İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Bizi izləyin

Qırmızı.az

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi” kofransları və Əlibəy Hüseynzadəyə həsr olunmuş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması keçiriləcək.

Bu il Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamla 150 illik əlamətdar yubileyi dövlət səviyyəsində qeyd edilən böyük fikir adamı, maarifçi və ədəbiyyatçı Əlibəy Hüseynzadənin həyat və yaradıcılığı, düşüncə və fikirləri bu ayın 21-dən 24-dək “Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi” adlı konfransla yenidən gündəmə gətiriləcək.

“Avrasiya Beynəlxlaq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Respublikası Təhsil Nazirliyi, TİKA, Salyan rayon İcra Hakimiyyəti və “Türk Ocaqları” İstanbul Şöbəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə gerçəkləşdirəcəyi elmi konfransda Azərbaycandan və Türkiyədən nüfuzlu alimlər, araşdırmaçı-yazarlar, tanınmış QHT və KİV təmsilçiləri iştirak edəcək.

“Avrasiya Beynəlxlaq Araşdırmalar İnstitutu” İB sədri millət vəkili Qənirə Paşayevanın verdiyi məlumata görə, konfrans səbəbi ilə Azərbaycana gələcək qonaqlar səfərin ilk günü Bakıda Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini, habelə “Güllələnmiş heykəllər”i və “Ana harayı” abidəsini ziyarət edəcəklər, İçərişəhərlə, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olacaqlar. Səfərin ilk günü Sumqayıta gedəcək qonaqlar “Turan” ailəvi istirahət mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rəhbərləri və fəalları ilə görüşəcəklər.

Mayın 22-də saat 11.00-da “Excelsior” oteldə konfransın rəsmi açılışı olacaq. Sonra plenar iclaslar şəklində işinə davam edəcək konfransda “Əlibəy Hüseynzadənin həyatı və fikirləri”, “Türk Birliyinin gerçəkləşmə imkan və şərtləri” mövzuları ətrafında panellərdə Azərbaycan və Türkiyədən olan alimlər geniş məruzələr edəcəklər.

Konfransın açılış mərasimindən sonra Bakı məktəbliləri arasında keçirilmiş və Əlibəy Hüseynzadənin həyat və yaradıcılığının, mübarizəsinin gənc nəslə mənimsədilməsi məqsədi daşıyan inşa yazı yarışmasının qaliblərinin mükafatlandırılması da həyata keçiriləcək.

23 mayda qonaqlar Əlibəy Hüseynzadənin doğulduğu Salyan rayonuna səfər edəcək, burada onun abidəsini ziyarət edəcək, rayonun görməli yerləri ilə tanış olacaq, eləcə də “Əlibəy Hüseynzadə 150 – Müstəqil Vətən məfkurəsi” adlı konfransda iştirak edəcəklər.

Səfər müddətində qardaş ölkədən gələn nüfuzlu qonaqların bir sıra rəsmi qurumlar, qeyri-hökumət təşkilatları ilə görüşləri və müxtəlif media orqanlarında, o cümlədən TV-lərdə çıxışları da nəzərdə tutulub. Arzu edən şəxslər tədbirlərdə iştirak edə bilərlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm