XX yüzilin bəlalarına bir baxış...
Bizi izləyin

Qırmızı.az

XX yüzilin bəlalarına bir baxış...

XX yüzilin bəlalarına bir baxış...

Ermənilər, kürdlər, ərəblər və türklər... – Qoca Şərqə bəla kimlərin əli ilə gəlir, kimlər ziyan görür, kimlər qazanır.?! ...1907-ci, 1915-ci, 1917-ci və 1991-ci ildə (Quzey Azərbaycanın hakimiyyətsizlik dövründə) ermənilər fürsəti əldən verməmişlər. 1915-ci ildə Osmanlının zəifləməsi dövründə onlar özləri türk vətəndaşlara qarşı soyqırım törətdilər.

Biz və bizim babalarımız o günləri gördük, yaşadıq. O günlərin təkrar olunmasına yol verməməliyik. Min bir zəhmətlə qurulmuş mütsəqil dövlətimizin qədr-qiymətini bilməliyik. Artıq dəfələrlə düşmənimizin kimlər olduğunu, onların necə hiyləgər, fürsətkar, rəhmsiz, qəddar və amansız olduğunu gördük. Bundan nəticə çıxarmalıyıq..!

Babalarımızın, atalarımızın, bir sözlə, bizdən öncəkilərin etdiyi yanlışlıqları təkrarlamamalıyıq. Tanrının yaratdığı bəşər övladına qarşı qəddar da olmamalıyıq, nəcibliyimizi, humanistliyimizi itirməməli, lakin yolunu azmışları, sözüm bütün anlamlarında sınırlarımızı keçənləri doğru yola yönəltməyi, haqqa boyun əyməyə vadar etməliyik. Bu gün müsəlman dünyasına qarşı aparılan oyunların seyrçisi olmamalı, nələr baş verdiyinin fərqinə varmalıyıq. Görün bu illərdə Tunisdə, Livanda, Misirdə və b. ... nələr baş verir?!. Yaşayış tərzini kimsənin bəyənmədiyi Qəddafi ərəb dünyasının lideri kimi tarixə düşdü. Onu öldürən gəncin cəmi-cümlətanı 22 yaşı var idi.

Yəni 22 bahar görmüşdü (onun da yalnız bir bölümü şüurlu bahardı) Liviya “ərəb baharı”nın “qəhrəman”ı oldu... – Nəticədə kim qazandı, kim itirdi?!. Suriyada gedən vətəndaş qarşıdurmalrında ölənlərin sayı ötən 3 il ərzində təxminən 150 min olub!.. Özü də ölüm də var, ölüm də... – işgəncə, zülüm müşayiəti ilə ölümdən söhbət gedir... Bəli, Suriyada ölən minllərlə insan nədən, kimin üçün öldüklərini, heç niyə döyüşdüklərini də bilmədilər. Kim soruşur onlardan ki: sən kimin üşün atılmısan bu meydana, bu qarşıdurmalar nədən ötrüdür, nədən bu qədər haqsız yerə insan qanı axıdılır, eyni dinə sahib, eyni kökdən olan insanlar nədən bir-birinə qənim kəsilib.!? Hiylələr, fitnələr o qədər dərinə işləyib ki, insanları bu yoldan çəkindirmək belə müşkülə çevrilib.

Ərəb məmləkətlərinin sakinləri, vətəndaşları zaman-zaman öz əlləri ilə qurduqlarını, yaratdıqlarını kənaq qüvvələrin verdiyi, şirnikləndirdiyi silaharla bir gecədəcə yerlə yeksan edirlər. Axı İslamın bizə öyrətdikləri bunlar deyildi, ey insanlar. Bir-birinə əl tutmaq, zəiflərə, yalqızlara, kasıblara, yetimlərə, fəqirlərə yiyə durmaq bu deyildi axı! Səmavi kitabımız olan Qurani-kərimdə yazılanlarla əməllərimiz arasındakı uçurumu yaradanlar və bundan, sözün əsl anlamında ləzzət alanlar öz işlərinidə, qurub-yaratmaqda, dövlətinin və xalqının mənafelərini güdməkdədirlər. Biz insanlar niyə bunları edə bilmirik? Bütün bunlar az imiş kimi, hələ insanlarımız niyəsini bilmədikləri döyüşlərdə iştirak etmək üçün Suriyaya gedir... Təxmini rəqəmlərə görə gedən bu 120 Azərbaycan vətəndaşının niyə mühacirət etdiklərini, kimin üçün döyüşdüklərini özləri bimədiyi halda biz hardan bilək.?! – ancaq təxmini mülahizələr, düşmən fitvasıyla başdan çıxarılma və s. kimi anlamlar daşıdığını yürüdə bilərik. Suriyaya gedənlər arasında iki qardaş da var, hansı ki, biri Bəşər Əsəd, o biri müxalifət tərəfdarı kimi döyüşür. Zərərini isə yerli əhali – ərəblər görür...

Son bilgilərə görə 50-ə qədər azərbaycanlı bu ölüm-dirim savaşında, yumşaq desək, sıradan çıxıb... Yenə sual olunur: kim qazandı?!. Nə azərbaycanlılar, nə ərəblər, bunlar hər ikisi uduzan tərəfdir. Udan isə bir dostumuzun dediyi kimi, erməni və onların havadrları oldu (-opəhləvan cüssəli vətəndaşlarımız Qarabağda işğalçılara qarşı döyüşməliydi, torpağını tutan işğalçıya qarşı) ! “Ərəb baharı” adı ilə Qoca Şərqə qış yaşadanlar oldu qazananlar..! Niyə insanlar bu dünyada müvəqqəti qonaq olduqlarını dərk etmirlər görəsən… Nədən insanlar anlamırlar ki, qazandığı yaxşı əməllər, təmiz addır… Niyə insanlar qəbul etmək istəmir ki, bu fani dunyadan əyninə büküləcək kəfəndən başqa heç nə aparmayacaqlar… Bəllidir ki, dünya əhalisinin təxminən beşdə biri Çində yaşayır, yəni bu ölkədə yaşayanların sayı milyard yarımdan çoxdur. Bunların hər biri okeana bir daş atsa suların səviyyəsi qalxar, sunami baş veriər. Bunu elə-belə, sözgəlişi qeyd etmədim, dunya insanları bu ölkəyə qibtə edir. Bunlar necə idarə olunur, niyə qarşıdurmalar, çəkişmələr nəzərə çarpmır. Biz Azərbaycan türkləri olaraq 50 milyondan çoxuq. Yox, bizim daş atmaq fikrimiz yoxdur.

Sadəcə, sınırlarımızı bağlamaq yetər ki, Ermənistan səfalət içərisində boğulsun, boğulur da..! Azərbaycanın müstəqillik illərindəki çətin dövrünü indi onlar keçirir. Monqolların dünyaya meydan oxuduğu dövrdə Çingiz xanın məsləhətçisi məşhur Çin alimi Yelusika ona demişdi ki, sən at üstündə ölkələri işğal edə bilərsən, sən at üstündə ölkələri idarə edə bilərsən... Monqolda bu bütövlüyü, cəsurluğu görən Çin aliminin fikri təsdiqini tapırdı da... Çingiz Xan dövründən çağdaş dövrə keçid alaq. – Ermənistanı artıq idarə etməkdən də keçib, bir tikə çörəkdən ötrü gözü əldə qalan bu millət hələ də özgələrin dediyini yerinə yetrir. Hər gün bir az daha arxaya gedir, uçuruma yuvarlanır (inşallah). Heç bir iqtisadi göstəricisi olmayan, böyük layihələrdən qıraqda qalan Ermənistanın inkişaf taleyi onu buyruqqulu edənlərdən, onu bu səfalətə sürükləyənlərdən deyil, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sınırlarının açılmasından asılı qalıb, bir növü...

Bu gün aləmə car çəkirlər ki, guya Ermənistan əhalisi öz liderlərinə qəhrəman kimi baxır, onun türk əleyhinə dediklərinə bəraət qazandırırlar... amma bu bir həqiqətdir ki, gənc nəsil erməni liderini bir vətən xaini hesab etsə, haqlıdır... Erməni analitikləri düşdükləri durumdan çıxış edərək, bildirilər ki, Ermənistan bu müharibədə qələbə çalmayıb, əslində məğlub olub. Ac-yalavac, para çörək üçün ölkədən didərgin düşən əhalinin, özgənin torpağı nəyinə gərəkdir.!?

Ermənistan dünya miqyaslı müqavilələrdən qıraqda qalmaqla özünü onsuz da düşdüyü quyunun bir az da dərinliyinə atıb... Bu müqavilələrdən yararlanaraq əhalisinə gün ağlamaq, gənc nəslə firavan həyat bəxş edərək öz gələcəklərini qurmaq üçün istiqamətləndirmək yerinə, havadarlarının fitvasına uyaraq, terrorçuluqla məşğul olan erməni “başbilənləri” düşmənçilik prinsiplərini əsas tutdular (tuturlar)... Nəticə isə göz qabağındadır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu şanslardan Gürcüstan hakimiyyəti yetərincə yararlanaraq, ölkələrini tam olmasa, düşdüyü böhrandan çıxardılar. İllər, əsrlər ötəcək. “Xocalı” kimi amansız bir soyqırım unudulmayacaq. Görünür, Xocalı bizim taleyimizə yazılıbmış... Əsas məsələdən qırağa çıxmdan bunları xatırlatmaqda məqsədim odur ki, mənim, ermənilərin “sevimli” qəhrəmanları hesab etdikləri Balayanlar kimi şovinistlərə “bu müharibədən nə qazandınız?” sualıma elə erməni gəncləri cavab verəcəklər... Bəzən sual yaranır ki, dünyada 50 ilyondan artıq Azərbaycan türkü yaşayır bəs niyə onların 3 milyonluq erməni qədər birliyi yoxdur?.. – Bilirsiz, Türkiyədə yaşayan ünlü bir həmvətənimiz var – Mübariz Mənsimov. O iş adamıdır. Azərbaycanda, Türkiyədə neçə-neçə xeyriyyə işlərinin təşkilatçısı olub. Mətbuatda onun bu xeyirxah əməlləri nə dərəcədə işıqlandırılıb? – amma haqqında xoşagəlməz şeylər yazılmaqla, yoxlanmadan mətbuat orqanlarında dərc edilir. Adamın ailəsi dağılır, nüfuzuna xələl gətirilir.

Özümüz özümüzə, özəlliklə də məmləktimizin adı naminə öndə gedənlərimiz üçün sünii problem yaradırıq. Eləcə də, Rusiyada və bütün dünyada yaxşı tanınan İlham Rəhimov kimi bir xeyriyyəçi haqqında bədniyyət adamların xoşagəlməz yazıları və söhbətləri… “Sapı özümüzdən olan baltalar” özümüzünkünün böyük işlərini qoyub, bir mənfi cəhətini axtarırlar yazmaq, yaymaq, rüsvay etmək üçün. Ermənilər belə eləmir axı. Bizdən fərqli olaraq, onlar, adətən bir-birini dəstəkləyir, bir-birinin əlindən tuturlar. Lakin bir yerdən başlamaq, bir şeylər etmək, inamlı olmaq, hərəkət etmək lazımdır və bu halda durum bizim xeyrimizə dəyişə bilir. Örnəyi, son beş ildə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın dəstəyi ilə 70-dən çox ölkədə Xocalı soyqırımı barədə seminarlar təşki olunmuş, tədbirlər keçirilib. Bir gənc lider bu qədər başarılı ola bilirsə, təcrübəli diaspor nümayəndələrimizin ümidsiz olmağa haqqı varmı?.. Ötən illər ərzində xaricdə yaşayan azərbaycanlılar arasında birlik sarıdan xeyli irəliləyişlər nəzərə çarpmaqdadır. Aparılan uğurlu dövlət siyasətinin, diaspor təşkilatlarımızın fəaliyyətinin nəticəsində dünya Ermənistanı bir terrorçu kimi tanımağa, onların törətdiyi qətliam və soyqırımlarını etiraf etməyə başlayıb. Təkcə ABŞ-ın bir neçə ştatında bu soyqırımın, Azərbaycan həqiqətlərinin tanınması deyilənlərə örnək sayıla bilər. Bəllidir ki, ermənilər 2015-ci ildə qondarma erməni soyqırımının saxta 100 illiyinə hazırlaşırlar. Bu barədə bir neçə kəlmə demək istərdim.

Türk Dünyasının bugünkü görkəmli siyasətçilərindən Rəcəb Tayyib Ərdoğan onların cavabını Avropa Şurasındakı çıxışı ilə verdi. Onun uzaqgörənliklə işlətdiyi haqlı və tutarlı ifadələr ermənipərəsr avropalı siyasətçiləri şapalaq kimi dəydi: “Baxın, mənim ölkəmdə 170 min erməni var; bunların 70 min nəfəri mənim vətəndaşımdır, qalan 100 min nəfər mənim ölkəmdə yaşayır. Neynəyim indi bunlarla? “Haydı, sizin ölkəniz Ermənistandır, çıxın gedin ölkənizə”mi deyim? Ermənistan özü yaxşıca düşünməlidir. Bir qərara gəlməlidir. Ən çox zərər çəkən öz insanlarıdır. Ona görə də diasporun itaətindən azad olmalıdır. Burada yaşayan ermənilər içərisində iş adamları, digər çox sayda peşə və sənət sahibləri var, azadca yaşayır, fəaliyyət göstərirlər. Siz mənə Ermənistanda yaşayan bir türk göstərə bilərsinizmi? Əsla yox! Çünki yoxdur. Türkiyədəki və Ermənistandakı arxivlərin açılmasını dəfələrlə təklif etmişəm. Yenə deyirəm, bu arxivlər açılsın. Həqiqət ortaya çıxsın. Gəlin baxın, Türkiyə arxivlərində bir milyona qədər yazı toplanmışdır – o vaxtlara aid. Tarixi tarixçilər yazmalıdır, siyasətçilər deyil. Bundan başqa, məlumdur ki, əksər dünya ölkələri Ermənistanı işğalçı dövlət olma¬sından xəbərsiz deyildir. Beynəlxalq qurumlar bu işğal faktlarını nəinki bilir, təsdiq də edir. Azərbaycanın Qarabağ bölgəsi işğala mərüz qalıb. İnsanları qaçqın düşüb, qətliamlar, soyqırım törədilib. O tarix də uzaqda deyil ki, mübahisələrə səbəb olsun, dünən olub, hər şey göz qabağında.

Bütün bunlar Türkiyə ilə Ermənistan arasındakı sınırların açılmasına mane olan faktorlardır. Bu sınırların açılması Qarabağ savaşının durdurulması, Ermənistan qoşunlarının o əraziləri tərk etməsindən keçir.“ Baş nazir Ərdoğanın bu mükəmməl sözlərinə nəsə əlavə etmək istəməzdim... Eləcə də, bu günlərdə bütün Türk Dünyasında ün qazanan “...Türkiyə burada deyil... amma mən varam, burdayam” kəlamının müəllifi cənab İlham Əliyevin Çexiyadakı tarixi çıxışını xatırlamaq yetərlidir ki, liderlərimizin qətiyyətinin xalqın istək və arzuları ilə necə səsləşdiyini görək... ...Bəli, 1915, 1917, 1992-ci illərdə hakimiyyətsizlikdən istifadə edən düşmənlər öz iç-üzlərini göstərdilər, məkrli niyyətlərini bildirdilər. Sual oluna bilər, biz xarici müdaxilələrin qarşısını almağa hazırıqmı, yəni yaşanan bu acılar bir daha təkrarlana bilərmi?!. – Bilirsiniz, bu müdaxilə bu gün də var, gələcəkdə də olacaq. Özəlliklə, azsaylı xalqları bir-birinə və azərbaycanlılara, türklərə qarşı qoymaq siyasəti aparılır. Sözsüz ki, zamanında qarşısı alınmadığı təqdirdə bu, həlli çətin olan nifaqa gətirib çıxarır... amma təxribatçılar özləri də gözəl bilirər ki indi 90-cı illər deyil, hər şey dövlətin nəzarəti altındadır. İnsanlarımız da daha bu kimi oyunlara uymayacaq dərəcədə dəyişib. Bugünlərdə Ermənistan xüsusi xidmət orqanlarının “uzaqmənzilli” saydıqları tatşünaslıq konfransı keçirməsi və s. də düşmənin dinc durmadığını bir daha göstərir... – Düşmən bir yerlərdə uduzduqlarını başqa yerlərdə “qazanmaq” istəyir və qazana bilməyəcəkdir! Belə təxribatlarla üzləşən ancaq biz deyilik. Uzağa getməyək, baxın, bəzi xarici güclərin qardaş Türkiyədə separatçı PKK təxribatı 40 ildən artıqdır davam edir.

(Mənim dayım, profesor Samir Tağızadə uzun illərdi bir kitab yazırdı. O, arxiv materialları ilə sübuta yetirmişdi ki, türk və kürd əslində tarixən eyni qədəri paylaşan, necə deyərlər, eyni qabdan çörək yeyən, eyni bulaqdan su içən xalqlar olub. Həmin kitabda bunlar qeyd olunacaqdı. Təəssüf ki, 1999-cu ildə Ankara Unversitetinin professoru olan S.Tağızadə avtomobil qəzasında dünyasını dəyişdi... amma bu kitab bütün Türk Dünyası üçün vacib olan bir kitab idi.) ...Düşmən qüvvələr kürd və türk kimi iki qardaş xalq arasına nifaq salaraq onları bir-birinə qarşı qoymağa cəhd edirlər. Hələ bu az imiş kimi, uzun illərdir müsəlmanlar arasına əks qütblük yaradaraq sünni və şiə söhbətindən yararlanır, məsələni hər gün bir az da qəlizləşdirməyə səy göstərirlər. Əsl müsəlman olan heç kəs öz dindaşına qarşı olmamalı, ayrıseçkilik etməməli, müsəlman aləmini bölməməlidir. Kürd-Türk qarşıdurması kimi təsnif edilməyə çalışılan, əslində PKK-nın arxasında gizlənən güclərin Türkiyəyə qarşı savaşının bitməsi lazımdır. Bunu da yalnız Türkiyə Cümhuriyyəti dövləti deyil, tərəqqipərvər kürd ziyalıları, irəligörüşlü kürdlər də etməlidir. Artıq dosumuzu düşmənimizdən ayırmağın zamanı çoxdan çatıb, çoxdan..! Bu təxribatları ortaya atanlar o dairələrdir ki, onlar bir də ayıldılar ki, Türk ordusu dünyanın ən güclü ordularındır. Bu ordu döyüş təcrübəsinə, öz nizam-intizamına, tekniki təchizatına, quruluşuna, maddi və mənəvi dəstəyinə görə öncül sıralarda olmasıyla dünya tanınır və qəbul edilir. Bunlarla yanaşı, o da sirr deyil ki, indi kürd-türk qarşıdurması kimitəsnif edilməyə çalışılan PKK separatizminin durdurulamsı üçün səylər tam arzuolunan nəticəni vermir. PKK-ya dəstək duran bir çox kürd də fitvaya düşdüklərini anlamışdır. ...Ən əsası odur ki, PKKnın əliylə ortada üçüncü qüvvə var və onlar da tək deyillər, ən azı türkü istəməyən qüvvələr bundan məharətlə istifadə etməyə çalışırlar, hətta külli miqdarda malyyə yardımları da edirlər. Bu vəsaitlər terror təşkilatını daha da dayaqlandırmağa xidmət edir, onlar da havadarların əliylə qaçaqmalçılıq işlərini getdikcə genişləndirməyə, ətraflarına daha çox canlı qüvvə yığmağa can atırlar. Lakin bir xalq olaraq sadə kürdlər PKK siyasətinin sonu olmadığını, bu işi qızışdıranların özlərinin onların əsl düşməni olduqlarını anlamağa başlayıblar... amma onlar hələki bu anlamsız savaş alovunun söndürülmsində acizdirlər... Bu qarşıduraların - tam kəsilməsə də - zəiflədilməsində Türkiyə Baş naziri R.T.Ər-doğanın xidmətləri danılmazdır. Onun gördüyü işlərin dəyərini bu gün anlamayanlar da vaxt gələcək anlayacaqlar. İnsanlar onun qədrini bu gündən bilməli, sabah yazılacaq tarixin bugününə biganə qalmamalıdırlar. ...Mən Küveytdə olarkən ara-sıra Türkiyədən, türklərdən misallar çəkirdim. Əslən İranlı olan Hüseyn adl bir tərcüməçim var idi. Bir gün mənə dedi ki: “Sən türklərin adını tez-tez çəkirsən, belə etmə, ərəblər Osmanlı İmperiyası dövründən sonra türkləri sevmirlər.” Doğrusu, bu mənə pis təsir elədi, mən də bir Azərbaycan türkü olduğum üçün sandım ki, bu elə mənim millətimə deyilir. Aradan bir neçə il keçmişdi... Yenə ərəblərlə görüşəsi oldum. Tərcüməçim yenə də Hüseyn bəy idi, bütün danışıqlarımızı o tərcümə edirdi. Mənə nə desə yaxşıdır: “Ta türklərdən geninə-boluna dannışa bilərsən. Ərdoğanın son dövrlər gördüyü işlərdən sonra ərəblərin bu millətə qarşı münasibəti yaxşı yöndə dəyişməyə başlayıb. İndi türkləri çox istəyirlər, onları özlərinə arxa-dayaq hesab edirlər.” Mən çox sevindim. Küveytdən gələn dostum Abu Muhəmməd məndən sünni ya şiə olduğumu soruşdu. Mən dinmədim. Eyni sualı yanımdakı dostum Mübarizə də verdi. O isə sünni olduğunu bildirdi. Ərəb məndən, nə fikirləşdiyimi öyrənmək istədi. Dedim ki, Mübariz mənim dostumdur. Onunla hələ 1987-ci ildə bir institutda oxumuşuq, 10 ildi bir yerdə işləyirik, demək olar, hər gün görüşürük... amma mən onun sünni olduğunu bilmirdim, indi sizə deyəndə öyrəndim. Onu da dedim ki, dinimiz İslam dinidir, bu bölgünü aparmaq doğru deyil. İslamı yaymaq lazımdır, sünni-şiyəliyi yox..! Bu dini istəməyənlər bu ayrıseçkilikdən, yeri gələndə asanlıqla istifadə edirlər. Əlbəttə, sual verilə bilər ki, bəs Türkiyənin özündə də bir sıra qüvvələr Baş nazir Ərdoğanın siyasətinə qarşı çıxırlar. Buna münasibət necədir? – Mən bir türk oğlu türk olaraq bu məsələyə bir neçə misal-fakt gətirməklə münasibət bildirərdim... amma zamanınızı çox almadan bircə misalla yetinəcəm: Bir insanın hüquqları “pozulan” kimi, türkləri istəməyən təşkilatlar, Avropa Şurasından tutmuş ta dünyanın ən mötəbər birlikləri... Ərdoğanı haqsızlıqda suçlayır... amma Misirdə yüzlərcə insanın haqsız yerə edam etdirilməsinə kim səsini çıxardı? Yenə Türk xalqı, yenə Ərdoğan bütün dünyaya səsləndi, Avropaya “siz nə üçün susursunuz?” deyə mesaj göndərdi. Bu yaxınlarda nəşr olunmuş “27 ildən sonra” kitabımda bütün bunlar haqqında geniş bəhs olunub. Oxuculara minnətdaram ki, “27 ildən sonra”ya böyük ilgi göstərərək məni yeni əsərlərə ruhlandırırlar. Aydın sabahlar naminə birlik və dirilik diləyi ilə...

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, Cəlaləddin Qasımov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm