• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bir qəza, iki qətl: “İcra başçısı müavinini qoruyur” – Foto

Bir qəza, iki qətl: “İcra başçısı müavinini qoruyur” – Foto

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin mayın 11-də yol kənarı ilə hərəkət edən 3 piyadanı vurması ilə bağlı qəza qurbanının qardaşı açıqlama verib.

Qəza günü vəfat edən Misir Şirinovun qardaşı Namiq Şirinov “Axar.az”a bildirib ki, hadisədən sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib və heç bir maddi-mənəvi yardım göstərməyib.

Hadisənin təfərrüatları

Səbail rayonu, Salyan şossesində yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Çox yüksək sürətlə 140-160 km/saatla hərəkət etdiyi bildirilən “Hyundai”nin vurduğu piyadalardan ikisi zərbənin təsirindən bir neçə metr hündürə qalxıb və yolun kənarındakı reklam lövhəsinə çırpılıblar. Şahidlərin sözlərinə görə, hadisə yerində dünyasını dəyişən Misir Şirinovun başı reklam dirəyinə dəyib və boynu dirəyin dəmir parçasına ilişdiyi üçün elə oradaca ölüb. Bunu hadisə yerində müşahidə apararkən da görmək olar (Fotolar təqdim edilir – red.).

Xəsarət alanlar isə Zəfər Xəlilov və Xalid Cəbrayılovdur.

10 AS 509 nömrəsi hansı maşınındır?

“Axar.az”ın ötən həftə Dövlət Yol Polisi İdarəsindən dəqiqləşdirərək məlumat yaymışdı ki, qəza törədən “Hyundai” markalı avtomobilin üzərində olan 10 AS 509 dövlət nömrə nişanı Səbail Rayon İcra Hakimiyyətinə məxsus qara rəngli “QAZ 31” avtomobilinə aiddir. “QAZ 31” avtomobilinə aid olan nömrənin hansı əsasla şəxsi və ya xidməti olduğu barədə hələlik heç bir açıqlama verilməyən “Hyundai” markalı avtomobilin üzərinə taxılmasına da aydınlıq gətirilməyib.

DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev “Axar.az”ın sualına cavab olaraq bildirib ki, 10 AS 509 dövlət nömrə nişanının hansı avtomobilə aid olması və niyə qanunsuz olaraq şəxsi “Hyundai” markalı avtomobilin üzərinə asılmasını istintaq açıqlamalıdır.

Qəzanı Yavər Allahverdiyev törədib?

Qəzanı törədən "Hyundai" markalı avtomobilin sükanı arxasında kimin dayanması ilə bağlı şübhəli məqamlar var.

Rəsmi məlumatda 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobili Bakı şəhər sakini Sabir Hacıkərimovun (Səbail İcra Hakimiyyətinin sürücüsü) idarə etdiyi deyilir.

Emil adlı şəxs isə hadisə baş verən gün “Azxeber.com”a verdiyi açıqlamada “Hyundai” markalı avtomobili başçının müavini Yavər Allahverdiyevin özünün idarə etdiyini, hadisə yerinə “909” nömrəli “Land Krauser” markalı avtomobilin gəldiyini və onların ilk işinin “Hyundai” markalı avtomobilin nömrəsini açmaq və izi itirmək olduğunu bildirmişdi.

Maraqlısı odur ki, şübhələrin Yavər Allahverdiyevin üzərində cəmlənməsinə baxmayaraq, o, media qarşısına çıxıb hər hansı bir açıqlama vermir, yalnız gizlənməklə yetinir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, qəza zamanı icra başçısının müavini xəsarət aldığından, işə çıxa bilmir, yalnız müəyyən vacib tədbirlərdə iştirak edir. Bu iştirakı zəruri edən səbəblərdən biri də məhz sükan arxasında özünün olmadığına hamını inandırmaqdan irəli gəlir.

Ana fəryad edir

“Avtosfer”in məlumatına görə, qəza nəticəsində ölən Misir Şirinovun anası hər gün ora gəlir və oğlunun keçindiyi yerə qərənfillər düzüb, “oğlumun qanını batırırlar”, - deyir.

Sözügedən məkanda olarkən doğrudan da qəzanın baş verdiyi reklam lövhəsinin ətrafına qərənfil düzüldüyünü müşahidə etdik. Yaxında yaşayan sakinlərdən bildirdilər ki, gülləri qəzada xəsarət ölənin yaxın dostlarından olan Xaliq adlı şəxs qoyur.

Xalidlə əlaqə saxladıq və o, bəzi maraqlı məqamlara aydınlıq gətirdi:

Qatil barədə şübhəli məqamlar

“Hadisədən sonra bizə öncə qəzanı icra başçısı müavininin oğlunun törətdiyini dedilər. Daha sonra xəbər gəldi ki, sükan arxasında Yavər Allahverdiyevin özü olub. Son nəticədə isə bizə qəzanı törədənin Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimovun olduğunu dedilər”.

Qəzada ölən piyada Misir Şirinovun qardaşı Namiq Şirinov isə bildirdi ki, müstəntiq onlara maşını idarə edən şəxsin Yavər Allahverdiyevin sürücüsü Sahib Hacıkərimov olduğunu deyib. O, Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən “Hyundai” markalı avtomobillə bağlı qanun pozuntularının olduğunu açıqlayıb:

“Mən müstəntiqlə görüşmək üçün Səbail Rayon Polis İdarəsinə getdim. Bu zaman orda Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimovun bacısı vardı. O, qardaşının maşını etibarnaməsiz sürdüyünü və maşının sığortası olmadığın dedi. Buna rəğmən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin onlara heç bir köməklik etməyəcəyini deməsindən gileylənirdi. Bundan sonra Emin adlı müstəntiq məni inandırmağa çalışdı ki, qanunlar maşını etibarnamə və sığorta olmadan da sürməyə icazə verir. Mən etiraz etdim və buna inanmadım”.

Sürücüyə 5 gün sonra verilən etibarnamə

Namiq Şirinovun sözlərinə görə, əgər qanun buna icazə verirsə, onda Sabir Hacıkərimova niyə hadisədən 5 gün sonra etibarnamə verirlər?

“Etibarnamə Sabir Hacıkərimova qəza baş verəndən 5 gün sonra verilib. Mən bununla bağlı Prezidentə, Mehriban Əliyevaya və Baş Prokurorluğa yazılı müraciət edəcəm. Onların əməlləri qanunsuzdur, mən əsl qardaşımın qatilinin tapılmasını və qanunla nəzərdə tutulmuş çərçivədə cəzalandırılmasını istəyirəm”.

Qeyd edək ki, 3 dost həmin gecə su almaq üçün mağazaya gedirlərmiş. Qəzada ölən Misir Şirinovun cənazəsi Sabirabad rayonunda dəfn olunub. Qəzada xəsarət alan Zəfər Xəlilovun da dünyasını dəyişdiyi barədə xəbər yayılıb. Xalid Cəbrayılovun isə 1 saylı Şəhər Kliniki Xəstəxanasında müayinə aldığı deyilir.

Bildirək ki, Misir Şirinov ailəli idi və onun 3 azyaşlı övladı var. O və qəzada xəsarət alan Xalid Cəbrayılov küçə ticarəti ilə məşğul olub. Zəfər Xəlilov isə taksi sürücüsüdür.

Mövzunu davam etdirəcəyik...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR