“Səfər Əbiyev xalq düşməni deyil” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Səfər Əbiyev xalq düşməni deyil” – MÜSAHİBƏ

“Səfər Əbiyev xalq düşməni deyil” – MÜSAHİBƏ

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlunun Publika.az-a müsahibəsi:

Hazırda nə işlə məşğulsunuz, siyasətə qoşulmağı düşünürsünüzmü?

– Mən bu suala bir neçə dəfə cavab vermişəm. Əlavə yeni bir şey deyə bilməyəcəm. Hazırda istirahət edirəm.

Doğrudur, bir az uzun çəksə də, səbir etməmiz lazımdır. Hansı işlə məşğul olacağımı isə zaman göstərəcək.

Vəzifədən gedəndən sonra ətrafınızdakı adamların sizə münasibətində dəyişiklik oldumu?

– Bunsuz mümkün deyil. Bir-iki nəfər dostum var ki, onlar heç dəyişmədi. Mən onlara öz təşəkkürümü bildirirəm. Lakin mən bu məsələni çox uzatmaq istəmirəm. Çünki həqiqəti söyləmək çox zaman giley kimi başa düşülür. Bəziləri də bundan çox narazı qalır. Bir nəfər dostum var ki, hətta onunla söhbət etmədiyim gün darıxıram. Digər bir dostum isə vaxtilə mənə xeyli yaxşılıqlar etdiyi üçün onu unuda bilmirəm.

Gələcəkdə mövqeyinizdə hər hansı dəyişiklik ola bilərmi?

– Bu mümkün deyil və nəyə görə siz bu qənaətə gəlirsiniz, mənə çox təəccüblü gəldi. Mən bir az açıq danışacam. Hələ Müdafiə Nazirliyinə gəlməmişdən öncə arada 5 il işləmədim. Heç vaxt mən tutduğum yola, böyük öndər Heydər Əliyev siyasətinə zərrə qədər dönüklük etmədim. Bundan sonra da belə davam edəcəm. Buna heç bir şübhəniz olmasın. Mən bu sözləri gəlişi gözəllik naminə demirəm. Öz məfkurəmə sadiq adamam.

Üzr istəyirəm, çörəyi də qulağımın dibi ilə yemirəm. Heydər Əliyevi və onun mətin və qurucu davamçısı İlham Əliyevi kiminləsə dəyişməyim və bundan hər hansı uğur götürməyimin bir nümunəsini deyə bilərsiniz? Heç beləsi varmı? Ulu öndərin qoyduğu siyasi irs hələ bundan sonra on illərlə davam edəcək. Çünki bu siyasət bütün mənalarda müasir və gələcək Azərbaycanın həyatı və mənafelərinə tam cavab verir.

Digər tərəfdən isə, mən yaxşılığı itirənlərdən deyiləm. Vaxtilə ağır ürək böhranı keçirən zaman həm Heydər Əliyevin, həm də İlham Əliyevin çox yaxın diqqət və qayğısını gördüm. Xəstəliyimin ilk günlərində böyük öndər Heydər Əliyev Kreml xəstəxanasının 2 nəfər tanınmış kardioloq-professorunu Bakıya gətizdirərək məni müayinə etdirdi.

Cənab Prezident İlham Əliyev isə müalicəm üçün məni 1999-cu il sentyabrın sonlarında Londonda yerləşən ən güclü xəstəxanaya göndərdi. Mən orada 1 aya yaxın müalicə olundum. Bu gün də həm Heydər Əliyevə, həm də İlham Əliyevə minnətdaram. Bu cür yaxşılığın qarşısında necə nankorluq etmək olar?

Bir həqiqəti də söyləmək istəyirəm. Bu gün məni istəməyən adamlar var. Məni gözdən salmaq üçün həmin adamlar haqqımda müxtəlif şayiələr yayırlar. Onlara heç vaxt fürsət vermərəm ki, haqqımda yaydıqları uydurmalar həqiqətə çevrilsin.

Bu gün dövlətimizin uğurlarını necə dəyərləndirərdiniz?

– Çox yaxşı. Başqa necə ola bilər? Azərbaycan üçün İlham Əliyev misilsiz xidmətlər göstərib. Burada bir müqayisə aparmaq istərdim, amma necə alınacaq bilmirəm. Tarixdə çox atalar, babalar böyük dövlətlər qurub, ancaq sonradan oğullar və ya nəvələr o dövləti saxlaya bilməyib. Amma mübaliğəsiz deyə bilərəm ki, müasir Azərbaycanın timsalında tamam başqa bir tarixi mənzərənin şahidi oluruq. Böyük öndər Heydər Əliyevin zamanın amansızlıqlarına və ağır çətinliklərinə baxmayaraq, qurduğu və qoruyub saxlaya bildiyi müstəqil Azərbaycan dövlətini onun siyasi məsləkdaşı İlham Əliyev daha da ucalara qaldırdı. İndi Azərbaycan bir dövlət olaraq dünyanın siyasi, iqtisadi və mədəni həyatında böyük yeri olan dövlətə çevrilib. Ölkəmiz hər gün daha da inkişaf edir, yeni-yeni nailiyyətlər əldə edir. Bütün bu cür möhtəşəm işlər prezident İlham Əliyevin böyük zəhməti və xalqına sonsuz sədaqəti hesabına başa gəlib. İndi Bakıdan tutmuş ən ucqar rayonlaradək hər yerdə böyük işlər görülür. Hər bir sağlam düşüncəli Azərbaycan vətəndaşı qurucu və yaradıcı prezident kimi İlham Əliyevlə fəxr edir.

Sizin Abbas Abbasovla bağlı verdiyiniz son açıqlama birmənalı qarşılanmadı. Belə bir fikir var ki, siz həmin bəyanatı deputat olmaq üçün vermisiniz...

– Bu cür düşünən şəxslərə Allah insaf versin. Bu məntiqlə yanaşanda, gərək ki, Azərbaycanda deputatların say tərkibi 1000-ə çatdırılsın. Bəlkə, bu da azlıq edər.

Mən Abbas müəllimi mövqeyindəki təzadlara və dövlət başçısı haqqında sonuncu dəfə işlətdiyi kobud ifadələrə görə başa düşmədim. Axı ona bu haqqı kim verib? İndi Abbas Abbasovun Moskvada işləri yaxşı gedirsə, Allah rizası üçün axıradək də belə davam etsin. Ancaq mən inanmıram ki, Abbas Abbasov tarixi yaxşı bilməsin. Əgər o, tarixi unudubsa, o zaman yenidən oxumağı gərəkdir. Çətin ki, Abbas Abbasov Rusiyanın Qafqazda 250 il yürütdüyü siyasətə hər hansı dəyişiklik edə bilsin.

Sabiq müdafiə naziri Səfər Əbiyevlə hazırda əlaqələriniz davam edir?

– Bu cür suallar artıq məni təngə gətirib. Axı nə qədər cavab vermək olar. Səfər Əbiyev nə edib? Səfər Əbiyev xalq düşməni deyil. Vaxtilə ulu öndər Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev böyük etimad göstərərək Səfər Əbiyevi müdafiə naziri postunda uzun illər saxlayıblar. İndi də istirahətə göndərilib. Burada nə dəhşətli bir şey var ki, bu istefaya tez-tez müxtəlif rənglər verməyə çalışırlar? Mən bu cür yanaşmalara düzgün baxmıram. Prezidentimiz İlham Əliyevin bu qərarına hər birimizin hörmətlə yanaşması lazımdır.

İndi o, vəzifədə yoxdursa, durub onun dalınca danışım? Yaxud da saymazlıq edim? Hərdən onun halını-əhvalını soruşmaqda axı nə qəbahət var? Belə bir vəziyyətdə insani münasibətə daha çox ehtiyac duyulur. Bütün jurnalistlərdən də xahişim odur ki, mənə daha belə suallar verməsinlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm