• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

MTRŞ ANS TV-yə maliyyəni dayandırdı - ÖZƏL

MTRŞ ANS TV-yə maliyyəni dayandırdı - ÖZƏL

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını dayandırıb. Bu barədə Publika.az-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, ötən ilin aprelində televiziya kanallarına ayrılan 6 milyon manat vəsait ANS televiziya kanalı tərəfindən təyinatı üzrə xərclənməyib.

N.Məhərrəmli deyib: “Demək olar ki, hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı. Əksər televiziya kanalları bu vəsaiti səmərəli formada xərcləsə də, ancaq ANS televiziya kanalı həmin vəsaitlərin xərclənilməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib. Yəni ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib, sənədləri 5-6 ay əvvəl tərtib edib, pulları təyinatı üzrə xərcləməyib və sairə. Ancaq digər televiziya kanallarında isə vəsaitin xərclənilməsində problem yaranmayıb. Yalnız ANS televiziya kanalı problemlər yaradıb.

ANS TV-nin pul mənimsəməsi faktının olub-olmaması barədə isə indidən heç bir söz deyə bilmərəm. Çünki pul mənimsənilməsi faktını biz müəyyən edə bilmərik. Bunu hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir. Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu üçün ANS telekanalına pul yardımını dayandırdıq. ANS mövcud nöqsanları nə vaxt aradan qaldırarsa, o zaman da yardımın edilməsi bərpa olunacaq. Çox təəssüf ki, bizim bu qərarımızdan sonra ANS bizə deyəcək ki, guya, qərəzliyik və sairə. Ancaq ortada konkret fakt var və onlara oktyabr ayında verilən vəsaiti sonrakı vaxtlarda xərcləməli idilər. Ancaq ANS sənədləri 5-6 ay əvvəl üçün tərtib edib. Bu isə ciddi qanun və maliyyə pozuntusudur. Biz ANS-dən bu nöqsanları qısa müddətdə aradan qaldırılmasını tələb etmişik. Biz heç bir telekanala qarşı qərəzli deyilik. İndiyədək hər bir telekanala, o cümlədən ANS-ə bərabər şəraitdə vəsait ayrılıb. İndi də cənab Prezidentin sərəncamı ilə telekanallara 200 min manat vəsait ayrılıb. Həmin vəsait isə nəzərdə tutulan vaxtda telekanallara ödəniləcək. Sənədləri qaydasında olan bütün televiziya kanalları pulu vaxtında alacaqlar. Burada heç bir problem ola bilməz. Biz bu məsələdə tam bərabər şərait yaradırıq”.

Xatırladaq ki, ötən gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz min) manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR