Sirli qan qrupu...
Bizi izləyin

Qırmızı.az

Sirli qan qrupu...

Sirli qan qrupu...

(Millət vəkili dr. Qənirə Paşayevanın “Qanın səsi” silsiləsindən 3-cü yazısı)

Bilirəm 4-cü Qan qrupuna malik dostlar özlərinin qanlarının səsini dinləməyə səbirsizlənirlər... amma oncə bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, Sevda xanım Tahirlinin “Qanımızın səsi” əsərində və mənim yazdığım məqalələrdə özümüzün düşüncə və fikirlərimiz deyil, daha çox ayrı-ayrı ölkələrdə uzun illər ərzində tədqiqat aparmış mütəxəssislərin əldə etdiyi elmi nəticələr öz əksini tapıb. Bu sahədə ən çox tədqiqatların aparıldığı ölkə olan Yaponiyada vətəndaşların öz həyatlarını sıx şəkildə qan qrupuna bağlamaqlarının az qala yüz illik maraqlı bir tarixşəçi var və bu barədə Sevda xanım öz kitabında çox maraqlı məsələlərə toxunub.

Əgər Hippokratın öz dövründə insanın davranışının onun bədənindəki hər hansısa mayedən – qandan, limfadan və ya öd şirəsindən asılı olması barədəki fikirlərini nəzərə almasaq deyə bilərik ki, ilk dəfə məhz psixologiya üzrə professor Takedzi Furukava qan qrupunun insanın xarakteri ilə bağlılığını ifadə edən hansısa bir qanunauyğunluğu araşdırmaq qərarına gəlir və məhz o bu sahədə tədqiqatların pioneri hesab edilir. Məsələn, qan qrupu və temperament arasındakı bağlılıq Yaponiyada hələ ötən yüzilliyin 20-30-cu illərindən elmi araşdırmaların predmetinə çevrilib. O əldə edilmiş nəticələri hətta Almaniyanın “Tətbiqi psixologiya dərgsi”ndə nəşr etdirməklə bir çox avropalı tədqiqatçıların bu sahədə görə biləcəyi araşdırmalara təkan vermiş olsa da, bu sahənin ciddi inkişafı yenə Yaponiyanın özü ilə bağlı olur. Ötən əsrin 70-ci illərində isə ünlü insanların qan qrupunu tədqiq edən Masaxiko Nominin öz tədqiqatlarını nəşr etdirməsi ilə bu mövzuya yeni həyat vəsiqəsi qazandırmış oldu. Bu sahədə çox böyük tədqiqatlar aparmış Nomi kəndlilərdən tutmuş, parlament nümayəndələrinin də daxil olduğu müxtəlif sosial təbəqəyə mənsub, fərqli qan qruplarına sahib olan yüzminlərlə insana aid olan bilgiləri anketləşdirməyi bacararaq (bu gün həmin say 250 mindən çoxdur) 25 illik şəxsi təcrübəsindən, müşahidələrindən və araşdırmalardan sonra əldə etdiyi nəticələri ümumiləşdirib. – Nəhayət 1971-ci ildə o, özünün ünlü “Siz qan qrupunuzun təkrarısınız” kitabını nəşr etdirib. 1,2 mln (!) nüsxəlik kitab tez bir zamanda satılaraq populyarlıq qazanır və bu mövzu təkrar dünyada geniş ilgi görür. Atasının işlərini davam etdirən və bu mövzuda böyük araşdırmalar aparan Toşitaka Nomi tərəfindən çap olunmuş “Sən – sənin qan qrupunsan” kitabı isə elə böyük əks-səda verir ki, səs-sorağı hal-hazıra qədər davam etməkdədir... Bu mövzuda onun da 30-dan çox kitabı (60 milyon nüsxə) nəşr olunur və bu kitablar Yaponiyada məşhurluğuna görə ən öndə gedən bestsellərdəndir.

***

“...Populyarlıq o dərəcəyə çatır ki, heç bir müğənni, aktyor və ya idmançı ilə olan müsahibə və ya veriliş bu mövzuya toxunulmadan bitə bilməz. Namizədlərin seçkiqabağı çıxışlarında, eləcə də görkəmli siyasi xadimlər haqqında bilgilərdə də qan qrupu digər bioqrafik bilgilərlə yanaşı, özəl olaraq vurğulanır. Teleməkanda hətta "Mən I qan qrupundanam" adlı tok-şou da yarandı. Artıq 1997-ci ildə 5 ünlü telekanaldan 4-ü qan qruplarına dair proqramları gündəlik verilişlər siyahısına daxil etmişdilər. Hazırda Yaponiyanın peşəkar beysbol komandalarının tərkibi seçilərkən mütləq şəkildə oyunçuların qan qrupu nəzərə alınır. Digər idman komandalarında da hər oyunun tərkibi qan qrupu nəzərə alınmaqla yığılır. Hesab edirlər ki, belə seçimlər oyunçulara əminlik hissi verir. Bir sıra kompaniyalarda işə qəbul haqqında bilgi üçün qan qrupu üçün uyğun yer ayrılıb. Kadrlar şöbəsinin əməkdaşları işçilərin işə götürülməsi zamanı "ketsu-eki-qata"dan geniş şəkildə istifadə etdikləri üçün, elə məhz qan qrupu mənsubluğu da işçinin işdən çıxarılması üçün əldə əsas ola bilir...

