Asan ölüm - EFTANAZİYA
Bizi izləyin

Qırmızı.az

Asan ölüm - EFTANAZİYA

“Rahat ölüm”, “asan ölüm” – belə ölümü kim istəməz? Xüsusən də, ağır xəstəlikdən əziyyət çəkərkən. Bir anda əzablara son qoymağın asan yolu – eftanaziya.

“Asan” və “rahat” olduğu qədər də birmənalı qarşılanmayan ölüm. Ölkəmizdə qadağan olunsa da,bu üsulu tətbiq edən ölkələr də var.

Bəs eftanaziya hansı məqamda seçilə bilər? “Asan ölüm”ü qanuniləşdirmək mümkündür?

Publika.az-ın “Qırmızı xətt” layihəsində suallarımıza cavabı və “rahat ölüm”ə aparan məqamları araşdıracağıq.

Hansı ölkələrdə qanunidir?

Eftanaziya yunan dilindən tərcümədə isə “gözəl ölüm” deməkdir. Bu söz ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb.


Dünyanın bir neçə ölkəsində insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da “sionist işğalçılarına qarşı şəhadət” deyilir. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-ın Oreqona, Vaşinqton, Montana və Vermont ştatlarıdır. Belçika parlamenti isə eftanaziya qanununa dəyişiklik edərək, onun uşaqlara da şamil olunmasına icazə verib və dünyada belə bir qanun qəbul edən ilk ölkədir. Eftanaziya Təşkilatının sədri Petra de Yonq verdiyi açıqlamada bildirib ki, eftanaziya, xəstələrin şəxsi həkimləri varsa, onunla, psixiatrları və müalicə olunduqları xəstəxanalarla müzakirə aparıldıqdan sonra həyata keçirilir.

Bu günədək həyatına eftanaziya vasitəsilə son verən məşhurlardan biri kimi filosof Ziqmund Freydin adı çəkilir. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da eftanaziya ilə dünyadan köçüb.

“Rahatca­­­­ ölmək”


ABŞ-dan olan erməni əsilli həkim Cek Gevorkyan isə 130 nəfəri eftanaziya edərək, insanlıq tarixinə “ölüm həkimi” kimi düşüb. Gevorkyan bulvar qəzetlərindən birindəki elanda yazırdı: “Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm”. Məsələnin üstü açıldıqdan sonra C.Gevorkyana 25 il həbs kəsilib və o, həkimlik haqlarından ömürlük məhrum edilib.

Bir neçə il əvvəl isə Hollandiyada Könüllü Həyata Son Qoyma Dərnəyinin eftanaziya xəstəxanasının yaradılmasını gündəmə gətirmişdi. Hollandiyada belə bir klinikanın açılması ilə bağlı qanuni əngəl də yoxdur. Dərnək rəsmilərinin sözlərinə görə, klinika fəaliyyətə başlayandan sonra il ərzində min nəfər burada “rahatca ölə biləcək”. Onların fikrincə, ölkədə eftanaziya istəyən minlərlə insan var. Bu klinikaya müraciət edən şəxs uzağı 3 günə həyatına son qoya biləcək. Hollandiyada eftanaziyaya verilən tərif aşağıdakı kimidir: “Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi eftanaziya adlanır”.

Qərarı kim verir?

Bəzi ölkələrdə xəstənin taleyi ilə bağlı olan bu qərar məhkəmə vasitəsilə verilir. Əks halda, onun tibbi bir şəkildə ölməsi cinayət aktı kimi həkimin adına yazılır və onu ciddi məsuliyyət gözləyir.

Bəzi ölkələrdə isə bu məsələnin qanuniləşməsi üçün müzakirələr aparılır. Məsələn, Fransada eftanaziyanı qanuniləşdirmək istəyən ADMD dərnəyi diqqət çəkmək üçün maraqlı üsula əl atıb. Belə ki, dərnək məhz bu məqsədlə keçmiş prezident Nikola Sarkozinin şəklindən istifadə edib.


Eftanaziyaya qarşı olduğunu açıqlayan Nikola Sarkozinin xəstəxanada yatdığını göstərən montaj olunmuş afişası həftəlik “Les Inrockuptibles” dərgisində yayımlanıb. Afişada "Cənab namizəd, eftanaziya məsələsində fikirlərimizi dəyişdirmək üçün sizin belə bir şəklinizin yayımlanması lazım idi" deyə yazı da yazılıb.

Azərbaycanda isə eftanaziya qanunla qadağandır. “Pasiyentin hüquqları haqqında” qanunda tibb işçilərinin, ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünün, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirməsi qadağandır.

Bir tərəfdən isə, ölkədə onkoloji xəstələrin sayı artır. 2012-ci ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954 nəfərə çatıb. 2011-ci ildə bu xəstələrin sayı 28 685 nəfər, 2010-cu ildə bu göstərici 28 052 nəfər olub.

Bir çox onkoloji xəstələrin ömrünün son günlərini necə ağır keçirməsi həm tibb elminə, həm də onların yaxınlarına bəllidir. Bundan başqa, aylarla komada qalan xəstələrin sayı az deyil. Hər iki məqamda isə onları ölüm gözləyir. Bunu tezləşdirmək isə həm xəstələri, həm də yaxınlarını maddi və mənəvi əziyyətdən xilas etməkdir.

Aylarla komada qalan birinin orqanları hələ sağlamkən başqalarının həyatını xilas etmək üçün də istifadə edilə bilər.

Bəzi ekspertlərin fikrincə, həmin xəstələrə vurulan ağrıkəsicilərin dozasının gündən-günə artırılması da, əslində, eftanaziyanın başqa bir növüdür.

Həkim nə deyir?

Onkoloq Nəsimi Qasımov heç bir halda eftanaziya ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, bunun əvəzində ömrünün sonuna çatmış şəxslərə yaxşı şərait yaradılmalıdır, müasir ağrısızlaşdırma metodlarından istifadə edilməlidir.

“Bu xəstələr yardımsızlıq və diqqətsizliyə görə yaşamaqdan bezirlər. Lakin bir dəfə də olsun xəstələrin ölmək istəməsinin şahidi olmamışam. Həkimin borcudur ki, xəstənin həyatını bir gün, bir saat belə olsa artırsın. Bəzən ailə maddi problemləri əsas gətirərək xəstəni aparatlardan ayırmaq istəyir. Amma insan həyatı maddiyyatdan daha önəmlidir. Eftanaziya kosmopolit fikirdir. Bizim kimi ölkələrdə eftanaziya haqqında fikirləşmək belə olmaz”.

Xəstələrin ağır günləri həm ailə, həm də özü üçün dözülməz olur, bu zaman isə morfinin miqdarı artırılır. Bəzi həkimlərin fikrincə, bu üsulun özü də eftanaziyanın bir növüdür.

Onkoloqun sözlərinə görə, bu məqamda ağrını azaltmaq üçün müasir üsullar tətbiq edilə bilər. Bu üsullardan xəbərsiz olanlar məhz həyata son vermək barədə düşünür. Onkoloqun sözlərinə görə, ağrıkəsicilərin dozası və ara müddəti düzgün seçilməyəndə təsirli olmur. Ümumiyyətlə, hələ ki, ölkədə xroniki, uzunmüddətli ağrılarla məşğul olunmur. Bu da həkimlərin əmək haqlarının aşağı olmasından irəli gəlir:

“Dünyanın inkişaf etmiş ölkələrində ağır xəstələr üçün hospis deyilən xidmət yaradılır. Bu xidmət 10-15 xəstəyə xidmət üçün nəzərdə tutulub. Bundan başqa, hər rayon xəstəxanasında ağrı kabinetləri yaradılmalıdır. Bu zaman həm də xəstə yaxınlarına psixoloji yardım göstərilir. Müalicə müəssisələri xəstələri 7-10 gün ailədən ayırır və xidmət göstərirlər. Bu zaman hətta din xadimlərindən də yardım istənilə bilər, ağrı hissini azaltmaq üçün müasir üsullar tətbiq edilə bilər. Ağır xəstədən can qurtarmaqdansa, bu cür xidmətlər yaradılması daha effektlidir. Əks halda, eftanaziyaya icazə verilərsə, xəstənin vəziyyəti ağırlaşan kimi bu qərar tətbiq ediləcək. Cəmiyyət isə buna hazır deyil”.

“Din və qanunlar qadağan edir”

Millət vəkili Musa Quliyev həm din, həm də qanunla bu məsələnin qadağan olduğunu dedi:

“Tibb elmində konkret bir şey yoxdur, hər gün elmdə yenilik baş verir. Ağır vəziyyətdə xəstənin həyatını xilas etmək üçün tətbiq ediləcək kəşf ola bilər. Buna görə də, dünyanın əksər ölkələrində olduğu kimi bizdə də eftanaziya qadağandır. Onkoloji xəstəliklərin terminal mərhələdə yaşadıqları çətinlikləri nəzərə alaraq, əzab-əziyyətdən xilas etmək üçün hospis xidmətlərindən istifadə olunur. Bu xidmət zamanı insanların əzab-əziyyətini yüngülləşdirən ağrıkəsicilərdən istifadə edilir, hərəkət məhdudluğu olanlara reabilitasiya xidməti göstərilir, tənəffüs çatışmazlığını aradan qaldırmaq üçün texniki vasitələrdən istifadə olunur. Hospisdə onkoloji xəstələr ömrünün son günlərini keçirir, onlara professional xidmət göstərilir”.

Millət vəkili hesab edir ki, hospis xidmətlərin təminatı üçün bir qisim xidmətlər dövlət tərəfindən, xüsusi məqamlar isə xəstə yaxınlarının maddi dəstəyi ilə həyata keçirilə bilər.

“Burada insanların neçə gün qalması ilə bağlı məhdudiyyət qoyulmur. Sadəcə, ağrıları hiss etdiyi müddətdə qalır, son günləri isə xəstəxana və ya ev şəraitində olur. Hospisdə özünü idarə edə bilməyənlər qalır. Bu xidmətin təşkili üçün heç bir məhdudiyyət yoxdur. Ola bilər ki, Onkologiya İnstitutunda bununla bağlı araşdırmalar var”.

Eftanaziya olmalıdır

Psixoloq Dəyanət Rzayev bu məsələdə etik və dini məqamlar nəzərə alınmazsa, normal qərar hesab edildiyini deyib:

“Psixoloji tərəfdən məsələyə yanaşdıqda bu, son dərəcə normal hesab edilir. Hər hansı xəstəlikdən əziyyət çəkən birinin dünyadan köçmək istəməsi mümkündür. Hollandiyada bu hala icazə verildiyinə görə, dünyanın bir çox ölkələrindən eftanaziya üçün gəlirlər”.

Psixoloq bildirib ki, ölkədə xərçəng xəstələrinin və ölənlərin sayının artdığı bir vaxtda onları əzabdan daha tez xilas etməyin yolu məhz eftanaziyadır:

“Sağalması mümkün olmayan xəstələr üçün 20-30 min manat pul xərcləyib, borc etməkdənsə, eftanaziya ilə bundan xilas olmaq mümkündür. Xarici ölkələrdə sosial sığorta olduğundan onların əməliyyatı təmin edilir. Bizim ölkə kimi ölkələrdə isə əməliyyat yalnız xəstənin öz xərcləri hesabına təmin edilir”.

Xəstə yaxınları eftanaziyaya razı ola bilər?

Psixoloq bildirir ki, bizdə ailə münasibətlərini nəzərə alsaq, demək, problem yalnız xəstənin yox, onun yaxınlarının da əzab çəkməsinə səbəb olur.

“Amma ölkədə eftanaziyanın həyata keçirilməsi üçün iki maneə var – din və mentalitet. Hələ ki, insanlar yaxınlarını və özlərini əzabdan xilas etmək üçün bu üsulu seçməyə hazır deyil. Hətta borc almaq hesabına da olsa, ölümə məhküm xəstəni müalicə etməyə çalışırlar”.

Bəs islam dininin məsələyə münasibəti necədir? İslamda şəriət məsələləri zamanın tələblərinə uyğunlaşdırılır. Başqalarının həyatda qalmasına kömək etmək və xəstəni əzabdan xilas etmək üçün istisnalar edilə bilərmi?

Hacı Şahin Həsənli dini baxımdan eftanaziyanın birmənalı olaraq qadağan olunduğunu deyib:

“İnsan əzab çəksə, xəstəliyin ağır mərhələsində olsa belə, onun həyatına son qoyulması dini nöqteyi-nəzərdən düzgün hesab edilmir. İnsanın dünya həyatı sınaq və imtahandır. Həyatda qaşrılaşdığı sınaqlar vasitəsilə Allaha yaxınlaşır. Xəstə insana xidmət edənlər üçün də bu, bir sınaq hesab edilir.İstənilən halda insan həyatına son qoymaq məsuliyyətli məsələdir, hər hansı səbəblə dinimiz buna icazə vermir”.

Hacı Şahin uzun müddət komada qalan birinin sağlam orqanlarının ehtiyacı olanlar üçün istifadə edilməsi nəzərə alınarsa, eftayanaziyaya icazə verilməsi ilə bağlı istisnalardan da danışıb:

“Şəriət alimlərinin heç birinin kitabında eftanaziya ilə bağlı istisna qeyd edilməyib. Amma zaman keçdikcə şəriət alimləri yeni baxışlar ortaya qoyur. Gələcəkdə şəriət alimlərinin buna icazə verməsi mümkün ola bilər. Bunun üçün isə onlar da araşdırma və təhlil aparmalıdırlar. Bunun nəticəsində dəyişiklik etmək istisna deyil”.

Məsələyə insanlıq, din, mentalitet və s. məqamlardan yanaşdıqda qərarlar da müxtəlif olur. Hər bir fakta görə nəticənin dəyişə bilməsi də istisna edilməməlidir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm