ADU-da ümumdünya mədəni müxtəliflik günü keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da ümumdünya mədəni müxtəliflik günü keçirilib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Folklor Mərkəzinin təşkilatçılığı ilə "21 May – Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən xəbərə görə,tədbirdə millət vəkili, professor Səməd Seyidov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Priyanto Atiyanto, Azərbaycandakı müxtəlif Avropa və Asiya ölkələrinin səfirləri və səfirliklərin, BMT-nin Azərbaycandakı ofisinin, eləcə də “British Council”ın numayəndələri və ADU-nun tələbə-müəllim heyəti iştirak edib.

İlk olaraq, İRK-nin Folklor Mərkəzinin direktoru Diana Hüseynzadə iştirakçıları salamlayaraq, tədbirin proqramı haqqında məlumat verib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk çıxış edərək bu günün tarixindən və vacibliyindən danışıb. O bildirib ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasında kömək edir. O, BMT-nin bu yöndə gördüyü işlərdən, keçirilən bir sıra tədbirlərdən söz açıb.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov isə çıxışında ölkədəki mədəni müxtəlifliyin mövcudluğunun beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını, gənclərin hər bir dövlətin mədəniyyəti ilə yaxından tanış olduğunu söyləyib.

Belə bir əhəmiyyətli tədbirin ADU-da ənənəvi olaraq hər il keçirildiyini deyən rektor bu istiqamətdə universitetdə bir çox mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyətindən danışıb. Səməd Seyidov bildirib ki, Azərbaycan mədəni müxtəlifliyi özündə birləşdirən ölkədir. ADU-nun rektoru “Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nün əhəmiyyətindən danışaraq əks qütblərdə yerləşən Asiya və Avropa mədəniyyətinin qarşılıqlı dialoqunun vacibliyini vurğulanıb.

Sonra Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Yaponiya, İndoneziya, Hindistan, Norveç, Avstriya, İsrail, Fransa və Ukraynanın mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verilib, hər ölkənin məxsus olduğu adət-ənənələr nümayiş edilib, mahnılar ifa olunub.

Xatırladaq ki, Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il, mayın 21-də qeyd olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2002-ci il, dekabrın 20-də 57/249 saylı qətnamə ilə 21 May tarixinin dialoq və inkişaf naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü kimi qeyd olunmasını qərara aldı və bütün üzv dövlətlərə, hökumət orqanlarına, BMT-nin sistem təşkilatlarına və buna bənzər qeyri-hökumət təşkilatlarına mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini maarifləndirmə və kütləvi informasiya vasitələrindən istifadə etməklə dünya ictimaiyyətinə çatdırmağı təklif etdi. Qeyd edək ki, YUNESKO 2001-ci ildə müxtəliflik, dialoq və inkişaf arasındakı qarşılıqlı əlaqənin yeni izahlarının irəli sürüldüyü 20 əsas müddəadan ibarət fəaliyyət planının daxil olduğu mədəni müxtəliflik haqqında Ümumi Bəyannamə qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm