Gözümün qarşısında qardaşımın boğazını kəsdi
Bizi izləyin

Qırmızı.az

Gözümün qarşısında qardaşımın boğazını kəsdi

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Qalib Fəttayev bacısından boşanmaq istəyən yeznəsi, 36 yaşlı Sahib İsmayılovu bıçaqlayaraq öldürüb. Publika.az-ın araşdırmasına görə, hadisə 21 may 2012-ci ildə, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində baş verib.

Qalib Fəttayevin bacısı Mirzəhra Fəttayevanı əri Sahib İsmayılov döyüb. Buna görə də Mirzəhra əri barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə şikayət verib. Qalib bacısını döyən yeznəsindən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Qalib mayın 21-də, saat 10.00-da özünə məxsus ov bıçağını götürərək bacısının yaşadığı ünvana gəlib. Evin qarşısında yeznəsini "Mercedes-Benz" markalı avtomobilini təmizləyən görüb. O, Sahib İsmayılova yaxınlaşaraq onunla əlbəyaxa olub. Həmin vaxt Sahib qaynına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Qalib özündə olan bıçaqla yeznəsini vurmaq istəyib. Həmin vaxt Qalibin qardaşı Teymur onları ayırmağa çalışıb. Bu zaman Sahib İsmayılov ona və ailə üzvlərinə qarşı nalayiq söyüşlər söyüb. Bundan əsəbiləşən Qalib Sahib İsmayılovun boyun nahiyəsindən iki zərbə vurub. Sahib İsmayılov qan itirmədən dünyasını dəyişib.

"Bacımı əri incidib, təhqir edib"

Qalib Fəttayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Qalib Fəttayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ilin mart ayında bacısı Mirzəhra Fəttayeva mərhum Sahib İsmayılovla ailə həyatı qurub və yaşadıqları binanın eyni blokunun 2-ci mərtəbəsində yerləşən ismayılovlara məxsus mənzilə gəlin köçüb: "Ailələrimiz arasında münasibətlər ilk vaxtlar qonşu, bacım onlara gəlin köçdükdən sonra isə qohum kimi normal olub. Bir müddət sonra isə bacım Mirzəhra əri Sahibin onu incitdiyini, səbəbsiz yerə təhqir edərək döydüyünü bildirib. Bacım hadisədən bir gün əvvəl əri tərəfindən yenidən döyüldüyü üçün ata evinə qayıdıb".

"Yeznəm ailə işlərinə qarışmamamı məsləhət gördü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mirzəhra Fəttayeva ərinin ona qarşı qanunazidd hərəkətlərindən polisə şikayət ərizəsi verib: "Bacımdan aldığı xəsarətlər barəsində məhkəmə-tibb ekspertizası təyin etmək üçün şəxsiyyət vəsiqəsi tələb ediblər. Bacım isə şəxsiyyət vəsiqəsi ərinin evində olduğu üçün təqdim edə bilməyib. Mayın 21-də bacım şəxsiyyət vəsiqəsini gptürmək üçün əri Sahibin yanına gedib. Bacım geri qayıtdıqda Sahib İsmayılovun ailə üzvlərinin ona şəxsiyyət vəsiqəsini vermədiklərini deyib. Bu məsələni aydınlaşdırmaq üçün Sahib İsmayılovun mənzilinə getdim. Aşağı düşən zaman əvvəlcə Sahibin mənzilinin qapısını döydüm. Qapını açan olmadıqda isə həyətə düşdüm. Həyətdə Sahib İsmayılovun öz maşınını yuduğunu gördüm. Ona yaxınlaşaraq bacımın şəxsiyyət vəsiqəsini niyə vermədiklərini soruşdum. Yeznəm ailə işlərinə qarışmamamı məsləhət gördü".

"Ailə üzvlərimin ünvanına nalayiq söyüşlər işlətdiyi üçün özümü saxlaya bilmədim"

Qalib Fəttayev deyib ki, bu vaxt Sahib İsmayılovun bacısı Səadət İsmayılova söyüş söyə-söyə aşağı düşüb və onunla mübahisə etməyə başlayıb: "Sahibdən bacısının söyüş söyməməsini tələb etdim. Sahib sözümə əhəmiyyət vermədi, özü də ünvanıma söyüş söydü. Buna görə də mübahisə edərək tutaşdıq. Anam Xədicə və qardaşım Teymur yaşadığımız binanın qarşısında yerləşən mağazadan səs-küyü eşitdilər. Onlar hadisə yerinə gəldilər. Sahib İsmayılov ailə üzvlərimin ünvanına nalayiq söyüşlər işlətdiyi üçün özümü saxlaya bilmədim. Üstümdə olan bıçağı çıxardaraq onu vurmaq istədim. Lakin qardaşım buna imkan vermədi. Qardaşımın mənə mane olarkən Sahib İsmayılov oradan qaçmağa fürsət tapdı. Sahib İsmayılov məndən uzaqlaşandan sonra da söyüşlərini davam etdirdi. Buna görə də qardaşımın əlindən çıxaraq Sahibin arxasınca qaçdım. Ona çataraq iki dəfə bıçaqla vurdum. Daha sonra üst-başımı təmizləmək üçün xalça-palaz yuyulan yerə getdim. Sonra Sahib İsmayılovun ağacın yanında uzandığını və Səadət İsmayılovanın qaçaraq onun yanına gəldiyini gördüm".

"Polis orqanları tərəfindən yoxlamalar keçirilib"

Sahib İsmayılovun atası Mulnyar İsmayılov deyib ki, müxtəlif səbəblərdən aramızda qeyri-normal münasibətlər yaranıb. Məişət mübahisələri ilə nəticələnən bu hadisələrlə əlaqədar polis orqanları tərəfindən yoxlamalar keçirilib. Hadisə baş verən zaman nə özüm, nə də arvadım hadisə yerində olmuşuq. Oğlum Sahib İsmayılovun öldürülməsi barədə məlumatı qızım Səadətdən almışam. Bildiyimə görə hadisə zamanı orada Qalib Fəttayevin atası, anası, qardaşı olub, qızım Səadət İsmayılova isə hadisənin şahidi olub".

"Qalib Fəttayev isə qardaşımı öldürəcəyi ilə hədələyib"

Səadət İsmayılova deyib ki, az müddət evli olmalarına baxmayaraq, qardaşım Sahiblə onun arvadı Mirzəhra Fəttayeva arasında məişət mübahisələri yaranıb. Bu mübahisələr zamanı Mirzəhranın valideynləri və qardaşları ailələrinə qarşı ziddiyyətdə olublar. Mayın 21-də, saat 10.00-da qardaşım həyətə düşdü və öz maşınını yuyurdu. Bir qədər sonra mənzilin qapısı döyüldu. Gözlükdən baxarkən qapını döyən şəxsin Qalib Fəttayevin olmasını gördüm. Qalib Fəttayev qapının açılmasını gözləmədən söyüş söyə-söyə pilləkənlərlə aşağı düşdü. Pəncərədən qardaşımın binanın giriş qapısına tərəf gəldiyini gördüm. Onun Qalib Fəttayevlə yenə dalaşacaqlarını düşünərək uşağımı götürərək həyətə düşdüm. Həyətə düşən zaman qardaşımın qaynı ilə əlbəyaxa olduğunu və Qalibin qardaşı Teymurun və anası Xədicənin də orada olduqlarını gördüm. Həmin vaxt Xədicə Fəttayeva oğlu Teymur Fəttayevi tutaraq saxlayıb. Qalib Fəttayev isə qardaşımı öldürəcəyi ilə hədələyib. Qardaşımın qarşısına keçərək Qalibə onu öldürmək istəyirsə, əvvəlcə məni öldürməsini bildirdim".

"Qalib Fəttayevin "səni onsuz öldürəcəm" deyib qardaşımı söyərək qovduğunu gördüm"

Səadət İsmayılovanın sözlərinə görə, mübahisənin daha da kəskinləşəcəyindən ehtiyat edib valideynlərinə, polis bölməsinə telefonla zəng vurmaq üçün mənzillərinə qalxıb: "Lakin pilləkənlərdə telefonun Sahibin maşınında olduğunu xatırladım və geri qayıtdım. Həyətə düşən zaman Qalib Fəttayevin əlində bıçaq qardaşımın arxasınca "səni onsuz öldürəcəm" deyib onu söyərək qovduğunu gördüm. Qardaşım sağ əli ilə boynunun sağ tərəfini tutaraq qan içində üzü yaşadığımız binaya doğru qaçdı. Qardaşımı qan içində görəndə onu xilas etmək və Qalib Fəttayevin ona növbəti bıçaq zərbəsi endirməsinə mane olmaq üçün onlara tərəf qaçdım. Qışqırıb ağlayaraq "vurma, öldürmə, evimizin çırağını söndürmə, gəl məni öldür, ondan əl çək!" deyərək qardaşına tərəf qaçdım. Qalib Fəttayev isə mənə əhəmiyyət verməyib təqibini davam etdirdi. Artıq Qalib Fəttayev qardaşıma arxadan çataraq əlindəki bıçaqla onun boyun nahiyəsinin sol tərəfindən zərbə endirdi. Gözümün qarşısında qardaşımın boğazını kəsdi. Qardaşının ölüm qabağı çəkdiyi əzab və iztirab mənə çox pis təsir edib. Qısa müddətdə qardaşım halsız vəziyyətə düşdü. Qışqırıb haray salaraq köməyə adam çağırdım. Qardaşımı xəstəxanaya aparmağı xahiş etsəm də, Qalib Fəttayev kənarda dayanaraq Sahibə biganə baxıb, ona kömək etməyib. Bu vaxt qonşumuz Yazgül Sultanovanın köynəyini çıxarıb Sahibin boğazına doladım. Onu xəstəxanaya çatdıranadək qanaxmanın qarşısını almağa çalışdım. Qardaşım 1-2 dəqiqədən sonra gözlərimin qarşısında öldü".

Məhkəmənin hökmü ilə Qalib Fəttayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qalib Fəttayev apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Hökmdən zərərçəkmiş tərəf də narazı qalıb. Mulnyar İsmayılov a apellyasiya şikayətində Qalib Fəttayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilməsini və ona ən ağır cəzanın təyin olunmasını tələb edib. Baş Prokuroluq da apellyasiya protesti verərək Qalib Fəttayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ləğv edilib və Qalib Fəttayevin barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Qalib Fəttayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm