Aqşin Yenisey: “Ömrümün qalan hissəsini təəssüf hissi ilə yaşayacam”
Bizi izləyin

Qırmızı.az

Aqşin Yenisey: “Ömrümün qalan hissəsini təəssüf hissi ilə yaşayacam”

“Həyatımda bəzi redaktələrə ehtiyac var”

“Goru gözü ilə gördü” - şairin bu halını belə ifadə etmək olar. Əsl yalqızlığı onda hiss etdim. Bu vaxta qədər şeirlərdə “yalqızam”, “tənhayam” çox yazmışam. Amma onlar boş və yalandır. Əsl yalqızlıq başqadır, torpağın altındadır və onu hiss etdim”- deyir son üç gününü 1 saylı Şəhər Kliniki Xəstəxanasında yataq rejimində keçirən şair Aqşin Yenisey.

Həkimlər ona həm qaraciyər serrozu, həm də sarılıq xəstəliyi diaqnozu qoyublar. Onlar şairin vəziyyətini xeyli ağır qiymətləndirsələr də, o, özünü yaxşı hiss etdiyini deyir. Xəstəxananın yoluxucu xəstəliklər şöbəsində bizi gözlətdirlər, çünki şairin yanına gələnlərin sayı çoxdur. Bir az gözlədikdən sonra palataya - şairin yanına getməyə icazə verilir.

Aqşin Yenisey bizi xəstə adama xas olmayan şən əhval-ruhiyyə və şuxluqla qarşılayır, zarafatından da qalmır. İlk günlərində bir-iki cümlə güclə danışan Aqşin, öz sözü ilə desək, artıq “bülbül kimi cəh-cəh vurur”...

“Əvvəl qarnım “dumbul” kimi idi, indi suyu azalıb. İlk gecə həkim baxanda vəziyyətimin ağır olduğunu, evə getsəm, komaya düşə biləcəyimi deyəndə qorxdum. İndi daha yaxşıyam, normal danışıram, nəfəs alıram”.

Biz söhbət edərkən şairin yanına ona baxan və eləcə də digər həkimlər gəlir, səhhəti ilə maraqlanırlar. Həkimlər arasında şairin oxucuları da var...

30 ildən sonra yenidən xəstəxanada

Özünün dediyinə görə, 6 yaşından sonra ilk dəfədir xəstəxanadadır. İynə, dərmana yad orqanizm üçün 3 gün yataq rejimində olmaq asan deyil. Amma şairin dostları və həkimlərin diqqəti onu darıxmağa qoymur. Hətta gələnlərin əlindən istirahət belə edə bilmədiyini deyir:

“Xəstəxanaya gətirildiyim günün səhəri az qala 50 nəfərlə görüşdüm, əslində o qədər görüşə icazə yoxdur, amma nə edək. Saat 12-dən sonra palatada bir dəqiqə tək qalmıram, elə yatmaq istəyirəm, kimsə gəlir”.

Dost-tanışdan imkan olan kimi, qəzet oxuyur, gələcək yazıları üçün qeydlər aparır. Xəstəxanadan çıxandan sonra edəcəyi işlərin planını da qurub. Onu təəssüf dolu həyatın gözlədiyini deyir, bəzi köhnə vərdişlərinin də üzərindən xətt çəkib:

“Həkimlər deyiblər ki, müalicədən sonra 50 qram piyvə də olmaz. Ona görə, ömrümün qalan hissəsin təəssüf hissi ilə yaşayacam. Amma çətin olmaz yəqin, 15 gündür içmirəm, heç yadıma da düşmür. Xəstəxanadan çıxandan sonra əvvəlki həyatla bağlı bir çox şeylər keçmişdə qalacaq. Artıq içki məclislərinə getməyəcəm, yeyib-içdiyim adamlarla münasibətlərə yenidən əl gəzdirəcəm. Həyatımda bəzi redaktələr etməklə, qalan işlərimi olduğu kimi davam etdirəcəm. Aparacağım redaktələr alın yazımdan da asılıdır”.

“Onun məni belə görməsini istəmirəm”

Aqşinin görməyi həm çox istədiyi, həm də istəmədiyi şəxs qızıdır:

“Qızımı bir neçə dəfə gətiriblər, amma onun məni belə görməsini istəmirəm. Sistem, iynələr qurtarandan sonra deyirəm ki, imkan varsa, gətirsinlər. Onun məni iynə vurulanda görməsini istəmirəm”. Bu an kövrələn şairin əhvalını pozmamaq üçün söhbəti burda dayandırırıq...

Aqşin onunla maraqlanan, zəng edən, yanına gələn, gələ bilməyən hər kəsə, oxucularına təşəkkür edir: “Şairi xəstələnəndə, öləndə xatırlamaq da yaxşı hal deyil, amma nə edək ki, bizdə belədir. Buna baxmayaraq, oxucularımdan razıyam, burdan çıxandan sonra da yeni şeirlər, köşələr yazacam, kitablar çıxaracam, onsuz da başqa iş bacarmıram”.

Şairlə sağollaşıb, vəziyyətini daha ətraflı həkimi Tofiq Süleymanovdan öyrənirik. Həkim onun hazırkı durumunu ağır-stabil qiymətləndirir:

“Virus daşıyıcısı olmaması sevindircidir. Sarılıq yüksək olduğuna görə, nəzarətdədir. Hər an vəziyyəti ağırlaşıb komaya düşə bilər.

Müalicə müddəti bədənin reaksiyasından asılıdır. Ilkin mərhələdə serrozun yüngülləşməsinə çalışırıq. Sonra isə ixtisaslaşmış xəstəxanaya köçürüləcək. Əlavə müayinələrdən sonra qaraciyər köçürülməsi müzakirə olunacaq. Həkimlərin konsiliumu əsasında qərar veriləcək”.

Həkim deyir, bu gün Aqşinin xəstəxananın qastroenteroloji şöbəsinə, yaxud Mərkəzi Neftçilər Xəstəxanasına köçürülməsi məsələsinə baxılacaq.

Həkimlərin ağır qiymətləndirməsinə baxmayaraq, Aqşin özünü yaxşı hiss edir. “Gor”u görsə də ümidlidir, “Şairi dəyirmanın bu başından ölü salsan, o başından diri çıxar”- deyir. Sağalacağına, yenidən yazıb-yaradacağına əmindir. Başqa yol da yoxdur, şair!..

Dualarimiz səninlədir...

Gülxar

Fotolar Xəyalındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm