• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“ABŞ rəsmiləri əsassız iddialardan çəkinməlidirlər” - MÜSAHİBƏ

“ABŞ rəsmiləri əsassız iddialardan çəkinməlidirlər” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən neqativ fikirlər səsləndirib. Bu fikirlərə münasibətinizi bilmək istərdik.

- İlk öncə onu qeyd etmək istərdim ki, ABŞ-la Azərbaycan arasında keçən iyirmi ildə daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyi, transmilli nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla bütün transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik. Bir tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər icra edir.

Bununla yanaşı, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa neçə yaşamağı öyrətməsi" heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də olmayacaq.

Konkret olaraq cənab Riçard Morninqstarın məlum müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri, nə Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil, nə də ki, "Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasının tələblərinə cavab vermir. Konvensiyaya əsasən, xarici dövlətlərin diplomatları fəaliyyət göstərdikləri ölkələrin qanunlarına və ictimai həyat normalarına hörmətlə yanaşmalı, bu ölkənin daxili və xarici işlərinə qarışmamalıdır. Diplomatik nümayəndəliyin əsas funksiyaları öz ölkəsi ilə fəaliyyət göstərdiyi dövlət arasında dostluq münasibətlərini dəstəkləmək, xalqlar arasında ictimai, iqtisadi, mədəni və s. əlaqələrin inkişafına yardım göstərməkdir. Təəssüf ki, cənab R.Morninqstarın açıqlamalarında bu tələblər bir qədər pozulub.

- Səfirin qeyri-diplomatik və təəccüb doğuran ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz. R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür.

Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur.

O ki qaldı Azərbaycanda hakimiyyətin qeyri-monolit olması fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil. Azərbaycanda hakimiyyət xalqın iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə, vahid komanda halında ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcəkdir.

- Müsahibədə, o da qeyd edilir ki, əgər hökumət Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsini istəmirsə, insan haqları və demokratiya məsələlərinə diqqəti daha da artırmalıdır...

- Düşünürəm ki, yanlış postulatla heç vaxt düzgün məntiqi nəticə hasil oluna bilməz. Birincisi, bəzi "hüquq müdafıəçilərinin" iddiasının əksinə olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına, mətbuata və azad informasiya fəaliyyətinə heç bir təzyiq yoxdur. Ölkədə yüzlərlə QHT, müstəqil media orqanı nəinki sərbəst fəaliyyət göstərir, həm də dövlətdən bu iş üçün ayırdığı əsaslı yardımlardan bəhrələnirlər. Azərbaycanda dünyanın çox ölkəsinin həsəd apara biləcəyi tam azad internet mövcuddur. O ki, qaldı müvafiq dövlət orqanlarının bu istiqamətdəki bəzi təşəbbüslərinə, qanunvericiliyin müddəalarının yerinə yetirilməsi istiqamətindəki addımlarına, bu fəaliyyət, ilk növbədə elə demokratiyanın tələbi hesab olunan ölkədaxili nizam-intizamın yaradılmasına, şəffaflığın təmin edilməsinə xidmət göstərir. Hazırda hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da peşə mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Əgər hər hansı vətəndaş qanunu pozubsa, cinayət törədibsə, onun məsuliyyətini də daşımağa hazır olmalıdır.

İkincisi, bu gün bir çox Qərb ölkələrində insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və etirazların qarşısı zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr yaradılması, fəaliyyəti hakimiyyətin maraqlarına cavab verməyən nəşrlərin çökdürülməsi, jurnalistlərin diffamasiya hallarına görə həbs olunması, izlənməsi, müxtəlif texniki vasitələrlə telefon danışıqlarının və internet yazışmalarının dinlənməsi, internetin məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə faktlar mövcuddur.

Ancaq biz bunu həmin ölkələrdə antidemokratik tendensiya kimi səciyyələndirmirik və hesab edirik ki, ayrı-ayrı azsaylı halların ümumiləşdirilərək hər hansı dövlətin siyasi xətti kimi qələmə verilməsi yanlış metodologiyadır. Əfsus ki, biz bəzi Qərb dairələrindən Azərbaycana qarşı adekvat münasibət görmürük.

Üçüncüsü, hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına təmənnasız, heç bir başqa niyyət olmadan yardım göstərmək istəyi və bununla daban-dabana zidd olan məqsədlyönlü fəaliyyət arasında fərqi açıq göstərmək lazımdır.

Azərbaycan demokratik standartların geniş tətbiqi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi məqsədilə Avropa Şurası, ATƏT, Avropa İttifaqı və s. bu kimi nüfuzlu beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir, birgə layihələr reallaşdırır. Təəssüf ki, bəzi xarici dairələr Azərbaycanda siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və medianı ələ alır, qeyri-qanuni maliyyələşdirir, onları öz iradəsinə uyğun və milli maraqlarımıza zidd istiqamətə yönəltməyə cəhd göstərirlər. Konkret təlimatlar əsasında işləyən bu qurumların əsas missiyası dövlətimizin beynəlxalq imicini ləkələnmək, onun haqqında mənfi rəy formalaşdırmaq, qulluğunda durduqları xarici dairələrin anti-Azərbaycan kampaniyasına əsas yaratmaq və dəstək verməkdir.

Azərbaycan cəmiyyəti onların kimliyi və fəaliyyəti haqqında kifayət qədər məlumatlıdır. Buna görə də ictimaiyyətimiz bəzi xarici dairələrin bu qurumların donoslarına əsasən hazırladıqları "hesabatları" və irəli sürdükləri subyektiv iddiaları heç vaxt ciddi qəbul etməyib, etmir və gələcəkdə də etməyəcək.

Bu günlərdə "Sülh və Demokratiya İnstitutu" adlanan qurumun fəaliyyəti haqqında mediada çoxsaylı materiallar verildi. Aydın oldu ki, Qərbdəki bir sıra fondlar vasitəsilə qeydiyyatı olmayan bu tipli təşkilatlara qeyri-qanuni yollarla milyonlarla vəsait ötürülür. Bu vəsaitlər hansı məqsədlərə yönəldilir, necə xərclənir? Bizdə heç bir məlumat yoxdur. Azərbaycan qanunları bu sahədə şəffaflığın təmin olunmasını tələb edir və müvafiq orqanlar bu istiqamətdə addımlar atmağa başlayanda, beynəlxalq havadarlar işə qoşulur, Azərbaycanda guya vətəndaş cəmiyyəti institutlarına təzyiqlər göstərildiyini iddia etməyə başlayırlar. Daha bir misal kimi 2013-cü ilin martında ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqorevsin fəaliyyətini göstərmək olar. Bu qurum Azərbaycanda gənclərdən ibarət radikal etirazçı qrupun formalaşdırılmasına, onun qeyri-qanuni fəaliyyətinin təşkil edilməsinə külli miqdarda pul xərcləmişdi. Həmin vəsait haqqında Azərbaycanın müvafiq dövlət orqanlarına heç bir məlumat verilməmiş və bu günə kimi də bu məsələ qaranlıq olaraq qalır.

Təbii ki, həmin gənclərin bir qisminin evlərindən "Molotov kokteylləri" çıxanda hökumət ciddi tədbirlərə əl atmaq məcburiyyəti qarşısında qaldı. Bunun ardınca bəzi Qərb dairələrinin, onların təsiri altında olan siyasiləşmiş hüquq-müdafiə təşkilatlarının isterik bəyanatları özünü çox gözlətmədi. Süni və məqsədli şəkildə radikallaşdırılmış, başıpozuq kütlədən, xüsusilə də gənclərdən istifadə etməklə, vətəndaş cəmiyyəti institutlarının bayrağı altında müxtəlif ölkələrdə dəfələrlə sınaqdan keçirilmiş belə fəaliyyət taktikası bizə məlumdur. Ukraynadakı "Maydan" hərəkatı da bəzi beynəlxalq güclərin layihəsidir və onlar hazırda bu ölkədə baş verənlərə - vətəndaş qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına görə birbaşa məsuliyyət daşıyırlar. Əgər həmin dairələr Azərbaycanda da analoji proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını almaq da bizim vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı dövlətin təhlükəsizliyini təhdid edən istənilən addıma layiqli cavab verməyə hazırdır və heç bir isterik bəyanat, çərçivəni aşan ritorika dövlətin iradəsini sarsıda bilməz.

- Səfir R.Morninqstar Azərbaycana qarşı bəzi region ölkələrindən gələn təhlükələr barədə də danışıb. Həqiqətənmi belə təhlükə mövcuddur? Yoxsa səfirin bu fikirləri başqa məqsədə hesablanıb?

- Ermənistan istisna olmaqla, Azərbaycanın bütün region ölkələri ilə çox yaxşı dost və tərəfdaşlıq münasibətləri mövcuddur. Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr üçün əsas verir. Bu tendensiya yeni deyil, Qərb rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük ölkələri ilə münasibətlərini pozmağa çalışıblar. Bu gün də insanlar fikirləşir ki, görəsən Azərbaycanın müstəqilliyinə qarşı hansı ciddi təhlükə mövcuddur ki, ABŞ səfiri onun "müstəqilliyi və suverenliyi üçün səsini ucaltmaq" haqqında danışır. Açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu ilin aprelində Prezident İlham Əliyevin İrana səfəri zamanı bütün anlaşılmazlıqlar aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanın bütün region ölkələri ilə münasibətləri yüksək səviyyədədir və bu tipli iddialar mövcud əməkdaşlığın ruhuna xələl gətirə bilməz.

- Həm ATƏT-in Minsk qrupundakı amerikalı həmsədr Ceyms Uorlik, həm də səfir Morninqstarın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri də narahatlıq doğurur. Ən azından ona görə ki, başqa analoji problemlərlə əlaqədar ABŞ bir mövqe, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə fərqli münasibət ortaya qoyur. Sizcə bunun səbəbi nədir?

- Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dəfələrlə münasibət bildirib və mövcud ikili standartları şiddətlə qınayıb. Həqiqətən də, postsovet məkanında digər oxşar münaqişələrlə əlaqədar ABŞ birmənalı şəkildə işğal faktını qınayır, beynəlxalq hüquqdan, ərazi bütövlüyü prinsipindən danışır. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə yanaşı, dərhal həm də "xalqların öz müqəddəratını təyin etməsi" prinsipi yada düşür. Nə cənab C.Uorlik, nə də səfir R.Morninqstar Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7 rayonun geri qaytarılmasından bəhs edirlər. Dağlıq Qarabağın gələcək statusunun beynəlxalq hüquqa uyğun deyil, yalnız danışıqlar vasitəsilə müəyyənləşdirilməsi təlqin olunur. Sual doğur, niyə? Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmirmi? Bəs onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" tipli bəyanatlarını necə anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir? Necə olur ki, digər hallarda beynəlxalq birlik təcavüz və işğal faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi sanksiyalar tətbiq edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq Qarabağ və Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsinlər, beynəlxalq birlik isə bunu dəstəkləyəcək. İşğalçı ilə işğalın qurbanı beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ bilərlər?! Yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də danışardılar. Məsələn, nəyə görə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar yardım ayırır? ABŞ-ın indiyə qədər bu işğalçı dövlətə və separatçı rejimə ayırdığı təxminən iki milyard dollar vəsait hara xərclənib? Nəyə görə bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var? Nəyə görə terrorçu rejimin başçılarının ildə bir neçə dəfə Amerikada marafon keçirməsinə və milyonlarla dollar pul yığılmasına şərait yaradılır? Bu günə qədər ATƏT MQ-nin həmsədri kimi ABŞ münaqişənin həlli istiqamətində hansı real addımlar atıb?

İndiyə kimi bu sualların heç birinə aydın və qənaətbəxş cavab verilməyib. Azərbaycan cəmiyyəti eyni sözlərdən, ikili standartlardan bezib və artıq bu bəyanat müəlliflərinin səmimiyyətinə inanmır. Azərbaycan ictimaiyyətində artıq belə bir rəy formalaşıb ki, ABŞ-da dövləti idarə edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar daha çox növbəti seçkilər haqqında düşünürlər və buna görə də öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.

- Əli müəllim, səfirin açıqlaması ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərə bilərmi?

- ABŞ-la Azərbaycanın strateji maraqları, ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluq münasibətləri tərəfdaşlığın qorunub saxlanmasını və daha da inkişaf etdirilməsini tələb edir. Bu isə qarşılıqlı etimad, səmimi davranış mühiti olduqda, bir-birinin daxili işlərinə müdaxilə kimi lazımsız addımlardan imtina edildikdə, ikitərəfli əlaqələrin inkişafına real töhfələr verildiyi təqdirdə mümkündür. Azərbaycan özünün xarici siyasətində, bütün dost ölkələrlə münasibətlərində bu prinsipləri başlıca meyar hesab edir və tərəfdaşlarından da adekvat münasibət gözləyir. Hesab edirik ki, cənab R.Morninqstar daxil olmaqla bütün ABŞ rəsmiləri bu reallıqları nəzərə almalı və qeyri-obyektiv, əsassız iddialardan, ikitərəfli münasibətlərin ruhuna zidd ritorikadan çəkinməlidirlər.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR