• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaqların zorakılığa məruz qalması həyəcan doğurur – Hadı Rəcəbli

Uşaqların zorakılığa məruz qalması həyəcan doğurur –  Hadı Rəcəbli

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində bu gün Milli Məclis və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən "Azərbaycanda Uşaq problemləri: Reallıqlar və perspektivlər" adlı ictimai dinləmə və "Uşaq hüquqlarını bilək və qoruyaq" mövzusunda sərgi keçirilib.

Publika.az-ın məlumatına görə, ilk olaraq çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tədbir barədə iştirakçılara geniş məlumat verib.

O bildirib ki, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb: "Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Onu da qeyd etmək lazımdır ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasına ilk qoşulan ölkə məhz Azərbaycan olub. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olanların təxminən 95 faizi təhsil alır".

H.Rəcəbli həmçinin qeyd edib ki, bu günə qədər Azərbaycanda uşaq hüquqları ilə bağlı 45 fərman və sərəncam, 22 qanun layihəsi qəbul olunub.

Uşaqlar arasında xəstəliklərin əsas səbəblərindən birinin onların erkən yaşlardan işə cəlb edilməsi olduğunu deyən komitə sədrinin sözlərinə görə, Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir: "Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində lazımi tədbirlər görülür. Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Ona görə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri daha da gücləndirmək lazımdır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR