• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu gün intihar edən gəncin son müsahibəsi

Bu gün intihar edən gəncin son müsahibəsi

Bu gün saat 14 radələrində özünü asaraq intihar edən Azad LGBT təşkilatının sədri İsa Şahmarlının "1937.az" saytına verdiyi müsahibəni təqdim edirik:

Saytımızın qonağı İsa Şahmarlıdır. Onun 20 yaşı var. Marketinq sahəsində çalışır və Azad LGBT təşkilatının sədridir. Homoseksual olduğunu bir neçə il öncə həm ailəsinə, həm də dostlarına açıqlayıb. Buna görə çoxsaylı təzyiqlərlə üzləşsə də, mübarizə ruhunu itirməyib. Deyir ki, onda bu cəsarət birdən-birə yaranmayıb. Qrup yoldaşları öyrənəndə, universitetin qarşısında İsanı döyüblər. Müəllimləri isə təhqir ediblər:

– “Mübarizəm şikayət etmək olmadı. Növbəti günlərdə daha bər-bəzəkli geyinirdim, sırğamı taxırdım, universitetin dəhlizlərində gəzirdim. Biri ordan söz atırdı, digəri söyürdü. Amma sonralar bir çoxu öz hərəkətindən utandı. Daha sonralar yeni çevrə qazandım. Çox da çətin olmadı. Qızların çoxu gey bir dost arzulayır (gülür).” Ailəsi İsanın homoseksual olması ilə, hələ də barışmır. İsa da ailəsinin fikrini dəyişməsinin çox çətin olduğunu qəbul edir. “Ailəmə psixoloqlar hər şeyi başa salsa da, onlar, yenə bu halı xəstəlik kimi qəbul edirlər”. İsa deyir ki, ailənin təzyiqi bir çox LGBT-ni (Lezbian, gey, biseksual, transseksual) intihara sürükləyir:

– “Homoseksuallara nifrət etmə homofobiyadı. Homofobiya, ümumdünya səhiyyə təşkilatı tərəfindən xəstəlik olaraq qeydə alınsa da, homofik homoseksuallar da var. Onlar çox vaxt özlərini qəbul edə bilmirlər, bu da intihar hallarının digər səbəbidir”. “LGBT-lər iş tapmaqda çətinlik çəkirlər. Xüsusən də, transeksualları iş görüşmələrində təhqir edib, qovurlar. Homosseksuallar gizli qaldığı şəraitdə iş tapa bilirlər. Azərbaycanda 90 faiz homosekuallar gizlənirlər. Hətta ailə həyatı quranlar da var” – deyən İsa, cəmiyyətin münasibətinin dəyişməsinin çətin olsa da, mümkünlüyündən danışır,

– “Cəmiyyət LGBT haqqında məlumatlı olsa, bu qədər nifrət etməz. Həll yolu maariflənmədir”. İsa LGBT təşkilatının görmək istədiyi işlər haqqında da danışır. Təşkilatı tanıtmaq üçün broşurlar hazırlanır. Psixoloqlarla birgə xüsusi sənədli film hazırlanır. “Mütəmadi olaraq, konfranslar təşkil edirik, amma gələnlər az olur. İştirak edənlər öz üzvlərimizdi, amma biz istəyirik ki, müzakirəyə heteroseksuallar da, dindarlar da gəlsin”. Qeyd edək ki, LGBT təşkilat olaraq, 2011-ci ildən dövlət qeydiyyatına düşmək istəyir, ancaq bu hələ ki, mümkün olmayıb:

– “Dövlət qurumlarının təşkilatımıza təzyiqi yoxdur. Bizə dırnaqarası yaxınlaşırlar. Uzunömürlü olacağımıza inanmırlar. Mənim ən böyük məqsədim, təşkilatı dövlət qeydiyyatdan keçirməkdir,” – deyir İsa. Həmsöhbətimizlə Türkiyədəki LGBT təşkilatları barəsində də söhbətləşirik. İsa deyir ki, Türkiyədə LGBT-lər etiraf etməyə başladığı üçün, cəmiyyət onları əzə bilmədi. Ancaq bizim LGBT-lər hələ də cəsarətli davranmırlar:

– Türkiyədə LGBT təşkilatları artıq valideynlərlə işləyirlər. Biz isə hələ ki, ətrafımıza cəsarətli LGBT-lər toplamağa çalışırıq. Onlar açıqlamaq istəmirlər, təşkilat üçün mübarizə aparmaq istəmirlər. Film günü keçiririk, gəlirlər, amma çıxanda gizlənirlər ki, heç kim görməsin. Mənə Türkiyə təşkilatından iş təklifi gəlib, ancaq imtina etmişəm. Burada qalıb, LGBT-lərin hüquqları üçün mübarizə aparmağı seçmişəm”. Sonda İsa bizimlə ürək sözlərini bölüşür: “Cəmiyyətimizə arzu edirəm ki, heç kim önyarğılı olmasın". Nifrət etməmişdən əvvəl, internetdə “homoseksualizm nədir?”– deyə yazıb, oxusunlar. Daha sonra nifrət etməkdə sərbəstdirlər. LGBT-lər isə əsas cəsarətli olsunlar. Mən də əvvəllər tərəddüd edirdim, amma indi öz işim var. Ailəmdən ayrı, öz evimdə yaşayıram. Hər şeyi öz gücümə qura bilirəm. Yəni, istəyəndə hər şey alınır” .

Xəbər lenti

DAHA ÇOX XƏBƏR