“Ketsu-eki-qata” gündoğan ölkəsində müxtəlif qan qrupuna malik olan insanların uçotu və qeydiyyatıdır. Bunlarla iş təminatı ilə məşğul olan çoxsaylı agentliklər, özəl şirkətlərin və dövlət idarələrinin menecerləri ilə yanaşı kadrlar şöbəsinin əməkdaşları, marketinq üzrə mütəxəssislər və hətta nigah idarələri, eləcə də müxtəlif tanışlıq klubları məşğul olur.”

Artıq vurğuladığımız kimi sözügedən sahədə ən çox araşdırmaların aparıldığı və onların nəticələrinin geniş tətbiq olunduğu ölkə Yaponiyadır. Məsələn, bizdən fərqli olaraq yaponlar qan qruplarını öz vizit kartlarında da qeyd edir, internetdə yaponların əksəriyyəti şəxsi səhifələrində onlara məxsus qan qruplarını qeyd edirlər. Yaponlar ABO sisteminə o qədər aludədirlər ki, bu gün yapon cəmiyyətində hər hansı bir siyasətçinin və ya dövlət xadiminin qan qrupunu bilməməsi təsəvvür edilməyəcək qədər heyrət doğura bilər...

Sevda xanım kitabında çox maraqlı faktlara toxunur. – Yaponiyada valideynlərin çoxu bağça yaşlı uşaqlarının müvafiq qan qrupuna uyğun şöbələrdə təlim görməsinə üstünlük verirlər. Artıq ibtidai siniflərdə də uşaqları qan qruplarına görə siniflərə ayırır və onlara qan qrupu özəlliklərinin ciddi şəkildə nəzərə alındığı özəl metodika üzrə təlimlər keçirilir...

Yapon mütəxəsisləri hesab edirlər ki, 0 (I) - qruplular ünsiyyətcil, emosional və enerji ilə dolu insanlardır. A (II) qruplular isə stressə davamlı, səbirlilik nümayiş etdirən, harmoniyanı və ümumiyyətlə hər bir şeydə qayda-qanunu güdən olmaqları ilə yanaşı, bir qədər də inadcıldır... B (III) - qruplular çox tələbkar, hökmlü və ya yaradıcı insanlar kimi seçilirlər. AB (IV) qrup mənsubları isə həyatda, başlıca olaraq, öz hissləri ilə davranan olub, bir qədər qərarsızdırlar. Bu onların fikridir, təbii ki, hələ uzun illər ciddi araşdırmaların mövzusu olacaq və sizin hər birinizin onunla razılaşıb-razılaşmamaq haqqınız var.

***

İndi isə keçək əsas mətləbə. 4-cü qan qrupuna daxil olan dostlar öz qanlarının səsini dinləyə bilər. Sevda xanımın təbirincə desək 4-cü qan qrupunun təkcə məhz bu qan qrupundan olanlar üçün deyil bir çox başqaları üçün də maraqlı olacağını düşünürəm.

AB(IV) qan qruplular – "sirli olanlar"...

“Dünya əhalisinin ümumi sayına görə hər 20 adamdan birində (5%) bu qan qrupuna rast gəlinir. Bu, çox aşağı göstəricidir. Bunun da əsasında AB (IV) qan qrupunun daha gənc olması durur. Təxminən 1500-2000 il bundan öncə yarandığı hesab edilir. AB (IV) qan qrupu sahibləri, A (II) qan qrupu daşıyıcıları ilə B (III) qan qrupunun daşıyıcıları monqoloidlərin qarışığından yaranmış hesab edilir. Deyilənlərə inanmış olsaq, bu qan qrupu İsa peyğəmbərə aid olduğu sayılan Turin kəfəninin üzərindəki qan qrupu ilə - AB (IV)Rh+ eynilik təşkil edir. Əsas generasiya yeri Doğu Hindistan sayılır. Davranışlarında rasionallığa, münasibətlərində diplomatikliyə üstünlük verən bu insanlar zəngin təxəyyül yiyələridir. Onlara ilhamverici və hərtərfli insan kimi baxmaq olar.

AB (IV) qan qrupundan olanlarda məntiqi analiz güclü inkişaf edir. Hər zaman daxili təmkini qorumağa çalışırlar. Çox zaman hisslərinin və emosiyalarının təsiri altında davranırlar. İctimai həyatda yaxından iştirak etməyi sevirlər. Gözəl yumor hissinə malik olan dördüncülər həm də istedadlı, sakit və xarizmatikdirlər. Onlar çoxcəhətli olmaqları ilə yanaşı, həm də çox tədbirlidirlər. Maraqlıdır ki, nəinki avtomobil qəzaları törədiciləri arasında hətta ümumiyyətlə yol hərəkəti qaydalarını pozanlar arasında belə bu qrupdan olanlara nadir hallarda rast gəlinir...

Ətrafındakı insanlara münasibətində ədalətli və dürüstlülüyü, məclislərdə əyləndirməyi bacarması “dördüncü”lərin dostlar və tanışlar tərəfindən sevilməsinin əsas səbəblərindəndir. Həlimlikləri, eləcə də hər zaman hər kəsi dinləməyə və anlamağa hazır olmaları ilə seçilirlər. Onlar üçün etibar qazanmaq elə də çətin deyil. Hər zaman ona dərdini açıb danışmaq istəyənləri səbirlə dinləməyə və onu başa düşməyə hazırdırlar. Zahirən çox açıq görünsələr də, daxilən qapalıdırlar. Hər kəsi dinləməyə və yardım etməyə hazır olan bu qrupun sahibləri öz dərdilə kimsəni yükləməyi qəbul edə bilmədiyindən problemlərini söyləməzlər. Bəlkə də yuxarıda qeyd etdiyimiz kimi, insanları özünə bağlaya, onların rəğbətini və inamını qazana bildikləri üçün məhz AB (IV) qrup insanlar arasında din xadimləri və ekstrasenslərə daha çox rast gəlinir.

Hər zaman düşüncələr içində olan bu insanlar kimsəni incitməmək üçün konfliktə girməkdən qaçırlar. Əslində konfliktlər üçün onlara başqaları heç lazım da deyil, onların əsas konflikti özləri ilə, öz fikirləri ilədir... Belə daxili çəkişmələr onların özünüdəyərləndirməsinə böyük zərbə vura bilir. Buna görə də çox zaman qərar qəbul etməkdə çətinlik çəkirlər. Bu qərarsızlıq sevgi məsələsində də onlara böyük əngəllər törədir. “Sirli qan” daşıyıcısı olan insan sevdiyi insanla həsrətində olduğu münasibətləri qurduqdan sonra ya özünə, ya da sevgilisinə qarşı tərəddüdlər yaşayır. Aydınlıq üçün söyləyim ki, daxili çəkişmələrin qurbanı olmuş ünlü Hollivud ulduzu Merilin Monro da bu qrupun nümayəndəsiydi.

Bu qrupdan olan bacarıqlı rəhbərlər gözəl təşkilatçılıq qabiliyyətinə sahib olurlar. Gərək olduqda yetərincə qərarlı olmadıqlarından, müstəqil və çox ciddi qərarların qəbul edilməsini tələb edən görəvlərdə çalışmaq onlar üçün uyğun deyildir... lakin işlənilmiş və qəbul edilmiş böyük planların həyata keçirilməsi məsələsində AB(IV) qan qrupundan olan rəhbər, kompaniyanın maraqları baxımından bu görəv üçün ən ideal seçm olardı. Onun öz işini layiqincə yerinə yetirə biləcəyinə öncədən inanmaq olar. Çünki “dördüncülər” rahatlıqla komanda toplayıb onları öz fikir və ideyalarına inandıraraq, məqsədə doğru aparmağa qadirdir. Lakin bunu da unutmaq olmaz ki, daha sonrakı uğurlar üçün bu rəhbərlərin həmin sahəni mükəmməl bilən tərəf müqabillərə ehtiyacı olacaqdır.

“Dördüncülər” üçün həmçinin təkbaşına böyük auditoriyanın idarə edilməsini tələb edən işlərdə çalışmaq da uyğun sayılır. Ona görə də məhz bu qan qrupuna sahib müəllimlərin dərsləri çox zaman yaddaşlarda uzun müddət silinməz izlər buraxır.

AB(IV) qan qrupuna aid kişilər taktikliyi, səmimiliyi, dürüstlüyü ilə seçilirlər. Bir qayda olaraq həlimdirlər və kin saxlamadıqlarından dostlarının siyahısı adətən geniş olur. AB (IV) – kişilər çox zaman həyat yoldaşlarına sadiq qalırlar. Onların bəlkə də ən arzuolunmaz yönləri özlərinə yetərincə dəyər verə bilməmələridir.

“Sirli qan”lı kişilər çox ağıllı və qeyri-adilikləri ilə seçilirlər. Bu və digər cəhətlərinə görə qadınlar toplumunda çox məmnuniyyətlə qəbul olunurlar. Əslində bu elə həmin qrup kişilərin də ürəyincədir. Bu qan qrupu mənsublarının arasında istedadlılar çoxluq təşkil edir. Onlar təmkinli olub heç zaman karyeraya elə də can atmazlar. Hər cür danışıqları məhərətlə aparmaq bacarığına malikdirlər. Analiz etmək qabiliyyəti yüksək olduğundan “sirli qan” yiyələri insanları yaxşı tanıyır. Qrup mənsubları gözəl icraçı kimi müdiriyyət tərəfindən hədsiz çox verilmiş tapşırıqları da mükəmməl şəkildəcə yerinə yetirəcəklər. Bu onları müdiriyyət qarşısında daha da dəyərli edir.

AB(IV)-qruplular rəhbər görəvə seçilərsə, ailə məsələlərini heç zaman işin problemlərinə qarışdırmazlar. Əməkdaşların nə ailə problemləri ilə nə də şəxsi məsələləri ilə ilgilənməzlər. Ünsiyyətdə bacarıqlı olduqlarından onlar müəllim, din xadimi ola bilər. Nizamlılığı, səliqəni sevmələri onların yaxşı mühasib olmasına da yardım edir. Onlar eyni zamanda bir neçə peşə üzrə fəaliyyət göstərə bilər... və bu peşələrin hər birinə də çox mükəmməlcəsinə sahib olmaq yetənəkləri də vardır. AB(IV)–qruplu qadınlar özünü tam olaraq işə həsr edə biləcək qədər gözəl işçilərdir. Lakin bununla belə məsuliyyətli işlərə cavabdehlik daşımağı sevmədiklərin¬dən ən önmli məsələləri müdiriyyət onlara həvalə etməz...

Öz işlərindən qırağa çıxmaq onlara görə deyildir. Kollektivlə birlikdə işləməli olsalar, işin gedişi zamanı həmkarlarına yardım etməyəcəklər. Buna görə bəzən biganə də adlandırılır “sirli qan”lılar...

Tapşırılan işi yerinə yetirdiyi zaman bunun nə qədər önəmli olduğunu “sirli qan”lıya tez-tez xatırlatmaq lazımdır. Yoxsa, AB (IV) qrup qanı daşıyan qadınlar işi yarımçıq qoyub gedə də bilər... Pul hərisi olmadıqlarından barda, restoranda və dükanda çalışa bilər, deyə yazır mütəxəssislər.

AB (IV) qan qrupu sahiblərinin digər özəllikləri:

• Sakit

• Ədalətli

• İdarəolunan

• Soyuqqanlı

• Gözəl təşkilatçı

• Davranışda rasional

• (bəzən) Sərt...

AB (IV) qan qrupundan olanlar üçün daha uyğun peşələr aşağıda qeyd olunanlar hesab edilir:

- Sosial sahə mütəxəssisi

- Ticarət nümayəndəsi

- Ekstrasens (öngörücü)

- Ruhani

- Həkim

- Müəllim

- Aktyor

- Menecer

- Barmen

- Natiq...

AB (IV) qan qrupunun ünlüləri:

• Ceki Çan

• Merilin Monro

• Con Kennedi

• Alen Prost

• Tomas Edison

• Bill Klinton.

Bu barədə daha geniş oxumaq istəyən dostlara sevindirici bir xəbər verə bilərəm. Yaxın günlərə dəyərli alimimiz Sevda Tahirlinin “Qanımızın səsi” kitabını kitab dükanlarından əldə edə biləcəksiniz və inanıram ki, oxusanız peşman olmayacaqsınız. Çünki kitabda məhz sağlamlığınız üçün öyrənəcəyiniz bir çox önəmli məsələrlə var... Mən isə son iki yazımı məhz bu sahədə maraqlanan dostların öyrənmək istədiyi suala – evlənən zaman qan qrupuna fikir verilməlidirmi və insan sağlamlığı üçün bu sahədə biliklər nə qədər önəmlidir? – sualı ətrafında araşdırmalarla yekunlaşdıracam. İnanıram ki, oxuduqlarınızla bəzi məqamlarda razılaşmasanız belə amma dünyaca ünlü tədqiqatların nəticələrini, qənaətlərini oxumaq sizə müəyyən bilgilər verdi. Bilgi isə hər zaman gərəklidir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm