Tahir İmanov: "Bakı Şəhər İcra Hakimiyyəti bizə mane olur"
Bizi izləyin

Qırmızı.az

Tahir İmanov: "Bakı Şəhər İcra Hakimiyyəti bizə mane olur"

Tahir İmanov: "Bakı Şəhər İcra Hakimiyyəti bizə mane olur"

“Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov “Brifinq”in bu dəfəki qonağıdır. “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarının suallarını cavablandıran T.İmanov Bakı meri Hacıbala Abutalıbov və Metropolitenin keçmiş rəisi Tağı Əhmədovla münasibətlərindən danışıb. O, parodiya edə bilmədiyi sabiq məmurun adını açıqlayıb, Şuşa barədə fikirlərini bölüşüb.

Nərgiz Ehlamqızı: Tahir bəy, sonuncu konsertinizdəki auditoriyadan razı qaldınız?

- Əlbəttə, razı qaldım. Təkcə sonuncu konsertdən söhbət getmir. Bizim öz auditoriyamız var. Yumorumuz, satiramız sırf auditoriyamıza istiqamətlənib. Çünki auditoriyamız yüksək intellektə malik, kitab oxuyan, dünyadan xəbəri olan, bir sözlə, bayağı yumordan uzaq auditoriyadır. Sirr deyil ki, biz bu istiqamətdə artıq 20 ildən çoxdur ki, işləyirik. İstər Azərbaycan, istərsə də rus dilində olan zarafatlar yüksək səviyyədə qəbul olunur. Hərdən risk edib ingilis dilində də nə isə deyirik, amma hiss edirik ki, zal bunu qəbul edir. İngilis dili beynəlxalq dildir, “salam”, “sağ ol”, “necəsən” kimi sözlərin ingilis dilinə tərcümələrini bilirlər.

"Tağı Əhmədov dedi ki, yenə material toplamağa gəlmisiniz?"

Nərmin Muradova: Əvvəllər KVN rus dilində nümayiş olunurdu. Azərbaycan dilinə keçəndən sonra rusdilli auditoriyanı itirdiniz, yoxsa sonrakı konsertlərinizə onları cəlb edə bildiniz?

- Moskvada bütün oyunlarımızı rus dilində oynamışıq. Çünki bu, oyunun bir nömrəli qanunudur. Düşünmürəm ki, o auditoriyamızı itirdik. Çünki Azərbaycanda 1995-ci ildən konsertlər veririk. 1996-cı ildə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev konsertimizə gələndə onun təklifi ilə biz yavaş-yavaş səhnəciklərimizi Azərbaycan dilinə keçirdik. Kulis arxası söhbətlərimizdə hər dəfə bizi tənqid edirdi ki, rus dilindən əl çəkmək lazımdır. Çünki dövlətin bir dili var, o da Azərbaycan dilidir. Artıq 2001-ci illərin konsertlərində biz buna tam nail olduq. “Parni iz Baku” KVN komandası bütün qələbələrinə birbaşa ölkə başçısının dəstəyi ilə gedirdi. Heç bir KVN komandasının dövlət başçısı simasında dəstəyi yox idi. Başqalarını qubernator, hansısa firmanın rəhbəri dəstəkləyirdi. Bizim KVN Hərəkatına isə Heydər Əliyevin, cənab prezidentimiz İlham Əliyevin dəstəyi olmasaydı, elə 90-cı illərin ortasında KVN hərəkatı ölmüşdü.

“Heç kəsə yaltaqlanmamışıq”

N.Muradova: Yəqin çətin proses keçdi. Çünki komandadakı uşaqlar rusdilli idi...

- Çox çətin bir mərhələ idi. Bilirsiniz, rus dilində səslənən zarafatlar Azərbaycan dilində eyni səviyyədə səslənmir. Həmin effekti biz ala bilmirdik. Çünki hər bir millətin öz mentaliteti, özəllikləri var. Məsələn, “Məhəllə” sakinləri Elişlə Roşkanın adi bir sözləri var “Uy daa”, “Fu Məzi, fu” sözlərini rus dilinə necə tərcümə edəcəyəm? Heç tərcümə etsəm də, tamaşaçı başa düşməyəcək. Amma bunlar Azərbaycan dilində səslənəndə insanların sifətində adi bir təbəssüm yaranır. 2004-cü ildən “Planet Parni iz Baku” KVN Teatrı ilk konsertini verəndən sonra demək olar ki, bütün səhnəciklər Azərbaycan dilində idi. Mən buna sevinirəm. Bizim teatrımız Azərbaycan teatr məkanında ilk satira teatrıdır. Bizim teatrda səslənən zarafatlar, göstərilən miniaturalar, səhnəciklər başqa heç bir teatrda göstərilmir. Desəm ki, KVN hərəkatı Azərbaycan teatr sənətində böyük inqilab yaradıb, yanılmaram. Cəmiyyətdə baş verən açıq-aşkar nöqsanları yumor prizmasından tənqid, siyasətçiləri, ölkə başçılarını parodiya etmək kimi çətin məsuliyyəti öz boynuna ancaq KVN-çilər alır.

N.Ehlamqızı: Siz bir məmuru və ya siyasətçini parodiya etmək üçün hansı müddətə onu müşahidə edirsiniz?

- Hökmən izləyirəm. Biz gündəmdə olan siyasətçiləri parodiya edirik. O siyasətçi ilə tanışıqsa, onu parodiya etmək daha asandır.

“Piratçılara 5-6 il həbs cəzası verilsəydi, piratçılığa son qoyulardı”

N.Muradova: Çox yaxından kiminlə tanışsınız?

- Məsələn, xarici işlər naziri Elmar Məmmədyarovla harada bir-birimizi görsək, mütləq salamlaşırıq. Bilirsiniz, nəyə təəccüblənirəm, elə siyasətçilər var ki, bizi görüb sifətini çöndərirlər. Amma Heydər Əliyev konsertlərimizə gələndə qaça-qaça gəlib əllərimizi sıxırdılar. Burdan bir nəticə çıxarmaq olar ki, onlar bizə görə yox, protokola görə konsertə gəlirdilər. Belə çıxır ki, heç onların yumordan başları da çıxmır. Bakı meri Hacıbala Abutalıbovla bir vaxtlar çox yaxın ünsiyyətdə idik, hətta əvvəllər bizi qəbul də edirdi.

N.Ehlamqızı: Bəs indi nə oldu?

- İndi qəbul etmir, bilmirəm.

N.Muradova: Qadağaları nədən ibarətdir?

- Bu haqda dəfələrlə danışmışam. Adi banerləri şəhərdə asmaq istəyirdik, Bakı Şəhər İcra Hakimiyyətinin reklam departamenti müxtəlif bəhanələrlə onları asmağa icazə vermədi. Pulu ilə, elə-belə istəmirəm. Elə-belə olan vaxtlar keçdi, getdi, KVN üçün qabaqlar sponsorlar sıra ilə düzülürdü. İndi bizdən pul istəyirlər, hətta bəzi yerlərdə rüşvət də tələb edirlər. Belə bir vəziyyətə gəlib çıxmışıq.

“İlhamə Quliyeva bizi məhkəməyə verə bilməz”

Səxavət Həmid: İndi də banerlərin asılmasına icazə verilmir?

- Yox. 100 faiz bilirəm ki, Hacıbala müəllim bu işə müdaxilə etsə, məsələ müsbət həll olunar. Yəqin xırda məmurlardan kimsə özünü yaxşı çıxarmaq istəyir.

N.Muradova: Yəni düşünürsünüz ki, Hacıbala Abutalıbovun bundan xəbəri yoxdur?

- Mən düşünürəm ki, xəbəri yoxdur. Belə düşünmək istəyirəm. Mən bədbin adam deyiləm. İstəmirəm ki, başqa cür düşünüm, Hacıbala müəllimin və ya müavinlərinin tapşırığıdır. Tağı Əhmədovla yaxşı münasibətimiz var. Hətta indi də. Evdə bizə bir şey öyrədiblər ki, insana təkcə vəzifədə olanda yox, vəzifəsindən uzaqlaşanda da hörmət bəsləmək lazımdır. Bu, ən böyük qiymətdir. Vəzifədə olanda hörmət eləməyə nə var ki. Yaltaqlanırlar. Halbuki bu ifadələr bizim üçün çox uzaq ifadələrdir. Çünki heç vaxt heç kəsin qabağında yaltaqlanmamışıq, başımızı da əyməmişik. Amma hörmətimizi saxlamışıq. Ən azı ona görə ki, bizdən yaşda böyükdürlər. Tağı müəllim vəzifədən çıxandan sonra onunla görüşdük, konsertimizə də dəvət etdik. Amma vəzifədə olanda həmişə Cabirlə mənə deyirdi ki, hə, gəlmisiniz yenə material yığmağa? Yığın, yığın. Bizə çox böyük hörmətlə yanaşıb, indiyə kimi də bu hörmət qalıb.

N.Ehlamqızı: Bəs Sizdən üz döndərən başqa siyasətçilər kimlərdir?

- Belə insanlar çoxdur. Hətta zəng edib hədə-qorxu gəlirlər ki, bunu çıxar, bu materialı göstərmə. Efir rəhbərlərinə zəng edirlər ki, bizimlə bağlı olan səhnəcikləri göstərməyin. Onsuz da əvvəl-axır mənim konsertim montajsız efirə gedir. Heç kəs bu işə müdaxilə edə bilməz.

Rövşən Danyeri: Müxalifətlə münasibətləriniz necədir?

- Mən Azərbaycan müxalifətini tanımıram. Çünki ölkəmizdə müxalifət görmürəm, onlar ümumiyyətlə, fəaliyyət göstərmir.

N.Ehlamqızı: İsa Qəmbəri, Əli Kərimlini də tanımırsınız?

- Onları tanımıram. Heç tanımaq da istəmirəm. Onlar Azərbaycan üçün nə ediblər?

N.Muradova: Siyasətlə nə dərəcədə maraqlanırsınız?

- Mən tək siyasətlə yox, bütün gündəlik ictimai proseslərlə maraqlanıram və bütün saytları izləyirəm. Həm müxalifət, həm də iqtidaryönlü saytları oxuyuram.

“Müxalifət o vaxt, Etibar Məmmədov olanda var idi”

N.Muradova: Bunu bir vətəndaş kimi, yoxsa işinizin bir parçası kimi edirsiniz?

- Əlbəttə ki, bir vətəndaş kimi maraqlanıram. Bundan başqa, işimlə əlaqədar gündəmdə olan bütün siyasətçiləri izləməliyik. Bu yaxınlarda deputat Siyavuş Novruzov konsertə 3-4 gün qalmış “Molotov kotleti” sözünüdən istifadə elədi, biz dərhal onu konsertin ssenarisinə əlavə elədik. Bu, ssenaridə yox idi. Çünki ssenari 2-3 ay qabaq yazılır. Artıq 10 ildən çoxdur ki, mən Azərbaycanda müxalifət görmürəm. Bu, mənim subyektiv mövqeyimdir. Müxalifət o vaxt, Etibar Məmmədov olanda var idi. Hətta biz onu dəfələrlə parodiya da etmişik. Müxalifət 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı başlayanda var idi. Hətta Heydər Əliyev də müxalifətdə olub. İndiki müxalifət liderlərinin hərəsi bir xarici maşında, cangüdənlə gəzir. Sual yaranır, doğrudan da, müxalifətsənsə, işsizsənsə bu maşınlar səndə haradandır? Ən azı cangüdən saxlamaq üçün pul lazımdır. Aha deməli, qıraqdan haradansa sənə pul gəlir. Mən siyasətçi deyiləm, təxmini bir vətəndaş kimi hesablayıram. Millət üçün canın yanır, mübarizə aparırsan? Get adi insanlar kimi ictimai nəqliyyatdan istifadə elə, adi insanlar kimi kitabxanaya, AMEA-ya işə düzəl. Bir quru maaşa yaşa görək, yaşaya biləcəksən?

Ruslan Xəlil: Müxalifətçinin maşını olmamalıdır?

- Təəssüflər olsun ki, bizdə müxalifət ancaq hakimiyyətə gəlib varlanmaq istəyir.

Ruslan Xəlil: Bütün dünyada belədir ki, müxalifətin məqsədi hakimiyyətə gəlməkdir.

- Bəli, amma dünyada hakimiyyətə gəlib varlanmaq anlayışı yoxdur. Bir dəfə hakimiyyətdə olublar da, gördük. 1992-ci ildə Anar Məmmədxanov baş nazirə müraciət elədi ki, biz Moskvaya gedirik, oyunumuz var. KVN nədir başa saldıq, bir qəpik də pul vermədilər. Bilirsiniz niyə? Dedilər ki, KVN rus dilindədir, bizə rusdilli oyunlar lazım deyil. Konservatoriyaya girirdilər, deyirdilər ki, ancaq milli alətlər lazımdır. Mənim babam Süleyman Ələsgərov Konservatoriyada işləyib, bu əhvalatı o danışıb. Söyləyiblər ki, bizə ancaq milli alətlər lazımdır, skripka, arfa lazım deyil. Bu idi bax, bizim müxalifət. Onda gəlin, ancaq muğama qulaq asaq, ancaq yarpaq dolması yeyək, suşi yeməyək. Gəlin, ölkəni hasarlayaq, heç kimi bura buraxmayaq görək ölkə inkişaf edəcək, ya yox. Bir ölkə sözün məcazi mənasında da olsa hasarlanıb. Baxın da Ermənistana görün axırı nədir. Hamı oradan qaçır, əhalinin artımı azalıb.

“Elmar Məmmədyarovla harada rastlaşsaq, mütləq salamlaşırıq”

Ülviyyə Axundova: Hasarlanmadan söz açdınız, dediniz ki, hamı Ermənistandan qaçır. Amma belə bir praktika da var: Şimali Koreyadan heç kim qaça bilmir.

- O ölkə haqqında heç nə deyə bilmərəm. Bilirəm ki, diktatura vəziyyətində yaşayan, Allaha inanmayan xalqdır. Bütpərəstdirlər. Bu da onların Allah-təala tərəfindən cəzasıdır da.

Cəvahir Səlimqızı: Qardaşınız Cabirlə eyni komandadasınız. Fikir ayrılığı yaranırmı?

- Tək qardaşların arasında yox, ümumiyyətlə, bütün KVN-çilər arasında fikir ayrılığı yaranır. Yekunda ortaq məxrəcə gəlirik. Rəhbər haradasa öz rəhbərliyini, böyüklüyünü göstərməlidir. Tək KVN-də yox, hər bir cəmiyyətdə sonda hər kəs üzünü rəhbərə çevirir. Biz Cabirlə bir tərbiyə almışıq deyə zövqümüz də demək olar ki, eynidir. Fikir ayrılığı ayda-ildə bir dəfə olur, ya yox. Onu da elə həll edirik ki, heç kim bilmir. Aramızda bizim qədim ənənələri əsaslanan ünsiyyət var: böyük-kiçiklik. Cabir yazılmamış qanuna riayət edir, mən də öz böyüklüyümü göstərirəm.

N.Muradova: Sizin KVN teatrının rəhbəri kimi çox qəddar olduğunuzu deyirlər...

- Bu barədə çox eşitmişəm. Bunu nizam-intizam qaydalarına riayət etməyən insanlar deyir. Bəli, Tahir İmanov sərtdir. Əgər insan bir dəqiqə gecikirsə, ona birinci dəfə xəbərdarlıq edirəm, ikinci dəfə töhmət verirəm, üçüncü dəfə həmin adam 100 dəfə istedadlı olsa da, onu qovuram. Budur sərtlik? Kollektiv işdə gecikmə olmaz. Sovetlər Birliyində böyümüşük, o vaxt məktəbə gecikən şagirdin valideynlərini məktəbə çağırırdılar. Ona görə də o dövrün təhsili indiki təhsildən qat-qat üstün idi.

N.Muradova: Çox adamı işdən qovmusunuz?

- Yox. Teatrımızda 60 nəfər işləyir, onlardan soruşa bilərsiniz, heç kim gecikmir.

C.Səlimqızı: Söylədiniz ki, sərtəm, bəs hansı məqamda qollarınız boşalır?

- Kasıb kişiləri görəndə. Kasıb qadın görəndə kövrəlirəm, amma imkansız kişiləri görəndə vallah özümlə heç nə edə bilmirəm. Kişi elə məxluqdur ki, ana bətnində güclü məxluq kimi yaranır. Allahıma həmişə dua edirəm ki, bütün kişiləri varlı eləməsə də, imkanlı eləsin. Bir tikə çörək, bir stəkan suyu evinə apara bilsin.

N.Muradova: Sonuncu konsertinizdə məmurlardan kimlər vardı?

- Yadımdan çıxıb vallah.

N.Muradova: Hamısını dəvət edirsiniz?

- Heç kimi dəvət etmirəm. Dəvətnamə göndərmirik, onların öz yerləri var, gəlib orada otururlar. Görürsünüz necədir, imkanlı adamlar dəvətnamə ilə gəlir, imkansızlar gedib kassadan bilet alır. Həyatın qanunu belədir.

N.Muradova: Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gəlməmişdi?

- Bu dəfə gəlməmişdi. Amma konsertlərimizə tez-tez gəlir, maraqla izləyir. Mədəniyyət nazirimizlə çox sıx əlaqəmiz var. Sənətimizə böyük diqqət yetirir.

N.Muradova: Teatrın işinə nə köməklik göstərir?

- Çox olub. Ən azı bu dəfə məşq üçün bizə yer ayırdı. Filarmoniyada məşqlər keçirdik. Fürsətdən istifadə edib cənab nazirimizə, Filarmoniyanın müdiri xalq artisti Murad Adıgözəlzadəyə təşəkkürümü bildirirəm. Çox böyük köməklik oldu. Haradasa 2 ay məşq üçün yer axtardım. Bir çox insanlardan “yox” cavabı eşitdim. Teatr və digər qurumların rəhbərlərinə zəng elədim. Yer vermədilər, dedilər ki, yer var, amma öz məşqlərimiz olacaq. Müxtəlif bəhanələr idi, axırda başa düşdüm ki, “hə” deyən insan deyərdi gəl. Hansısa bir idarə rəisinə zəng edəndə məsələni həll etmir, gərək birbaşa onun nazirinə, qurum rəhbərinə zəng edəsən ki, eləsin.

N.Muradova: Öz teatrınızın, yerinizin olmasını istəmirsiniz?

- Efir vasitəsilə də, şifahi, yazılı formada da çoxsaylı müraciətlər etmişik. Amma heç bir insan təəssüflər olsun ki, indiyə kimi kömək edə bilmədi. Heç artıq istəmirik də. Yaş o yaş deyil ki, teatra baxasan. Teatrı saxlamaq lazımdır. 10 il bundan qabaq xahiş elədik, yalvardıq, eləmədilər.

Bəxtiyar Məmmədli: Şuşa Sizin üçün nədir?

- Şuşa mənim anamdır, atamdır, hər şeyimdir, nəfəsimdir. Həyatımın bir mənasıdır.

Bəxtiyar Məmmədli: Mən Sizə bir kitab göstərəcəyəm. Bizim babalarımız dost olub, bir yerdə oxuyublar. Qismət elə gətirdi ki, gəlib bura çıxdıq, əlaqələr itdi. İnşallah Şuşaya qayıdanda bu kitabı Sizə verəcəyəm. Şuşadan çıxanda bizə babamdan çox az xatirə qalıb, onlardan biri də Süleyman Ələsgərovun babama imzaladığı, özü haqqında kitabdır.

- Bizim Şuşadakı evimiz Çöl Qala məhəlləsindədir. Görürsünüz, demədim məhləsində idi. Evimiz indi də oradadır.

“Başqa komandaların dövlət başçısının timsalında dəstəyi yox idi”

B.Məmmədli: İndi şuşalılar az-az görünür. Mədəniyyətdə, ictimai həyatda elə də yoxdur...

- Niyə yoxdur, mədəniyyətdə elə bizik də. Filarmoniyanın müdiri Murad Adıgözəlzadə, xalq artistimiz Yalçın Adıgözəlov, professor, xalq artisti Fərhad Bədəlbəylinin əsli-kökü şuşalıdır. Yer kürəsinin xəritəsinə baxsanız, balaca nöqtədən görün nə qədər böyük insanlar çıxıb.

B.Məmmədli: Gənc nəsil içərisində belə istedadlar azdır...

- Təhsilin səviyyəsindən asılıdır. Təhsil nazirimiz, çox hörmətli dostumuz Mikayıl müəllim bu vəziyyəti düzəltməklə məşğuldur. Qurumuş ağacı çıxarıb yerinə yeni ağac əkir.

N.Muradova: Yeni təhsil naziri səhnədə var idi?

- Var idi, şəxsən özüm parodiya etdim.

C.Səlimqızı: Mən Sizin babanızdan müsahibə almışam, Süleyman müəllim çox sadə insan idi. Babanızdan Sizə hansı xasiyyət keçib?

- Elə sadəlik, tanıdığım və tanımadığım insanlara yardım əlimi uzatmaq. Vətənə, millətə qulluq etməkdir. Tək babam yox, şuşalıların hamısı sadə idi. Mənim bir dostum var, deyir ki, Şuşanın qəssabı da, alimi də aristokratdır. Zarafatca desə də, onun sözündə həqiqət var. Artıq 22 ildir ki, Şuşa işğal olunub. O tərəf bağırır ki, bu, bizim qədim erməni torpaqlarıdır, dədə-babalarımız burda doğulub, biz də burada yaşayacağıq. Tutalım ki, belədir, bəs bu 22 il ərzində niyə onların içərisindən bir nəfər xanəndə, böyük bəstəkar çıxmayıb? Bu illər ərzində heç olmazsa böyük şəxsiyyət çıxa bilərdi də. Demirsiniz, mədəniyyətlə də, tarixlə də, genetika ilə də bu torpaqlar bizimdir? Bəs niyə istedadlı insan çıxara bilmirsiniz? Amma bu işğala baxmayaraq böyük şuşalılar indi də doğulur, indi də öz sözünü deyir. Bu, bir daha sübut edir ki, doğrudan da, qədim türk torpaqlarıdır. Ermənilərin əsər-əlaməti də olmayıb. 1828-ci ildə Türkmənçay müqaviləsi əsasında İrandan ora 1 milyondan çox erməni köçürülüb.

“Misir Mərdanovu parodiya etmək nə məndə, nə də Cabirdə alındı”

N.Ehlamqızı: Kimi parodiya etmək Sizin üçün çətindir?

- Misir Mərdanovu parodiya etmək üçün mən də, Cabir də cəhd göstərdik, amma alınmadı.

C.Səlimqızı: Bəs kimi parodiya etmək ürəyinizcədir?

- Əlbəttə ki, Bakı meri Hacıbala Abutalıbov. Bu il bir fakta diqqət yetirdim ki, bu insan hər dəfə konsert qabağı nə isə bir söz deyir. Bilmirəm, təsadüfən alınır, yoxsa qəsdən deyir ki, biz konsertdə istifadə edək. Mən də onu monoloqumda istifadə edirəm, bununla o bizə loru dildə desək çörək verir. Hətta bir jurnalist təklif etmişdi ki, qonorarınızın yarısını Hacıbala müəllimə verməlisiniz.

C.Səlimqızı: Hər bir adamın içində 40-cı otaq olar. Tahirin də yəqin içində gizlin otaq var. O həndəvərdə olmaq mümkündür?

- Mümkündür. O otaq ancaq səmimi insanların üzünə açıqdır. Çünki son illərdir ki, səmimi və qeyri-səmimi insanları seçməyi öyrənmişəm.

N.Muradova: Piratlar yaxanızdan əl çəkdi?

- Xeyr. Artıq 2 ildən çoxdur ki, biz disklər də buraxmırıq. Biz konsertlərimizi kinoteatrlarda göstəririk.

N.Muradova: Gəlirinizə təsir edir?

- Söhbət tək gəlirdən getmir. Burada başqa məqama baxmaq lazımdır. Qanun təəssüflər olsun ki, bu məqamda bizə kömək edə bilmir. Düzdür, gözəl qanunumuz var, cinayət işi də açılıb. Amma maksimum cərimə ilə bitir. Dəfələrlə piratları həbs ediblər, amma axırını görməmişik. Bunlara 5-6 il həbs cəzası verilsəydi, inandırım ki, Azərbaycanda piratçılığa son qoyulardı.

N.Muradova: İldə bir dəfə konsert verirsiniz, sonra kinoteatrda onu göstərirsiniz. Maliyyə buradan gəlir, bəs il ərzində nə iş görürsünüz?

- Gəlin, sənətimizdən danışaq. Razıyam, gəlirim də var, çörəyim də, bir stəkan suyum da var. Əgər məni sənətkar hesab edirsinizsə, gəlin şəxsi həyatımdan, maşınımdan danışmayaq.

C.Səlimqızı: Siz ictimai adamsınız və şəxsi həyatınız tamaşaçı üçün maraqlıdır.

- Düşünürəm ki, KİV-də yalnız sənətkarın ancaq sənəti haqqında məlumat getməlidir. Şəxsən məni Aygün Kazımovanın şəxsi həyatı maraqlandırmır. Mən Rəşidləri, Şövkətləri görmüşəm. Necə ki, onların şəxsi həyatı məni maraqlandırmayıb, indikilərin də şəxsi həyatları maraqlandırmır.

N.Muradova: Müğənnilərlə aranız necədir?

- Çox gözəl.

N.Muradova: Aranızda onlarla problem yaranmır?

- Bizdən küsənlər də var, məhkəməyə verənlər də var. Öz işləridir, demokratik şəraitdə yaşayırıq, nə istəyirlər, eləsinlər.

N.Muradova: İlhamə Quliyeva Sizi məhkəməyə verməmişdi?

- Verməmişdi, verə də bilməz. Çünki Cinayət Məcəlləsində parodiya ilə bağlı heç bir şey yoxdur. Biz heç vaxt heç kimi təhqir etməmişik. Tənqidlə təhqirin arasındakı fərqi yaxşı bilirik.

“Şuşa mənim anamdır”

N.Ehlamqızı: Prezident konsertlərinizdə iştirak edəndə ssenari ilə əvvəldən tanışlıq olurdu?

- Yox, heç vaxt yoxlanmırdı. Heç vaxt bizi yoxlamayıblar, bizdən ssenari istənməyib. Çünki bilirdilər ki, “Parni iz Baku” KVN komandası müəyyən çərçivə var ki, onu bilir. Biz nə müxalifəti, nə də iqtidarı təhqir etmişik. Vəzifəni bir tərəfə qoyuram, onlar ilk növbədə vətəndaşdırlar. Heç kəsə ixtiyar verilməyib ki, kimisə təhqir etsin. Ən azı qanuna riayət edirik və Allahdan qorxuruq.

R.Danyeri: Anar Məmmədxanlı Sizin teatrı bir o qədər dəstəkləmirdi, ANS-də müsahibəsində söyləmişdi ki, biz son konsertimizə çıxdıq və kişi kimi dedik ki, bu, bizim son çıxışımızdır. Və daha sonra biz kişi kimi sözümüzün üstündə durduq və bir daha konsert verdik, amma kim ki sözünün üstündə durmadı, onlar yenidən konsert verməyə davam elədi. Siz “Planet Parni iz Baku”da onun xatirəsini yad elədiniz...

- Bəlkə başqa səpkidə deyib. Mən o sözləri öz ünvanıma qəbul etməmişəm, yəqin söhbət başqa adamlardan gedir. Mən inanmıram ki, Anar bizim haqda belə söz deyər. Ən azı bir yerdə çörək kəsmişik, bir komandada olmuşuq və bizim rəhbərimiz olub. Bizi nəzərdə tutduğuna inanmıram. Telekanallar intriqa yaratmaq üçün çox priyomlara əl atır. Bizim 2012-ci ildə “Eurogülüşion” adlı konsertimizdə səhnəciyimiz vardı, tanınmış müğənniləri səhnəyə çıxardıq. Onlar Ell&Nikki haqqında fikirlərini söylədilər. Ümumi baxanda çox müsbət sözlər dedilər. Amma sonra özümüz elə kəsdik-doğradıq və göstərdik ki, telekanallar belə işləyir və intriqa yaradır ki, onların reytinqi artsın. Bu mövzunun davamı olsun və qarşı tərəfi çağırsınlar. Görürsünüz reytinqi nə ilə toplayırlar? Bir sözlə, bu məsələni müzakirəyə çıxarsaq, Anarın ruhuna hörmətsizlik olar.

N.Muradova: KVN-nin indiki səviyyəsi Sizi qane edir?

- KVN-nin indiki səviyyəsi bizik və yeni komandalardır. Bir dəfə getdim xoşuma gəlmədi. İndi KVN-lər keçirirlər, son 2-3 gün qalmış eşidirsən ki, bizi dəvət edirlər. Bir dəfə dəvət edib bizi divarın küncündə oturtdular. Divara görə yox, axırıncı sırada da olsa gedərdim. O boyda dövlət qurumu bu işlə məşğul olur, bir nəfər bizlə məsləhətləşmir ki, bunu necə keçirirlər? Əgər bu işin professionalı varsa, deməli, ona müraciət etmək lazımdır. KVN mütəxəssisləri Bəhram Bağırzadə, Azər Məmmədzadə, Murad Dadaşov, Cabir İmanov, məsəl üçün mənəm. Gənclər və İdman Nazirliyindən bir nəfər adam bizə müraciət etmədi ki, məsləhət verin. Biz o vaxt adi 5 dəqiqəlik çıxışımıza görə Yuli Qusmandan məsləhət alırdıq. 20 ildən çoxdur ki, bu istiqamətdə canımızı qoymuşuq, sizin 5-10 dəqiqə bizimlə məsləhətləşməyə vaxtınız olmadı? Münsiflər heyətində 1 professional KVN-çini oturtmadılar.

N.Muradova: Özünüzü film, serial sektorunda da sınadınız. Qane olmadınız? Serial da bağlandı, davamı gəlmədi.

- Pul gəlmədi, ona görə də davamı olmadı. Təəssüflər olsun ki, indiki həyatda hər bir addımımız pulla bağlıdır. O vaxt birinci “Məhəllə”ni çəkəndə epizodik rollardan tutmuş baş rollaradək hamı deyirdi ki, mən çəkilim. İndi epizodik rollarda çəkilən insanlardan soruşsanız, gəlin, “Məhəllə 3" çəkilir, deyəcək pulumu ver. Hamı ulduz olub da.

Ü.Axundova: “Məhəllə”nin davamı olacaq?

- Pul olsa, olacaq.

N.Muradova: Necə istirahət edirsiniz?

- Mənim üçün ən böyük istirahət vaxt tapıb bir kitab oxumaqdır. Çox təəssüf ki, son vaxtlar buna imkanım yoxdur.

S.Həmid: Sosial şəbəkələrdə varsınız?

- Yoxam. Amma saytlara baxıram.

R.Danyeri: Hansı kitabları oxuyursunuz?

- Mən məktəbdə də, ali məktəbdə də rus dilində təhsil almışam və təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatına önəm verməmişəm. Müəllimlərimiz də bizə tapşırmayıblar. Biz Puşkin, Dostoyevski, Tolstoy, Lermontovu oxuyardıq. Son illər bu boşluğu doldurmaq istəyirəm. Bizim işimizə ən yaxın Cəlil Məmmədquluzadədir deyə onu oxumaqdan başlamışam. Təəssüfləndim ki, bu yaşa qədər gəlib çatmışam, amma indiyədək bu böyük şəxsiyyətin əsərlərini oxumamışam. Mirzə Cəlil bizim -yumoristlərin, satiriklərin atasıdır. Azərbaycanda Nobel mükafatı səviyyəsində mükafat olsaydı, şübhəsiz, o mükafat Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə görə ona verilərdi. Hərdən bəzi səhnəciklərə baxıram, deyirəm bu, aktuallığını itirib. Amma Mirzə Cəlilin bir əsr bundan əvvəl yazdığı əsər indi də aktualdır. Bu, dahilik, vətənpərvərlik deyilmi? Özünü tənqid edən bir millət həmişə qalib gələcək.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm