• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müharibə cinayətləri ilə bağlı cəzalar niyə ağırlaşdırılır?

Müharibə cinayətləri ilə bağlı cəzalar niyə ağırlaşdırılır?

Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsində müharibə cinayətləri ilə bağlı cəzaların ağırlaşdırılması, bununla bağlı 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib. Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Eyni cəza Məcəllənin 117.2 maddəsinə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur. Hazırda mövcud qanunvericilikdə hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.

Məsələyə münasibət bildirən hüquqşünas Namizəd Səfərov bildirib ki, Cinayət Məcəlləsində dəyişikliklərin nəzərdə tutulduğu 100.2-ci maddəsində yüksək səlahiyyətə malik şəxslərdən söhbət gedir:

“Buradan belə anlaşılır ki, cinayətin subyekti Ali Baş Komandan və ölkənin müdafiə naziri ola bilər. Adi vətəndaş bunu edə bilməz. Burada sanksiyanın artırılması ola bilsin ki, beynəlxalq təşkilatların tələbi ilə ağırlaşdırıcı hallar veriblər. Bir məqamı deyim ki, təcrübədə bu maddədən istifadə olunmur. Azərbaycanda bu maddə ilə heç kim məhkum olunmayıb. Müharibəni Ali Baş Komandan və müdafiə naziri apara bilər”.

N.Səfərov deyib ki, bu gün Azərbaycan tərəfi Ermənistanın prezidentinə və ya müdafiə nazirinə qarşı bu maddə ilə cinayət işi qaldıra bilərlər. Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələri hərbi cinayətlərə aiddir:

“Bu maddələr hərbi cinayətlər fəsiləsinə daxil olunmasa da, lakin bilavasitə hərbi əməliyyatlarla bağlıdır”.

N.Səfərov Cinayət Məcəlləsində dəyişikliyi nəzərdə tutlan 117.2-ci maddəni şərh edərkən bildirib ki, bu da yüksək hərbi mükəlləfiyyət daşıyan şəxslərə aiddir:

“Bu maddəyə bir hərbi vəzifəli şəxsə müəyyən ərazini müdafiə etməsi vəzifəsi qoyulur, lakin o bu vəzifənin öhdəsindən gələ bilmir. Eləcə də, hərbi vəzifə daşıyan şəxs düşmənə hücum vaxtı hər kəsi öldürməyi tələb edir. Bu maddə həmin hərbi vəzifəli şəxsə aid edilir. Qeyd edim ki, bu maddədən də təcrübədə istifadə olunmayıb. Bu sırf müharibə dövründə törədilən hərbi əməliyyatlar zamanı baş verən cinayətlərdir. Azərbaycanda hazırda atəşkəs rejimidir və hərbi əməliyyatlar olmur. Sadəcə olaraq, ayrı-ayrı sərhəd zonalarında atəşkəsin pozulması halları olur. Ümumilikdə bu maddələr sırf müharibə dövrünə aid olan maddələrdir. Hər iki maddə Cinayət Məcəlləsində müharibə fəslində əksini tapır”.

“Bakı Hüquq Mərkəzi”nin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, təcavüzkar müharibəni aparma (AR CM-in 100.2-ci maddəsi) sülh və insanlıq əleyhinə törədilən cinayətlərdən biridir:

“Çünki xalqlar və dövlətlər arasında sülhün, dinc yanaşı yaşamanın və əməkdaşlığın əleyhinə yönəlir. BMT Baş Məclisinin 14.12.1974-cü il tarixli Qətnaməsinə əsasən, təcavüz bir dövlətin özünün silahlı qüvvələrindən digər dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı istifadə etməsi, habelə beynəlxalq hüquq normaları ilə bir araya sığmayan hər hansı üsulla təsir göstərməsidir. Təcavüzkar müharibəni aparma hər hansı döyüş texnikasından, silahlarından, digər təcavüz üsullarından istifadə etməklə lokal və ya irimiqyaslı hərbi əməliyyatların həyata keçirilməsində ifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti Prezidentə məxsusdur və buna onun müraciəti əsasında yalnız Milli Məclisin razılığı ilə yol verilə bilər. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci və 116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən, bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə (AR CM-in 117.2-ci maddəsi) isə müharibə əleyhinə olan cinayətlərə aiddir".

C.Alıyev əlavə edib ki, müharibə qanun və adətləri, müharibə cinayətləri ilə əlaqədar Haaqa və Cenevrə Konvensiyalarına əsasən, heç kəsin sağ buraxılmayacağını bəyan etmə qadağandır:

“Bu qadağaya eləcə də, bu barədə əmr vermə, bununla düşmənə hədə-qorxu gəlmə və ya bu əsasda hərbi əməliyyatlar daxildir. Bu cinayətin subyekti xüsusi olmaqla, silahlı münaqişə zamanı əmr və ya sərəncam vermək səlahiyyəti olan şəxslərdir”. (teleqraf.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR