"Virtual məkan kənar müdaxilə yaradır"
Bizi izləyin

Qırmızı.az

"Virtual məkan kənar müdaxilə yaradır"

“Virtual informasiya məkanının genişlənməsi baxımından hər bir ölkə və xalq üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradır.”

Publika.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, “Yeni media və yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

V.Əliyev qeyd edib ki, virtual informasiya məkanının genişlənməsi digər tərəfdən də milli informasiya mühitinin pozulmasına və milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına təsir göstərir:

“Bu, həm də xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə, o cümlədən cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır. Qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır. Müasir dövrün yeni çağırışları çərçivəsində kütləvi informasiya vasitələrinin, xüsusilə də yeni medianın fəaliyyətini müntəzəm şəkildə diqqət mərkəzində saxlamağı zəruru edir.”

Sektor müdiri, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən siyasəti xatırladıb.

O bildirib ki, bununla paralel olaraq, dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlanılıb: “Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyən edilib. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradılıb, söz və məlumat azadlığı təmin edilib, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verilib. Nəticədə, qısa zamanda respublikada azad informasiya mühiti formalaşıb və müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edib. Hazırda bu inkişaf prosesi həm də qlobal şəbəkənin Azərbaycan seqmentini əhatə edib”.

O qeyd edib ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir.

Sektor müdiri, ölkədə yüzlərlə sayt və portalın fəaliyyət göstərdiyini qeyd edib:

“İKT sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın hərtərəfli inkişafına xidmət edib. Bugünkü reallıq ondan ibarətdir ki, internet media istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət aparır və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələyib. Bu da faktdır ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediada cəmləşib. Bu reallıq yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir.”

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm