• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Araşdırma düzgün aparılmayıb - Ekspert

Araşdırma düzgün aparılmayıb - Ekspert

“Məsələyə aydınlıq gətiriləndən sonra İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya tərəfindən məsələyə baxılıb qiymətləndiriləcək. Komissiya araşdırıb, müvafiq addımlar atacaq. Komissiyanın toplantısı növbəti həftənin ikinci günü keçiriləcək. Bu komissiya tərkibində bir neçə dövlət qurumunun nümayəndələri təmsil olunduğundan müvafiq günlərdə toplanır”.

Bu sözləri publika.az-a açıqlamasında Suraxanı rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov deyib.

O, rayon ərazisində yerləşən 7 saylı internat evində 7 yaşlı Nahid Cavadovun döyülməsi faktı ilə bağlı hüquq mühafizə orqanlarının araşdırması başa çatandan sonra İcra Hakimiyyəti tərəfindən bu işin araşdırılacağını deyib.

Şöbə müdiri bildirib ki, müəssisə Təhsil Nazirliyinin tabeliyində olduğundan qapalıdır, onların işinə müdaxilə etmək istəmirik:

“Komissiyada Səhiyyə Nazirliyi, Uşaq müəssisəsi və bir çox qurumların nümayəndələri var”.

Uşaq Hüququ üzrə QHT Alyansının üzvü Nabil Seyidovun sözlərinə görə, baş verən hadisə ilə bağlı araşdrıma yanlış aparılıb. Onun fikrincə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin bu sorğuda iştirakı sonrakı mərhələlərdə həyata keçirilməli idi:

“Birinci etapda bunu səs-küylə keçirmək əks effekt verib. Əlbəttə, daha düzgün olardı ki, Təhsil Nazirliyi xüsusi müstəqil komissiya yaradardı. Komissiyaya zorakılıqları araşdıran təşkilatın nümayəndələri, ixtisaslaşmış psixoloqlar daxil edilərdi. Uşaqla müsahibə internatda, hadisənin baş verdiyi yerdə yox, kənar məkanda aparılmalı idi. Çox güman ki, uşaq sorğu zamanı gərgin olub və yıxıldığını söyləməklə sorğu-sualdan can qurtarmaq istəyib. Ola da bilər, uşağa belə danışmaq məsləhət bilinib. Halbuki, bu sorğunu ilk növbədə peşəkar qadın psixoloqlar, xüsusi təlimatlandırılmış pedaqoqlar aparmalıydı”.

Nabil Seyidovun fikrincə, internat məktəblərində uşaqlara qarşı zorakılıq hallarının baş verməsi faktlarına tez-tez rast gəlinir.

Onun sözlərinə görə, məsələ ilə bağlı Daxili İşlər, Təhsil nazirlikləri və Ombudsmana məlumat edilib. Həmçinin hüquqi və psixoloji yardım göstərilməsi ilə bağlı da Təhsil Nazirliyinə məlumat verilib. Bu iş internatdakı bütün uşaqlarla aparılmalıdır. Amma hələ ki, müraciətə cavab verilməyib.

Ekspertin sözlərinə görə, bundan sonra belə hadisələrin yaşanmaması üçün pedoqoji kadrlara zorakılıqla bağlı dərslər keçilməli və bütün müəssisələrdə yalnız uşaqların istifadə edəcəyi yerdə telefonlar quraşdırılmalıdır ki, onlar müvafiq qurumların “qaynar xətt”i ilə əlaqə saxlasınlar.

Ombudsman Aparatından Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsi barədə mətbuata açıqlama veriləcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR