Söyüşə görə bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Söyüşə görə bıçaqlandı

Qazıməmməd şəhər sakini, 1987-ci il təvəllüdlü Mehman Abdullayev münaqişə zəminində həmyerlisi 1993-cü il təvəllüdlü Nizami Zalovu bıçaqlayaraq öldürüb. Publika.az-ın araşdırmasına görə, hadisə 2013-cü il, mayın 22-də baş verib.

Mehman Abdullayev mayın 16-da, saat 11.00-da qəbirstanlıqda - qohumlarının qəbrini ziyarət edib. O, həmin zaman Nizami Zalovun onun ünvanına təhqiramiz ifadələr işlətdiyini eşidib. Mehman həmin vaxt Nizaminin söyüşlərini eşitsə də, idarə etdiyi maşını saxlamayıb və qəbristanlığın yanından gedib.

Mehman Abdullayev mayın 22-də, saat 17.00-da Hacıqabul şəhəri, H.Əliyev küçəsindən keçərkən yolun kənarında dayanmış Nizami Zalovun işarəsi ilə avtomobili saxlayıb. O, həmin vaxt Nizaminin yersiz zarafatlarla əvvəllər də onun şəxsiyyətini alçaltdığını xatırladıb və ona münasibətlərini aydınlaşdırmaq üçün avtomobilə dəvət edib.

Yersiz zarafatın nəticəsi

Nizami maşına minəndən sonra Mehman Abdullayev idarə etdiyi maşını sürüb və onlar Hacıqabul şəhəri, B.İbrahimov küçəsinə gəliblər. Orada Nizami Zalovu avtomobildən düşürən Mehman məsələni aydınlaşdırmaq istəyib. Bu zaman Nizami yenə də onun ünvanına təhqiramiz ifadələr işlədib. Buna görə də Mehman Abdullayev qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib.

Mehman niyyətini həyata keçirmək üçün Nizamidən həmin yerdə gözləməyi tələb edib və özü idarə etdiyi avtomobillə Hacıqabul şəhəri, M. Əsədov küçəsində yerləşən, işlədiyi avtomobil təmiri sexinə gedib. Mehman sexdə saxladığı bıçağı götürdükdən sonra Nizami Zalovu düşürdüyü yerə gəlib. Lakin o, Nizamini həmin yerdə tapa bilməyib. Buna görə də Nizamini axtarmağa başlayıb. Bir qədər sonra o, Nizamini tanışı Rəşid Mehdiyev ilə birlikdə dayanan görüb. Mehman onların hər iksini avtomobilə əyləşdirib və avtomobili şəhərin "20 Yanvar" küçəsinə sürüb.

Həmin küçədə maşını saxlayan Mehman Abdullayev yerə düşüb. O, Nizami ilə əlbəyaxa olub. Bu zaman Mehman əlindəki bıçaqla Nizami Zalovu vurmaq istəyib. Nizami birinci zərəbədən yayınsa da, digər iki zərbə ona dəyib. Ürək nahiyəsindən zərbə alan Mehman dünyasını dəyişib.

Mehman Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Qışqıraraq "eşşək" deyə məni təhqir etdi"

Məhkəmədə ifadə verən Mehman Abdullayev deyib ki, Nizami Zalov onunla yersiz zarafat edib. Yersiz zarafatlarla bağlı bir neçə dəfə Nizamiyə narazılığını bildirib:

"Mayın 16-da, saat 11.00-da qəbirstanlığa gedərkən Nizami Zalov qışqıraraq "eşşək" deyərək məni təhqir etdi. Mayın 22-də, saat 17.00-da Nizami gördüm. O, avtomobilimi işarə edərək saxlatdı. Nizami avtomobildən düşməyimi istədi. Lakin avtomobildən düşməyərək nə demək istədiyini soruşdum. Nizami mənə "əclaf" deyərək avtomobildən düşməyimi tələb etdi. Nizami avtomobilin qapısını açaraq köynəyimdən tutdu və məni özünə tərəf dartdı. Ondan belə hərəkət etməsinin səbəbini soruşdum. Nizami özümü yaxşı aparmadığımı və mənimlə söhbət edəcəyini bildirdi".

"Ünvanıma var-yox söyüşləri işlətdi"

Mehman Abdullayevin sözlərinə görə, təxminən 50-60 metr hərəkət etdikdən sonra Nizami qışqıraraq avtomobili saxlamağımı istəyib:

"Avtomobildən düşəndən sonra Nizami məni yanına çağırdı. Onun yanına getmədikdə ünvanıma var-yox söyüşləri işlətdi. Ona məni burda gözləməsini dedim və avtomobilə minərək işlədiyim sexə getdim. Özümü Nizamidən qorumaq məqsədilə sexdə olan bıçağımı götürdüm və sexdə itiləyici qurğu vasitəsilə itilədim. Sonra bıçağı avtomobildə əyləşdiyim oturacağın altına atdım. Dostum Elçinə zəng edərək evinə getdim. Elçin gələrək avtomobilinin qabaq oturacağında əyləşdi. Təxminən 30-40 metr getdik. Orada olan işıqforun yanında Nizaminin mənə əl etdiyini, fit çaldığını gördüm. Buna görə də avtomobili saxladım. Nizami və dostu gələrək arxa oturacaqda əyləşdilər. Avtomobili yaxınlıqda yerləşən poliqona sürməyimi istədi. Avtomobili Nizaminin dediyi yerə südüm. 500-600 metr getdikdən sonra maşını saxladım. Nizami və dostu ilə avtomobildən düşdük. Nizami mənə yaxınlaşaraq başını başıma dayadı və başımı dağıdacağını bildirdi. Əlindən tutaraq onu kənara itələdim. Nizami sağ qabırğamdan təpiklə vurdu. Nizaminin dostu bizi araladı. Nizami yenidən təpik atmaq istədi. Onu uzaqlaşdırmağa çalışsam da, mümkün olmadı. Bu vaxt avtomobildən bıçağı götürərək Nizamiyə yaxınlaşdım. Nizamidən nə istədiyini bir daha soruşdum, o, yenə məni söydü. Bu vaxt bıçaqla Nizamiyə zərbə endirsəm də, yanında olan dostu buna imkan vermədi. İkinci zərbə Nizaminin ürəyindən dəydi. Nizami əli ilə yarasının üstünü tutaraq gəldiyi yola tərəf təxminən 10 metr yeriməyə başladı. Lakin Nizami çox gedə bilmədi. O, yarı yolda yıxıldı. Nizamini avtomobilin arxa oturacağına uzatdıq. Əlimdə olan bıçaqla avtomobilin şüşəsini açaraq yolun kənarına atdım. Sonra Hacıqabul rayon mərkəzi xəstəxanasına getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, xəstəxanaya çatdıqda həkimlər Nizaminin öldüyünü bildirdilər:

"Təslim olmaq üçün Hacıqabul rayon polis şöbəsinə getdim. Polis şöbəsində Nizamini öldürdüyümü etiraf etdim".

Məhkəmənin hökmü ilə Mehman Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm