Nazir: "Aktorlar beynəlxalq hüquq prinsiplərinə məhəl qoymur"
Bizi izləyin

Qırmızı.az

Nazir: "Aktorlar beynəlxalq hüquq prinsiplərinə məhəl qoymur"

Azərbaycan müstəqil xarici siyasət həyata keçirərək, hər hansı hərbi alyansa qoşulmamaqla beynəlxalq norma və prinsiplərin qorunub saxlanılması, demokratikləşmənin inkişafı, milli və beynəlxalq səviyyədə insan hüquqlarına hörmət və sosial ədalət üçün davamlı addımlar atır. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 17-ci Nazirlər Görüşündə çıxışı zamanı bildirib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi əhəmiyyət verir.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dövlətlərin ikinci ən böyük qrupu olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması və regional təhlükəsizlikdən başlayaraq sosial və iqtisadi inkişafa qədər çoxsaylı məsələlərin həllində əhəmiyyətli rol oynayır: "Dekolonizasiya hərəkatının müvəffəqiyyəti və qlobal sosial inkişaf gündəliyinin yaranması Qoşulmama Hərəkatının başa çatdırdığı nəzərəçarpan nəaliyyətləri arasındadır".

E.Məmmədyarov bildirib: "Biz, həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi işarələrini müşahidə edirik. Beynəlxalq birliyin bəzi aktorlarının beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq yaradır".

Nazirinin sözlərinə görə, bunun əksi olaraq Qoşulmama Hərəkatı ədalətin və beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi müdafiəçisi qismində çıxış edir: "Ən əsası odur ki, beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir".

E.Məmmədyarovun sözlərinə görə, beynəlxalq nizamın əsas elementlərinə təsir etməkdə davam edən, milli birliyi, ərazi bütövlüyünü və dövlətlərin stabilliyini pozan əsas təhdid və çağırışlara qarşı vahid yanaşmanı təmin etmək və onları həll etmək üçün daha böyük səylər lazımdır: "Beynəlxalq birliyin dövlətlərinin mütləq əksəriyyətini təşkil edən Qoşulmama Hərəkatı beynəlxalq hüququ, BMT Nizamnaməsinin ruhunu və mətnini tam dəstəkləyir. Onun ədaləti təmin etmək üçün əsas missiyası suveren xalqların hüquq və azadlıqlarına açıq-aydın təhdidlər olduğu hallarda xüsusilə əvəzedilməzdir".

Nazir həmçinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Yekun Sənəddə əks olunmuş Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə görə təşəkkürünü bildirib: "BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını birmənalı şəkildə tələb edir. Bu kontekstdə, Qoşulmama Hərəkatına üzv dövlətlərin çağırışı onların Ermənistan tərəfindən həyata keçirilmiş məlum təcavüz aktı, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməsində həmrəyliyin bariz nümunəsidir".

E.Məmmədyarov qeyd edib: "Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul olunacaq yekun sənəd Hərəkatın prinsip və məqsədlərinin gücləndirilməsinə xidmət edəcəkdir. Ümumi məsuliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə naminə Azərbaycan Qoşulmama Hərəkatının işini dəstəkləmək və irəli aparmaq üçün səylərini əsirgəməyəcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm