evinə getdim. Gecəni orada qaldım".

"Əməlimdən peşmanam"

Azəddin Ağayevin sözlərinə görə, atasından qorxduğu üçün bir-iki gün evə getməyib:

"Noyabrn 29-da polisə getmək qərarına gəldim. Atam ilə birlikdə bölməyə gedərək, hadisə barədə məlumat verdim. Polis bölməsinə gələndən sonra bıçağı da polislərə təqdim etdim. Hadisə vaxtı Cavid məni itələyib. Onun bu hərəkətindən şikayət etməmişəm. Cavid məni bağışlayıb. Törətdiyim əmələ görə özümü günahkar hesab edirəm və əməlimdən peşmanam".

"Cavanşir bir nəfər şəxsin onu qız üstündə döyməsini dedi"

Zərərçəkmiş Cavid Yaqubovun sözlərinə görə, noyabrın 22-də, axşam saat 20.00-da dostları Aydın və Əhlimanla bir yerdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən həmişə olduğumuz "Xanə" çayxanasında olublar: "Bu zaman dostum Yavərin əmisi oğlu Cavanşir çayxanaya girdi. O, çayxananın qapısından əl edərək bizi çölə çağırdı. Biz də çölə çıxanda Cavanşirin sifətində göyərti izlərinin olduğunu və ağzının qanadığını gördük. Cavanşirdən nə baş verdiyini soruşdum. Cavanşir İnşaatçılar qəsəbəsində tanımadığım bir nəfər şəxsin onu qız üstündə döydüyünü dedi. Mən də Yavəri taparaq onu olduğumuz yerə çağırdım. Yavər də 10-15 dəqiqə sonra çayxanaya gəldi. Cavanşir hadisəni Yavərə də danışdı. Cavanşir döyülən zaman cibindəki iki ədəd telefonun da itdiyini dedi. O, telefonların tapılması üçün bizdən kömək istədi. Bundan sonra Əhliman, Aydın və Yavər Cavanşirin dediyi yerə gəldik. Ora gəldikdən sonra tanışım Elşən də oraya gəldi".

"Şikayətim yoxdur"

Zərərçəkmiş qeyd edib ki, Əhlimanın tanışı Rəşad vasitəsi ilə Azəddini evdən çağırıb və onu həyətə düşürüblər:

"Orada Azəddinə irad kimi əlim ilə başının arxasından vurdum. Bu zaman Azəddin də arxaya çevrildi. Azəddinin boynundan tutaraq onunla əlbəyaxa olduq. Bir-birimizin yaxasından tutduq. Onunla dartışarkən kürək nahiymdə və döş qəfəsinin sol hissəsində sancılar olduğunu və Azəddinin bıçaqla məni vurduğunu hiss etdim. Buna görə də oradan qaçaraq getdim. Bir qədər sonra dostları gəldi və məni xəstəxanaya apardılar. Xəstəxanada olarkən Azəddindən şikayətim olmadığından izahatımda məni tanımadığım şəxsin vurduğunu bildirdim. Azəddindən şikayətçi olmamağımın səbəb özümün Azəddini əlimlə birinci vurmağım olub. Əgər Azəddini birinci vurmasaydım, Azəddin məni vurmazdı. Hadisə yerinə Cavanşirin xahişi ilə onun itmiş telefonlarını axtarmağa getdiyimiz zaman mübahisə yaranıb. Həmin mübahisəyə səbəb də Azəddinin başının arxasından vurmağım olub. Azəddin Ağayevə qarşı heç bir şikayətim yoxdur".

"Tanımadığım qızın yaşadığı iki mərtəbəli evin qarşısına gəldim"

Şahid qismində ifadə verən Cavanşir Haqverdiyev deyib ki, noyabrın 22-də, saat 19.00-da nənəsi gilə gedərkən yolda yadına bir neçə gün əvvəl gördüyü qızı görmək düşüb və həmin qızın yaşadığı evə tərəf gedib: "Qızın yaşadığı evə tərəf getdim ki, bəlkə, qızı görərəm. Tanımadığım qızın yaşadığı iki mərtəbəli evin qarşısına gəldim. Evin eyvanına baxarkən, orada sonradan Azəddin olduğunu bildiyim şəxs mənə yaxınlşadı. Azəddin mənə "hara baxırsan?" deyə soruşdu. Mən də Azəddinə "hara baxıram, özüm bilərəm" dedim. Azəddin də bundan sonra mənə yaxınlaşaraq, burada nə gəzdiyini və kimi axtardığını soruşdu. Azəddinin məni sorğu-sual etməyi xoşuma gəlmədi. Buna görə də ona sərt cavab verdim. Azəddin yaxamdan tutaraq məni yerə yıxdı və döydü. Ayağa qalxaraq həmin yerdən qaçdım. Növbətçi mağazasının yanına çatarkən, gödəkçəmin cibində "Nokia-700" markalı və "Samsunq-sgh-3650" markalı mobil telefonun olmadığını gördüm. Hadisə vaxtı gödəkçəmin hər iki cibinin zamokunun açıq olduğundan telefonlarımın yerə yıxıldığım zaman cibimdən düşdüyünü bilmişəm. Lakin Azəddindən qorxduğuma görə döyüldüyüm yerə gedə bilmədim. Fikirləşdim ki, əmim oğlu Yavərə bu barədə deyərəm və onunla bir yerdə həmin yerə qayıdaraq telefonları taparam".

"Döyüldüyüm yerə gəldik"

Cavanşir Haqverdiyevin sözlərinə görə, əmisi oğlu Yavərin yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən evinə gedib: "Lakin Yavərin evdə olmadığını bildim. Yavərin həmişə dostları ilə "Xanə" çayxanasında olduğunu fikirləşərək çayxanaya getdim. Çayxanaya daxil olmamışdan əvvəl içəriyə nəzər saldım. Orada Yavəri görmədim. Masa arxasında Yavərin dostları Aydınla Cavidi gördüm. Yavərin dostlarını çölə çağıraraq onlara hadisə barədə danışdım. Onlara döyülərkən telefonlarımın yerə düşərək itdiyini dedim. Bir qədər sonra ora Yavər də gəldi. Yavərə hadisə barədə ətraflı danışdım. Əmim oğlu Yavərə və dostlarından telefonu tapmaqda mənə kömək etmələri xahiş etdim. Mən, Yavər, Cavid, Əhliman və Aydınla bir yerdə döyüldüyüm yerə gəldik".

"Hadisədən iki gün sonra Yavər itmiş telefonumu mənə qaytarıb"

Cavanşir Haqverdiyev daha sonra ifadəsində qeyd edib: "Orada Əhliman tanışı vasitəsi ilə məni döyən Azəddini gətirdilər. Azəddin mənə "sən yenə buralara gəlmisən?" deyə soruşdu. Ona telefonlarımı axtardığımızı dedim. Bu vaxtı Yavərin dostu Cavid Yaqubov Azəddinlə mübahisə etməyə başladı. Cavid Azəddinin boynundan tutaraq itələdi. Azəddin də Cavidə tərəf çevrildi. Onlar bir-birilərinə əl-qol atdılar. Yavər hadisə yerindən uzaqlaşmağı məsləhət verdi. Mən də qaçıb növbətçi mağaza istiqamətə getdim. Orada 15-20 dəqiqə gözlədikdən sonra gələn olmadı, oradan evə getdim. Evdə telefonlarımın hadisə vaxtı itməsini dedi. Hələ evə gələrkən yoldan tanımadığım şəxsdən telefon alaraq Yavərə zəng etdim. Ondan harada olduğunu soruşdum. Yavər Cavidin bıçaqlandığını və xəstəxanada olduğunu dedi. Xoşum gələn qızın məhəlləsinə getmişəm, eyvanlara baxırdım ki, qızı görüm. Eyvanlara baxdığım üçün Azəddin məni döyüb. Azəddin məni döyərkən yanımda kimsə olmayıb. Hadisə ani bir vaxtda baş verib. Sonradan oraya çoxlu adam yığışıb. Buna görə də oradan qaçmışam. Hadisədən iki gün sonra Yavər itmiş telefonumu mənə qaytarıb".

Məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan edib. Hökmə əsasən, Azəddin Ağayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 və 126.2.4-cü maddələri ittihamdan xaric edilib. Məhkəmə Azəddin Ağayevi Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilib və məhkəmənin hökmü ilə Azəddin Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Azəddin Ağayev apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Baş Prokurorluq apellyasiya protesti verərək Azəddin Ağayevin cəzasının ağırlaşdırılmasını tələb edib. Hər iki şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Azəddin Ağayevin barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Azəddin Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm