Adil Əliyev: "Masaya bahalı içki və siqar qoymaq imkanım yoxdur"
Bizi izləyin

Qırmızı.az

Adil Əliyev: "Masaya bahalı içki və siqar qoymaq imkanım yoxdur"

"Bu gün sən döyərsən, sabah da səni döyərlər"

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin Publika.az-a müsahibəsi:

Gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə namizədliyinizi irəli sürəcəksiniz?

– Hələ ki gələnilki seçkilər barəsində düşünməmişəm. Seçkilərə gedib-getməmək barədə hələ qərar verməmişəm. Bu barədə indi dəqiq cavab deyə bilmərəm.

Ötən həftə Bakıda keçmiş təhsil naziri, professor Firudin Cəlilovun müəllifi olduğu və 9 cilddən ibarət olan "Doqquz Bitik" adlı kitabın təqdimat mərasimi olub. Sizin və Müsavat başqanı İsa Qəmbərin də iştirak etdiyi həmin mərasimdə qalmaqal yaşanıb. Bu barədə nə deyərdiniz?

– Bəli, həmin tədbirdə mən də iştirak edirdim. Tədbir Azərbaycanın bir sıra tarixçi alim və araşdırmaçılarının iştirakı ilə təşkil olunmuşdu. Həmin kitab Firudin müəllimin 30-35 illik zəhmətinin bəhrəsi idi. Əslində, bu tədbirdə qalmaqal olmadı. Sadəcə olaraq, 2 nəfər istədi ki, tədbirdə siyasi şou xarakterli çıxışlar etsin. Bunlar da İsa Qəmbər və Əjdər Tağızadə idi. Mikrofon qısa müddət işləmədi və bu adamlar dərhal çıxışlar etdilər ki, guya, bunlara qarşı təxribat yaradılır və sairə. Ancaq onlardan əvvəlki çıxışlarda da mikrofon işləməmişdi. Sonra onlar çıxışlarında dedilər ki, guya, iqtidarın pulu var, ancaq bu cür kitablar nəşr olunmur və sairə.

Əjdər Tağızadə də çıxışında söylədi ki, bütün Azərbaycan ziyalıları bu zalda əyləşib və sairə. Bu da mənim xoşuma gəlmədi. Necə yəni, bütün Azərbaycan ziyalıları bu zalda əyləşib? Məgər Azərbaycan ziyalıları bu balaca zaldan ibarətdir? Yəni bu gün kifayət qədər Azərbaycan ziyalısı var. Azərbaycan ziyalılarını bu qədər aşağılamaq olmaz.

Təbii ki, bütün bu çıxışlar mənim xoşuma gəlmədi və mən də söz alıb İsa Qəmbərə və Əjdər Tağızadəyə fikrimi söylədim. Qalmaqal da ancaq bundan ibarət idi.

Bir ziyalı kimi İsa Qəmbərin həmin tədbirdə iştirakına necə baxırsınız?

–Ümumiyyətlə, mən müsahibəmi İsa Qəmbərin üzərində qurmaq istəmirəm. Ona çox önəm vermək istəmirəm. Tarixdə çox dahi şəxsiyyətlərimiz olub və bu gün də var.

Misal üçün, Yeni Azərbaycan Partiyasını (YAP) Heydər Əliyev deyil, başqa bir adam yaratsaydı, bu partiya bir o qədər də güclü ola bilməzdi. Ancaq Yeni Azərbaycan Partiyasının başında Heydər Əliyevin dayanması, bu partiyanın bugünkü mövcudluğunu və inkişafını təmin etdi. Müsavat partiyası zamanında, yəni 1917-1918-ci illərdə güclü partiya olub və bunun da əsas səbəbi onun başında Məhəmməd Əmin Rəsulzadənin dayanması olub. Bu partiya Məhəmməd Əmin Rəsulzadənin vaxtında tanınıb. Ancaq bu gün İsa Qəmbərin Müsavat partiyasının başında dayanması bu partiyanın adına ciddi xələl gətirir. Ona görə də mən İsa Qəmbərlə bağlı çox danışmaq istəmirəm. Əgər İsa Qəmbərin imici və Azərbaycan xalqı üzərində zəhməti olsaydı, o zaman ona əhəmiyyət verərdim. Ümumiyyətlə, mən bu adamın həmin tədbirdə iştirakını düzgün saymıram. Mən bilsəydim ki, həmin kitab təqdimatında İsa Qəmbər iştirak edəcək, mən o tədbirə qatılmazdım.

Vaxtilə İsa Qəmbər seçkilərdə sizə uduzmuşdu və sizi təbrik edənlər arasında müxalifətçilər də var idi. Bəs indi necə, münasibətiniz olduğu müxalifətçi şəxslər var?

– Bilirsiniz, 2005-ci il artıq tarixdə qalıb. O, bir tarix idi, yaşandı. O, mənim həyatımda dönüş yaradan bir il, hadisə idi. Mən o seçkilərə bütün varlığımla qoşuldum. Yəni o zaman mən yaxşı dərk edirdim ki, bu seçkilərə müəyyən mənada tanınmış və arxasınca kifayət qədər qüvvə apara biləcək şəxslər gedir. Mən o seçkilərə bitərəf kimi qoşuldum və bütün imkanlarımdan istifadə edib o seçkini uddum. Həmin ərəfədə də heç bir söz-söhbət olmadı, heç kəsin səsi çıxmadı. Mən çox arxayın idim ki, məntəqə və ya dairə üzvləri heç bir müdaxilə edə bilməyəcək. Çünki Müsavat partiyası və AXCP nümayəndələri seçki qutusunun yanında oturmuşdu və bütün xarici müşahidəçiləri də ora cəlb etmişdi. Seçkilərə heç bir müdaxilənin olmayacağına Müsavat və AXCP özü də tam əmin idi. Bu isə mənim üçün müsbət idi. Çünki mən də özümə və seçicilərimə əmin idim ki, mənə səs verəcəklər. Həmin seçkilər günü AXCP və Müsavat nümayəndələri seçki qutusunun yanında sonadək oturdu. Hətta, bu partiyaların bəzi vicdanlı üzvləri sonadək oturandan sonra protokolu imzaladılar və qalib gəldiyim üçün məni təbrik etdilər. Mənimlə əl sıxıb görüşdülər. Vicdanlı AXCP və Müsavat üzvlərinin bəzilərini bu gün də görürəm. Ancaq AXCP və Müsavat partiyasının bəzi müşahidəçiləri isə uduzmalarını görüb məntəqədən qaçdılar. O vaxtı mən bu cür hadisələrin də şahidi olmuşam.

Seçkinin üzərindən 5 il keçəndən sonra isə başladılar mənim ünvanıma böhtanlar yağdırmağa və sairə. Təbii ki, mən bütün bunları tam qərəzli və cəfəngiyat sayıram. Necə olur axı? Əgər seçkilər saxta idisə, vaxtında səs çıxaraydınız. Yəni mənə qarşı onlar bu cür qərəzli mövqe də nümayiş etdirib.

Sizi türkçü hesab etmək olar?

– Biz bu gün Azərbaycan dövlətinin vətəndaşlarıyıq və azərbaycanlıyıq. Ancaq biz türk dilində danışırıq. Bizim torpaqlarımız türk torpaqlarıdır. Yəni mənim doğulduğum torpaq türk torpaqları olub. İrəvan xanlığı, Naxçıvan, İğdır və digər bu torpaqlar bizim bir dildə danışdığımız ərazilər olub. Mən də bu torpaqlarda doğulmuşam. Doğulduğum torpaqda bizə türk deyildiyi üçün hər zaman incidilmişik. Mən özümü türk sayıram. Başqa da kim saymalıyam? Məgər özünü türk saymaq ayıb və günahdır? Mən türk olduğumu heç zaman gizlədə bilmərəm.

Uzun müddət hərbi və polis sistemində zabit olmusunuz. Azərbaycan ordusunun bugünkü vəziyyəti sizi qane edir?

– Azərbaycan ordusunda həyata keçirilən son islahatlar bir daha sübut etdi ki, Silahlı Qüvvələrimiz regionun ən güclüsüdür. Azərbaycan dövləti bu gün öz ordusu ilə fəxr edə bilər. Regionda heç bir dövlət Azərbaycan qədər ordusuna maliyyə yardımı ayırmır.

Bundan əlavə, bu gün insanlarımızda da vətənpərvərlik hissləri yüksəlir. Mən çox dəstəkləyirəm ki, uşaqlarımız vətənpərvərlik ruhunda böyüsün. Övladlarımız hərbi xidmətə gedib öz borclarını yerinə yetirəndən sonra geri qayıtmaqla iş bitməməlidir. Biz hər an səfərbərlik əmrini eşidə bilərik. Ona görə də hər an səfərbərliyə hazır olmalıyıq.

Bu yaxınlarda bir nəfər tanıdığım insan söhbət əsnasında mənə dedi ki, mən Azərbaycan vətəndaşı deyiləm və müharibə başlayan kimi ölkədən çıxıb gedəcəm. Onun bu sözü mənə çox pis təsir etdi. Ona cavabımda dedim ki, sən normal azərbaycanlı deyilsən. Dedim ki, torpaq ana deməkdir. Sən ananını qoyub neçə qaça bilərsən? Axır damla qanına kimi vuruşmayan azərbaycanlı türk ola bilməz. Dedim ki, sən rus xarakterli adama çevrilmisən.

Yəni bu gün Azərbaycanda vətənpərvərlik ruhunun yüksəldilməsi üçün hər kəs çalışmalıdır. Cənab Prezidentin Azərbaycan idman federasiyaları qarşısında qoyduğu əsas tapşırıqlardan biri də ölkədə kütləviliyi təmin etməklə bağlıdır. Yəni kütləvilik ona görə təmin olunmalıdır ki, insanlarımız, övladlarımız sağlam ruhda böyüsünlər, küçələrdən yığışsınlar, avara olmasınlar. Hər bir federasiyanın yüzlərlə üzvü var. Bu yüzlərlə üzvün hər biri beynəlxalq idman yarışlarında iştirak edə bilməz ki. Ancaq ən azından o insanlar sağlam olurlar, vuruşmaqdan qorxmurlar və sabah da rəqibin gözünə açıq baxmağı bacaracaqlar. Ona görə Cənab Prezident məqsədli şəkildə kütləviliyi təmin etmək tapşırığı qoyub ki, çalışın idman zalları boş qalmasın, küçələrdə, çayxanalarda olan uşaqları ora cəlb edin və sairə. Ən azından bu uşaqlar valideynləri üçün sağlam böyüyəcək, gələcəkləri olacaq və sairə.

Bu gün biz də Kikboksinq Federasiyası kimi çalışırıq ki, əlimizdən gələni edək, kütləviliyi təmin edək. Çünki bizim idman növümüz əsl vuruşan idman növüdür. Rinqə çıxan hər bir insan vuruşmaqdan qorxmur.

Ona görə də hesab edirəm ki, bu gün biz ordumuzun indiki səviyyəsini qorumalıyıq və daha da gücləndirməliyik. Ordudan tərxis olunan insanlar arasında da təbliğatımızı davam etdirməliyik. Ölüm haqdır. Əgər mən öləcəmsə, qoy torpaqlarımız uğrunda gedən müharibədə ölüm. Mən bunu hər zaman demişəm və bundan sonra da deyəcəm. Müharibə başlayan kimi ən ön sırada döyüşə getməyə hazıram. Mən bunu fiziki və psixoloji baxımdan da hazıram. Müharibəyə deputat kimi getmərəm, əsgər kimi gedərəm. Mən hərbçiyəm, zabitəm, orta məktəbi də hərbiçi kimi bitirmişəm. Ona görə də döyüşməyə hər an hazıram.

Azərbaycan Kikboksinq Federasiyasında işlər necə gedir?

– Kikboksinq Federasiyası illik plan əsasında işini görür. Federasiya bu gün qeyri-olimpiya idman növləri arasında sayılıb-seçilən idman növlərindədir. Gənclər və İdman Nazirliyinin bütün tədbirlərində iştirak edir, kütləviliyimiz, klublarımız və yaxşı idmançılarımız var. Azərbaycanı təbliğ edən yaxşı idmançılar yetişdirmişik. Bu idmançılar bu gün də Azərbaycanı yüksək səviyyədə təbliğ edirlər.

Eyni zamanda müəyyən çətinliyimiz də var. Bu gün idmançı yetişdirmək və saxlamaq elə də asan iş deyil. Əsas odur ki, bu var və çalışırıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək.

Fevralın 23-də millət vəkili Elton Məmmədovun oğlu Elnur Məmmədov tərəfindən “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları” təşkil olunmuşdu. Bununla bağlı qarşı tərəfə xəbərdarlıq etdiniz. Deyəsən, xəbərdarlığınızın müsbət nəticəsi oldu?

–Hələ ki bilmirəm onlar nə dərəcədə bu işi dayandırıblar. Ancaq burada söhbət ondan gedir ki, Azərbaycan Kikboksinq Federasiyası rəsmi olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, Gənclər və İdman Nazirliyi tərəfindən isə tanınır. Yəni, Kikboksinq Federasiyası Azərbaycanda bu idman növünü təmsil edən yeganə təşkilatdır. Bura müxtəlif versiyalar da daxildir. Kikboksinq bunun adıdır, ancaq bu idman növü həvəskar və peşəkar versiyalara bölünüb. Onun da öz versiyaları mövcuddur.

“K-1” də son 5-10 ildə federasiyaya daxil edilib. “K-1” artıq ölmüş təşkilatdır. Çünki bunun yaradıcıları bankrot olublar. “K-1” idman federasiyası deyil, özəl şirkətdir. Yəni, “K-1”in açıqlaması Kikboksinq-1 deməkdir. Burada kikboksçular arasında idmançıların seçimi gedir. “K-1” özəl şirkətdir. Sabah istənilən adam da gedib misal üçün “V-1”, “V-3” adında şirkət aça bilər. Əgər pulun varsa, gedib hər hansı şirkət açıb, kikboksçu idmançılarla da danışıb 100 min mükafat fondu təşkil edib idman yarışı keçirə, şou təşkil edə və pul qazana bilərsən. Yəni bu, özəl şirkətdir və pul qazanmaq üçün bu cür yarışlar təşkil edir.

İndi “K-1” təşkilatı ölüb gedib. Bunlar yarış keçirəndən sonra dirilməyə başladı. İndi dünyada “Superkombat” yaranıb və “K-1”i də ötüb keçib. Bu da özəldir və kikboksçular arasından seçib yarışlar keçirir. O zaman sabah da “Superkombat”in nümayəndəsi gəlib deyəcək ki, mən də Azərbaycanda federasiya açıram. Bəs onda nə oldu? Belə şey olar? Gündə biri gəlib federasiya açacaq?

Həmin “K-1” də bankrot olmuş təşkilat idi və pullu adam axtarırdı ki, bunu qaldırsın. Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan, əslində bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi. Lakin bu yarışı keçirən şəxslər Gənclər və İdman Nazirliyinə müraciət ediblər, nazirlik isə onlara bildirib ki, gedin Azərbaycan Kikboksinq Federasiyasından icazə alın. Lakin “K-1”i Bakıya gətirən adamlar bizi saymadılar və yarışı keçirdilər. Mən də bunlara öz etirazımı açıq formada bildirdim.

Bu cür yarışları sizdən xəbərsiz keçirməklə bağlı hər hansı cəza mexanizmi var?

– Bəli, bunun cəza mexanizmi də var. Bu gün bizim məhkəmə sistemimiz var. Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu məhkəmə predmetinə çevriləcək. Mənim Gənclər və İdman Nazirliyi ilə də danışığım olub. Odur ki, Gənclər və İdman Nazirliyi bunlara ikinci dəfə belə yarış keçirməyə icazə verməyəcək.

“K-1” mənə neçə illərdir deyir, gəl müqavilə bağlayaq və Bakıda yarış keçirək. Ancaq mən onlarla bu razılığa getməmişəm. Əvvəla, mənim elə imkanım da yoxdur ki, “K-1” yarışını keçirim. Yarışın səviyyəsi, o yarışda verilən bahalı viski və siqarın səviyyəsi ilə ölçülmür. Yarışın səviyyəsi idmançıların səviyyəsidir. Yarışın adını və imicini idmançılar qaldırır. Yoxsa ki, mən yarışda konsert təşkil edim, bahalı içkilər və siqarlar qoydurum, sonra da deyim ki, mən yüksək səviyyədə yarış keçirə bilirəm. Həmin yarışı keçirənlərin səviyyəsi də göz qabağındadır. O yarışı keçirən idmançı indi tutulub. Halbuki, həmin idmançını vaxtilə biz qovmuşuq.

İndi onlar bu yarışı təkrar keçirmək üçün bizdən razılıq almalıdırlar. Əks halda, bu mümkün deyil. Mən inanmıram ki, daha bizim razılığımız olmadan yarış keçirilsin.

Həmin idmançı indi həbsdədir. Onu vaxtilə siz qovmusunuz?

– Yox, burada qovmaqdan söhbət getmir. Həmin idmançı o yarışı təşkil edənlərin köməyi ilə Vyanada ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Azərbaycan Avropaya qarşı” adlı yarışda təmsil olunmuşdu. Həmin yarışa 10 nəfər ən təcrübəli seçilmiş idmançı getməli idi. Mən Vyanaya həmin idmançını aparmaq istəmirdim. Çünki həmin idmançının səviyyəsi o yarış üçün deyildi, onun elə də böyük hazırlığı yox idi və respublika çempionatında iştirak edə bilmirdi. Əgər bir idmançı ölkə çempionatında uduzursa, o, hansı dünya və ya Avropa çempionatlarında iştirak edə bilər? Ona görə də mən istəmirdim ki, getsin. Ancaq bu adamlar mənə təkid etdilər ki, biz maliyyə veririk, ona görə də bu adam da getməlidir. Hətta bu məsələyə səfirliyi də cəlb etdilər və hay-küy qopdu. Bundan sonra da mən razı oldum. Ancaq əvvəlcədən də bilirdim ki, bu adamın hazırlıq səviyyəsi zəif olduğu üçün uduzacaq. Elə də oldu. Vyanada təşkil olunan yarışda elə birinci raundda təslim oldu. Nəfəsi çıxmırdı, zədə almışdı. O yarış hər hansı şou xarakterli yarış və yaxud da jurnalisti döymək deyildi. O, ciddi yarış idi və idmançı vuruşmalıdır. Bunun üçün yüksək hazırlıq tələb olunur. O idmançı isə zəif hazırlıqlı olduğu üçün elə ilk raundda uduzdu.

Sonra da həmin o idmançının iştirakı ilə Bakıda “K-1”in yarışını keçirdilər. Allah canlarını sağ etsin, ancaq mənim elə imkanım yoxdur ki, Bakıda o qədər pul xərcləyib yarış keçirim. Mən federasiya prezidenti kimi elə imkanlara malik deyiləm ki, bahalı siqarlı və viskili yarışlar təşkil edim və bahalı adamlar dəvət edim.

Biz də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirdiyimiz yarışlara dünya ulduzlarını dəvət etmişdik. Ancaq onlar təmənnasız gəlmişdilər, daha 50-100 min pul istəyib gəlməmişdi. Çünki bizim o qədər pulumuz da yoxdur. Sağ olsunlar, dünya ulduzları dəvətimizi yerə salmadılar, gəldilər. Hamısı da təmənnasız gəldi. Hətta xaricdən tanış jurnalistlər də dəvət etmişdik, gedəndən sonra da öz ölkələrinin mətbuatında Azərbaycanla bağlı məlumatlar verdilər. Yəni biz Azərbaycanın təbliğatı ilə belə məşğul oluruq. Bizim də o qədər pulumuz olsaydı, ən əlçatmaz adamları belə dəvət edə bilərik. Hamısı ilə də yaxşı əlaqələrimiz və dostluq münasibətlərimiz var. Hətta başqası üçün 200 minə gələn dünya ulduzlarını biz 50-60 minə də gətirə bilərik. Çünki bizim onlarla münasibətimiz səmimidir.

Həmin “K-1” yarışında da bir nəfər bizim federasiyanın idmançısı yox idi. Heyif o pullardan. Mən olsaydım, o pulları kasıb idmançılara verərdim. Nəyimə lazım idi ki, xaricdən bahalı idmançılar gətirim.

Adil müəllim, yəqin ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi məsələsindən sizin də xəbəriniz var?

– Bilirsiniz, Azərbaycan Kikboksinq Federasiyasının bir qurum kimi strukturu və təşkilatçılığı var. Federasiyanın İdarə heyəti, prezidenti, Baş katibi və sairə var. Bəs klubun kimi var? Klubun ancaq pulu var. Bizdə hər hansı hadisə və ya idmançının səhv hərəkəti olan kimi dərhal onun qarşısını alırıq. Ancaq hər hansı klubun nə işlə məşğul olduğunu bilə bilmərik. Azərbaycan bu gün sabit ölkədir. Bu qədər sabitlikdən, əmin-amanlıqdan və inkişafdan sonra bu cür hərəkətləri ancaq düşmənçilik mövqeyində olan insanlar edə bilər. Bu cür hallara da gedə bilmərik. Biz idmançıyıqsa, o zaman bu o demək deyil ki, hamıya gücümüzü göstərməliyik. Bizim elə yaşımız da deyil ki, durub bu cür məsələlərə reaksiya verək. Jurnalist nə isə yazıbsa, deməli, nə isə var ki, yazıb. Məndən də gündə bir şey yazırlar. Bu, həqiqət də ola bilər. Ancaq bu məsələ araşdırılsa, daha yaxşı olar. Biz dava ilə heç nə əldə edə bilmərik.

O ki qaldı Azərbaycanda jurnalistin döyülməsinə, buna Cənab Prezident də pis baxır, hər kəs pis baxır. Jurnalist nə üçün döyülməlidir? Ola bilər ki, hər hansı reket jurnalist hansısa pis hərəkətinə görə nə isə hadisə ilə üzləşə bilər. Ancaq nəzərə alaq ki, son 10 ildə jurnalistikamız da çox inkişaf edib. Artıq jurnalistlər də yaxşı başa düşür ki, kimisə heç nədən təhqir və ya tənqid etmək olmaz. Ölkədə Mətbuat Şurası var. Jurnalistlərə də hörmətlə yanaşılmalıdır. Mən əminəm ki, o jurnalistlər də ədalətsiz addım atmaz. Çünki onlar də yaxşı anlayırlar ki, indi əvvəlki vəziyyət deyil. Bu baxımdan da, jurnalistin döyülməsini qətiyyətlə pisləyirəm və bu cür addım atan adamları qınayıram. O cür adamlara da tövsiyəm odur ki, özlərini döyülən jurnalistin yerinə qoysunlar. Yəni, dəvədən də böyük fil var. Heç vaxt deyə bilməzsən ki, məndən güclü heç kim yoxdur. Bu gün sən döyərsən, sabah da səni döyərlər. Allah göydən baxır. Allahla hərəkət etmək lazımdır. İnsanları incitmək olmaz.

İnsanlar qudurmamalıdır. Cənab Prezident də nə qədər insanlara öz əməlləri ilə göstərdi ki, bəzi adamlar qudurmasın, haramzadəlik etməsin. Cənab Prezident öz ad gününü səngərdə keçirdiyi təqdirdə, bəzi məmurlar öz ad günlərini xaricdən dəvət etdikləri müğənnilərlə bahalı restoranlarda keçirirsə, demək, bu da onlara siqnal idi. Yəni ağıllı olmalısan, hər kəs kimin nəyinin olub-olmamasını yaxşı bilir. Sağlığına qismət, ancaq insanları nə üçün qıcıqlandırmalısan? İnsanların hissiyyatı ilə oynamağa sənə kim ixtiyar verib? Sənin oğlun bahalı maşın sürürsə, qoy sürsün. Amma insan kimi sürsün. Daha gedib başqasını bədbəxt etməsin.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm