ANS Nuşirəvan Məhərrəmlini məhkəmədə uddu
Bizi izləyin

Qırmızı.az

ANS Nuşirəvan Məhərrəmlini məhkəmədə uddu

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə iddiasına baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, ANS-in iddiası təmin edilib. Məhkəmə qərarı ilə MTRŞ-ın ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv olunub.

Qeyd olunan 14 yanvar 2014-cü il tarixində MTRŞ-in iclası keçirilib. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişindəki məşhur “cinçıxarma” əhvalatından gedir.

Bu məqamda əlavə edək ki, ANS-lə MTRŞ arasında hazırda telekanala serial çəkilişi üçün nəzərdə tutulan maliyyə vəsaitinin dayandırılması ilə bağlı qarşıdurma başlayıb. MTRŞ ANS-i ayrılan vəsaiti təyinatı üzrə xərcləməmkdə ittiham edərək vəsaitin verilməsini dayandırıb.

ANS isə səsləndirilən ittihamları qərəzli sayaraq MTRŞ-ını qərarından çəkinməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm