Dil qaydalarını pozan TV və KİV-lər cərimələnəcək
Bizi izləyin

Qırmızı.az

Dil qaydalarını pozan TV və KİV-lər cərimələnəcək

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı sərəncamın imzalanmasından 2 il keçir. Bu müddət ərzindən proqramdan irəli gələn tələblərin Dilçilik İnstitutu tərəfindən necə həyata keçirilməsi barədə publika.az-ın suallarını institutun direktoru Tofiq Hacıyev cavablandırıb.

- Prezidentin imzaladığı sərəncam dillə bağlı böyük hadisədir. Sərəncamda qloballaşma dövründə dilin qorunması məsələsi qeyd olunduğuna görə, xüsusən önəmlidir. Burada dilimizin həm milliliyinin qorunması, həm də müasirləşməsi qeyd olunub. Prezidentin Dilçilik İnstitutu ilə bağlı imzaladığı sərəncam da dilin inkişafı üçün çox dəyərli hesab olunur. Bu vaxta qədər dillə bağlı bir çox sərəncam və qərarlar qəbul edilsə də, bu qərar məhz institutla bağlıdır.

Dillə bağlı müvafiq sərəncam qəbul olunandan sonra institutun şöbələrinin yetərli olmadığı müəyyənləşdi. Buna görə də, Kompyuter Dilçiliyi, Monitorinq, Qədim dillər və mədəniyyətlər şöbəsi yarandı. Ötən ilin noyabrında bu şöbələrin sturukturu təsdiq edildi. Kompyuter Dilçiliyi şöbəsinin əməkdaşları dilin dünyaya inteqrasiyası üçün işləyir. Qədim dillər və mədəniyyətlər şöbəsi əməkdaşlarını prezidentin institut üçün ayırdığı 2 milyon manat hesabına xaricə göndərəcəyik. Bu il sentyabrda iki əməkdaşımız İtaliyanın məşhur universitetində latın dilləri və mədəniyyəti fakültəsinə gedib orada işləyəcəklər, onlar həm latın, həm də sanskrit dillərini öyrənəcəklər.

Monitorinq şöbəsinin fəaliyyəti isə ürəkaçan deyil. Baxmayaraq ki, bu şöbə araşdırmalarını mütəmadi cəmiyyətə çatdırmalı idi, amma mayın 16-da dinlənilən hesabatda onların fəaliyyətinin qənaətbəxş olmadığı aydınlaşdı. Şöbə əməkdaşları reklamlar, küçə adları, mətbuat və dərmanların dili ilə bağlı mütəmadi monitorinqi aparmalı idi. Amma bu işlər aparılmayıb. Şöbənin səkkiz əməkdaşı pərakəndə halda monitorinq aparıblar.

- Bu qədər əməkdaş yetərlidir? Bəlkə kənardan qüvvələr cəlb etmək lazımdır?

- Bu barədə şöbə müdiri Həbib Zərbəliyevə Müasir Azərbaycan dili şöbəsindən əlavə işçi, hətta orta məktəb müəllimlərini, ali məktəb tələbələrini də cəlb etməsinin mümkün olduğunu demişdik. Aparılacaq monitorinqlə bağlı imzalanan müqavilə əsasında müvafiq idarələr instituta pul köçürməli idi. Həmin vəsait kənardan cəlb edilən mütəxəssislərə ödəniləcəkdi. Amma nə müqavilə bağlanıb, nə də əlavə qüvvələr cəlb edilib. Halbuki, paytaxtın hər bir rayonunda sistemli şəkildə küçə adları, reklamlar və digər sahələr üzrə monitorinq aparılmalı, nəticəsi barədə İcra Hakimiyyəti, müvafiq idarələrə məlumat verilməli idi. Həmin səhvlərin aradan qaldırılması üçün bir ay vaxt veriləcək, bunu etmədikləri halda Nazirlər Kabineti bu barədə məlumatlandırılacaq. Səhvlərini aradan qaldırmayan qurumlar cəzalanacaq. Əminəm ki, həmin qurumlar müvafiq işləri yerinə yetiriləcək.

- Dilçilik İnstitutu dilin inkişafı, yeni sözlərin yaradılması ilə bağlı hansı işlər görməyi planlaşdırır? Bəzən xarici sözlərin dilimizdə qarşılığını tapmaqda çətinlik çəkirik.

- Dilimizdə sözlər kifayət qədərdir, sadəcə axtarmaq lazımdır. Xüsusən televiziya aparıcılarının dilində dili bilmədikləri hiss olunur. Məsələn, “xəstəlik müvəffəqiyyətlə inkişaf edib” kimi ifadələr eşidirik, bu dəhşətdir. Burada dilin günahı yoxdur. Türkiyədə Soma hadisəsi zamanı efirdə “sayqı durumu” ifadəsi işləndi, düşünürəm ki, biz də bu sözün qarşılığını tapmalıyıq. Kənardan nə söz oldu, alıb işlədirik, “nyus rum”, “banal” ifadələri adət halını alıb. Amma bunların qarşılığını işlətmək daha yaxşı olar. Şöbələrə tapşırmışam, hər ilin sonunda dilimizə daxil olan yeni sözləri kitabça şəklində çap edəcəyik. Onların hansı dillərdən gəldiyi, hansı sözlərin qaşrılığının olması, hansılarının olmaması barədə məlumat veriləcək. Bu sözlərin qarşılığını tapanlar bizə məlumat verməlidir. Dil xalqın dilidir, hər kəs bunun üzərində birgə işləməlidir. Yeni söz yaratmaq yalnız dilçilərin işi deyil.

- Dilçilik institutunun əməkdaşları tərəfindən bir neçə dəfə televiziya aparıcılarının dili barədə keçirilən monitorinq birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz?

- Həmin monitorinqlər bizdən əvvəl aparılıb, amma bu istiqamətdə işlər davam etdiriləcək. Bu işə həm monitorinq şöbəsinin əməkdaşları, həm də orta məktəb müəllimləri cəlb olunacaq. Qaydanı pozan mətbuat orqanı və televiziyaya əvvəl xəbərdarlıq ediləcək, sonra isə onların cərimələnməsi planlaşdırılır.

- Lüğətlərlə bağlı hansı işlər görüləcək? Azərbaycan dilinin izahlı lüğətində nəşrlər arasında fərq var. Lüğətlərin yenidən işlənməsi planlaşdırılırmı?

- Dövlət proqramına əsasən, imla, tərcümə və orfoqrafiya lüğətlərin 2-3 ildən bir çap edilməsi planlaşdırılır. Ümumiyyətlə, bütün lüğətlər yenidən çap olunacaq, xüsusən izahlı lüğətdə sözlərin izahında problemlər var, bunların aradan qaldırılmasına çalışacağıq. Hər il yeni yaranan sözlər də bura əlavə ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm