"Barələrində qanuni hökm olmayan adamlara əfv tətbiq edilmir"
Bizi izləyin

Qırmızı.az

"Barələrində qanuni hökm olmayan adamlara əfv tətbiq edilmir"

Ekspertlərin fikrincə, bəzi hüquq müdafiəçiləri hüququ kifayət qədər bilmədiklərindən haqsız danışırlar

Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı 171 nəfərə şamil olunub. Ölkə başçısı tərəfindən atılan humanist addımı çoxları təqdir etsə də, özlərini hüquq müdafiəçisi, siyasətçi adlandıran bir qrup insan hər zaman olduğu kimi bu dəfə də öz narazılıqlarını büruzə veriblər. Həmin şəxslər İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, “NİDA” Vətəndaş Hərəkatı üzvlərinin, Anar Məmmədli, Bəşir Süleymanlı və Rauf Mirqədirovun adlarının da bu siyahıya düşməməsini ayrı-seçkilik kimi qələmə verməyə, sərəncamın əhəmiyyətini kiçiltməyə cəhd ediblər. Lakin onlara ən tutarlı cavabı öz işlərində olan Respublikaçı Alternativ (REAL) Hərəkatı İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli “Facebook” profilində yazdığı statusla verib. O, barələrində qanuni qüvvəyə minmiş hökm olmayan adamlara əfv tətbiq olunmadığını diqqətə çatdırıb. Qeyd edib ki, buna görə də adları çəkilən insanlarla bağlı əfv fərmanı texniki baxımdan mümkün deyil: “Əfv fərmanıyla bağlı çox adamın üzüldüyünü gördüm (oxudum). Nəyi gözləyirdiniz ki? Bilirəm, ölkəmizdə hüquqşünas peşəsi çox dəyərdən düşüb, amma söylədiklərimiz bəsit həqiqətdir axı. Barələrində qanuni qüvvəyə minmiş hökm olmayan adamlara əfv tətbiq olunmur. Buna görə də İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, NİDA-çılar, Anar Məmmədli, Bəşir Süleymanlı, Rauf Mirqədirovla bağlı əfv fərmanı texniki baxımdan mümkün deyildi. Hüquqşünaslar (mən daxil) bunu dəfələrlə deyiblər. Amnistiya söhbəti olsaydı, onda başqa məsələ. Amnistiyanı parlament verir və onu şəxslərə deyil, əməllərə (maddələrə) aid edir”.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə dövlət başçısının əfvlə bağlı sərəncamını müsbət qarşılayaraq, bir hüquq müdafiəçisi kimi Prezidentə minnətdarlığını çatdırıb. Deyib ki, Prezident İlham Əliyev 28 May öncəsi, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının il dönümü ərəfəsində imzaladığı sərəncamla sadəcə 171 məhbusu deyil, minlərlə insanı, həmin məhbusların ailə üzvlərini, qohum-əqrəbalarını sevindirib. Ç.Qənizadə bəzi siyasi məhbusların adlarının əfv siyahısında olmamasına da aydınlıq gətirib: “Təəssüf edirəm ki, bəzi həmkarlarım tərəfindən belə bir fikir səslənir ki, niyə siyasi məhbus siyahısında olan bəzi şəxslərin adları bura salınmadı? Əvvəla qeyd edim ki, beş nəfərin adı o mübahisəli siyahılardan salınıb. Amma biz hüquq müdafiəçisi olarkən, öhdəlik götürməmişik ki, sırf siyasi fəaliyyətlə məşğul olan şəxslərin hüquq və azadlıqları ilə məşğul olaq. Bizim üçün Azərbaycanın hər bir vətəndaşı bərabər hüquqludur və hər bir kəs bizim üçün eynidir. Təəssüf ki, bəzi həmkarlarım tərəfindən bu əfv sərəncam, bu humanist addım kifayət qədər dəyərləndirilmir. Həmkarlarım ola bilər ki, qanunu və hüququ kifayət qədər bilmədikləri üçün bəzən konkret adamların azadlıqda olmasını arzulayırlar. Axı, əfv sərəncamı barəsində hökmlər qanuni qüvvəyə minmiş şəxslərə şamil olunur. Bu gün siyahılarda olan və müzakirə predmeti olan onlarla insan var ki, onların hələ də Apelyasiya Məhkəməsinə müraciət edilib və biz məhkəmənin qərarını gözəməliyik. Bəlkə bəzilərinə bəraət veriləcək, bəlkə bəziləri həbsdən azad olunub, daha yüngül cəzalarla cəzalandırılacaq. O baxımdan tələm-tələsik, qanunu bilmədən müəyyən adamların adı siyahıda deyil, deyə, bu cür akta şübhə ilə yanaşmaq doğru deyil”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov əfv sərəncamının birbaşa Prezidentin səlahiyyətinə aid olduğunu, amnistiya aktını isə Milli Məclisin qəbul etdiyini vurğulayıb. O təəssüflə qeyd edib ki, bəzi insanların nəinki bunlardan, heç əfv haqqında əsasnamədən də xəbərləri yoxdur. Hüquq müdafiəçisinin sözlərinə görə, sözügedən əsasnamədə açıq-aydın şəkildə göstərilir ki, məhkum cəzanın yarısını çəkəndən, törətdiyi cinayəti etiraf edəndən sonra Prezidentə əfv üçün müraciət edə bilər: “Yalnız bu halda əfv komissiyası həmin şəxsin ərizəsinə baxa bilir. Yəni, əgər məhkəmənin qüvvəyə minmiş hökmü varsa, işlətdiyi cinayətə görə konkret şəxsə 10 il cəza verilibsə və o, cəzasının ən azı 5 ilini çəkibsə, əfv ərizəsi ilə prezidentə müraciət edə bilər. Ərizədə isə məhkum yazmalıdır ki, törətdiyi əməldən peşmandır. Bəzən bunları bilə-bilə də yanlış təsəvvür formalaşdırmaq istəyənlər tapılır. Bir hüquq müdafiəçisi kimi mən də “NİDA”çıların, həmçinin adları mətbuatda hallandırılan digər şəxslərin də tezliklə azad olunmasını istəyirəm. İstərdim ki, onların hamısının adı əfvə düşsün. Amma bəzi proseslər var ki, onlara riayət edilməlidir. Qanundan kənara çıxmaq olmaz”.

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalovistənilən halda əfvi humanist addım kimi qələmə verib. Deyib ki, ora kimlərin siyahısına uyğun olaraq kimlərin adlarının düşüb-düşməməsindən asılı olmayaraq, cəmiyyət tərəfindən də bu, müsbət qarşılanır. Ş.Camalovun fikrincə, imzalanan hər əfv sərəncam və fərmanı, eləcə də qəbul edilən amnistiya aktı ilə konkret siyahıda adları olan şəxslər deyil, bütünlükdə onların hər bir ailə üzvü sevinc hissi yaşayır: “Bu gün isti kabinetində oturan və müxtəlif bəyanatlarla gündəmə gələn bəzi şəxslərin cəzaçəkmə müəssisələrindən, orada cəza çəkən insanların durumundan xəbərləri yoxdur. Bilmirlər ki, hansısa cinayətə görə həbs olunmuş insan nələri yaşayır, hansı mənəvi əzabları çəkir. Məhkum olmaq hansısa şəxs üçün, onun ailəsi üçün psixoloji baxımdan da çətindir. Bax belə bir vəziyyətdə cəza çəkən şəxslərin əfv olunması əlbəttə ki, hamı üçün sevindiricidir. O ki, konkret adları hallandırılan bəzi şəxslərin adlarının əfvə salınmamasına, peşəkarlar çox gözəl bilir ki, barələrində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmayan adamlara əfv tətbiq edilmir. Əfvlə bağlı müraciət edənlərin ərizələri isə Əfv Komissiyası tərəfindən ətraflı araşdırılır. Bu, olduqca böyük, lakin şəffaf aparılan bir prosesdir. Bəzən bir insanın sənədləri üzərində günlərlə iş gedir. Bundan sonra əfv olunması məqbul sayılan adamların siyahısı Prezidentə təqdim edilir. Bundan sonra kimlərinsə əfv olunub-olunmaması birbaşa dövlət başçısının səlahiyyətindədir. Ümid edək ki, gələcəkdə imzalanan əfv sərəncamlarla adları mətbuatda hallandırılan şəxslər də azadlığa qovuşacaqlar”.

Kaspi.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm