"İnternatda uşaq döyülməyib, yıxılıb" - NAZİRLİK
Bizi izləyin

Qırmızı.az

"İnternatda uşaq döyülməyib, yıxılıb" - NAZİRLİK

Mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun (KİV-də adı Mahir kimi verilmişdir) müəllim tərəfindən dubinka ilə döyülməsi xəbəri həqiqətə uyğun deyil.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu xəbərlə bağlı araşdırma aparılıb, nəticədə yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilib.

Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm